Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun konfrans zalında Beynəlxalq Diaspor Mərkəzi “Ermənistanın təcavüzü nəticəsində Qərbi azərbaycanlıların deportasiyasının dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyətinin rolu” adlı önəmli tədbir keçirib. Bu barədə BDM-in Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda deyilir ki, tədbir Dövlət Himni ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev öncə iştirakçıları və qonaqları səmimi salamlayaraq, təşkil etdikləri bu tədbirin əhəmiyyətindən danışıb. Sonra onun dəvəti ilə, BDM tərəfindən Qərbi Azərbaycanla bağlı hazırlanan maraqlı qısametrajlı filmə baxış keçirilib.
Xəbərdə bildirilir ki, bundan sonra İsmayıl Ağayev çıxışını davam etdirib və tədbirin keçirilməsinin əsas məqsədi ilə bağlı danışıb. Xüsusi olaraq onu vurğulayıb ki, Ermənistanın illərlə davam edən təcavüzkar siyasəti nəticəsində, dədə-baba torpaqlarından, tarixi yurd yerlərindən qovulan bütün soydaşlarımızın haqq səslərinin beynəlxalq arenada eşidilməsini tam olaraq təmin etmək üçün, bundan sonra da, hər vasitəyə əl atılmalıdır:
“Bilmək lazımdır ki, bu önəmli missiyanın uğurlu sonluğa çatdırılması üçün, vətəndaş cəmiyyətinin rolu böyükdür. Məhz bu səbəbdən də, Beynəlxalq Diaspor Mərkəzi öz fəaliyyətini bu vacib prinsiplər üzərində qurur. Tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistanın uzun illər davam edən təcavüzkar siyasətinin ifşa edilməsi və Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı real faktların dünyada tanıdılması istiqamətində BDM xəttiylə həyata keçirilən tədbirlərin əhəmiyyəti danılmazdır. Bundan sonra da, öz məqsədlərinə tam olaraq çatması üçün, BDM öz xəttiylə zəruri olan daha geniş əməkdaşlıq və birgə fəaliyyət planlarını həyata keçirmək niyyətindədir”.
İsmayıl Ağayev çıxışının davamında onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları da, bu məsələyə ciddi diqqət yetirir:
“O, hətta Qərbi Azərbaycan İcmasına gələrək, dövlət qurumları və vətəndaş cəmiyyətləri qarşısında duran öhdəlikləri də bəyan edib. Bunun nəticəsidir ki, yenidən formalaşan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də, bu mühüm məsələyə daha ciddi yanaşır. Bu göz qabağındadır və atdığı təsirli və məqsədyönlü addımlar da, öz müsbət nəticələrini verməyə başlayıb. QHT-lərə və vətəndaş cəmiyyətinə Qərbi Azərbaycanla bağlı layihələrin həyata keçirilməsində göstərilən xüsusi dəstək, bu sahədə atılan addımların yalnız strateji əhəmiyyətini deyil, həm də uzunmüddətli faydalarını diqqətə çatdırır. Bütün bunlara görə, təşkilatımız adından Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin təşəkkürümüzü bildiririk. Onların göstərdiyi bu möhtəşəm dəstək, gələcək layihələrimizin uğurla həyata keçirilməsində və cəmiyyətin inkişafında müstəsna rol oynayacaq”.
BDM sədri İsmayıl Ağayev çıxışını tamamladıqdan sonra, sözü, tədbirin məruzəçilərindən biri olan tanınmış alim və tədqiqatçı, “Şərur-Dərələyəz qəzasının kameral təsviri” kitabının müəllifi Nazir Əhmədliyə verib. Qeyd edib ki, onun bu sahədəki dəyərli araşdırmaları tarixi həqiqətlərin üzə çıxarılması sahəsində həyata keçirilən misilsiz xidmətdir və çıxışı bu mövzuya əlavə dərinlik qatacaq.
Nazir Əhmədli öz çıxışında maraqlı tədqiqatlarının nəticələri və Şərur-Dərələyəz bölgəsinin tarixini özündə əks etdirən gerçəkliklər barədə mühüm məlumatlar təqdim edib. Onu da qeyd edib ki, “Şərur-Dərələyəz qəzasının kameral təsviri” kitabı bu qədim bölgənin zəngin tarixini və mədəni irsini hər kəsin daha dərindən öyrənməsi məqsədilə hazırlanıb:
“Bu əsərdə Şərur-Dərələyəz bölgəsinin tarixini, əhalisinin sosial-iqtisadi həyatını və mədəniyyətini detallı şəkildə tədqiq etmişik. Əsas məqsədimiz bu torpaqlarda yaşamış soydaşlarımızın həyatına işıq salmaq və bu bölgənin tarixini gələcək nəsillərə çatdırmaqdır. Kameral təsvir metodundan istifadə edərək, həm arxiv materialları, həm də xalqın yaddaşında qalan faktları bir araya gətirməyə çalışmışıq.
Kitabda Ermənistanın işğalçı siyasətinin bu bölgənin tarixi və demoqrafik quruluşuna necə təsir göstərdiyini, o cümlədən, Qərbi azərbaycanlıların məruz qaldığı haqsızlıqları sənədlər və sübutlarla izah etmişik. Çünki Şərur-Dərələyəz bölgəsinin tarixi gerçəklikləri dünya ictimaiyyətinə çatdırılmalı və bu torpaqların əsil sahibləri beynəlxalq səviyyədə unudulmamalıdır”.
Tədbirdə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadənin, Dərələyəz mahalının Keşkənd Rayon İcmanın sədr müavini, iş adamı Məhəmməd Rəsuloğlunun, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı Rayon İcmasının sədri Faiq Xudayevin, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Ceyhun Ağayevin, Qərbi Azərbaycan İcmasının Sabunçu Rayon Nümayəndəliyinin rəhbəri Ələmdar Nəbiyevin, Qərbi Azərbaycan İcmasının Nizami Rayon Nümayəndəliyinin sədri Xəqani Səfərovun, Ceyhunə Şirəliyevanın və digər məruzəçilərin çıxışları da maraqlı alınıb. Onlar da öz çıxışlarında xüsusi olaraq onu vurğulayıblar ki, bu vacib məsələnin həllində vətəndaş cəmiyyətinin rolu böyükdür — təşəbbüskarlığının və fəallığının vacibliyi daim diqqətdə saxlanılmalıdır. Həm də, bu sahədə maarifləndirmə tarixi həqiqətlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
Onlar qeyri-hökumət və diaspor təşkilatları nümayəndələrinin təşəbbüslərinin bu sahədəki əhəmiyyətindən də bəhs ediblər. Qeyd ediblər ki, deportasiya nəticəsində məhv edilən tarixi abidələrin sənədləşdirilməsi və beynəlxalq aləmdə tanıdılması bu gün hər kəsin, hər bir qurumun qarşısında duran əsas vəzifədir. Beynəlxalq Diaspor Mərkəzinin fəaliyyət göstərdiyi on beş ildən artıq bir müddətdə, Qərbi Azərbaycandan deportasiya edilmiş 200 mindən artıq soydaşımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər də, elə, bu deyilənlərə hesablanıb.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.
Nadir HƏSƏNLİ,
araz.az xəbər portalı.