foto.jpgAzərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Gürcüstanın paytaxtı Tbilisi şəhərində ATƏT-in Media Azadlığı Ofisinin təşkilatçılığı ilə «Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliklərinin möhkəmləndirilməsi» mövzusunda keçirilmiş XVI Cənubi Qafqaz media konfransında iştirak edib.

Araz.az xəbər verir ki, MŞ sədri tədbirdəki çıxışında media sahəsindəki hüquqi-normativ bazanın söz azadlığı və plüralimin təminatındakı roluna toxunub. O, mövcud xüsusda cəmiyyətin informasiya təminatındakı meyllərə, qanunlarda və digər dövlət sənədlərində jurnalist mənbələrinin qorunması və konfidensiallıq, medianın kənar təsirlərdən müdafiəsi, onun obyektivliyi məsələləri ilə əlaqədar əksini tapmış müddəalara, KİV-lərin müstəqilliklərinin qorunmasına yönələn tədbirlərə diqqət çəkib.

Ə.Amaşov onlayn medianın cəmiyyətə təsir imkanlarından söz açaraq bildirib ki, bu istiqamətdə əsaslı tənzimləmələrin aparılması yeni hüquqi yanaşmaları aktuallaşdırmaqdadır.

Şura sədri ölkəmizdə diffamasiyanın dekriminallaşdırılmasına yönələn təşəbbüslərə də diqqət çəkib, ölkə parlamentində, habelə ictimai təşkilatlarda məsələ ilə əlaqədar aparılan müzakirələrin mahiyyətini vurğulayıb, diffamasiya ilə bağlı qanunun qəbul olunacağına inamını ifadə edib.

Medianın özünütənzimləmə strukturlarının fəaliyyətinin vacibliyindən danışan Ə.Amaşov rəhbərlik etdiyi qurumun şikayətləri araşdırmasındakı təcrübəsini bölüşüb. Şuranın reallaşdırdığı tədbirlərə dair statistik göstəriciləri açıqlayıb. MŞ sədri xüsusən internet medianın tənzimlənməsi ilə bağlı çətinliklərin mahiyyəti üzərində dayanaraq məsələyə söz və ifadə azadlığı prizmasından obyektiv yanaşılması üçün hüquqi tənzimləmələrin aparılmasının zəruriliyini əsaslandırıb.

Araz.az

araz.az xəbər portalı.