Məlum olduğu kimi, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişikliyə əsasən, doğulan hər bir sağlam balağa (camış balasına) görə fermerlərə 100 manat məbləğində subsidiya veriləcək. Müzakirələrə səbəb olan qərar “uşaqpulu” məsələsini yenidən gündəmə gətirib, camış balasına görə verilən yüz manatın uşaqlar üçün yönəldilməsinin daha məqsədəuyğun olduğu bildirilib.
araz.az bildirir ki, Milli Məclisin deputatı Aqil Abbasın bu barədə pravda.az-a açıqlaması olub. Deputat qeyd edib ki, Azərbaycan müharibəni yeni bitirib:
““Uşaqpulu”nu müharibə olduğuna görə saxlayıblar, pulumuz yoxdur. Dövlətin, büdcənin xərci var. İndi də Qarabağda yol çəkirlər, ev tikirlər, şəhərləri bərpa edirlər. İndi camış balasına pul verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər. Sadəcə, bu qərar sahəni inkişaf etdirmək üçündür. Niyə belə fikirlər səsləndirirlər?”.
A. Abbas heyvanın xərci üçün 100 manatın az olduğunu deyən fermerlərə isə belə cavab verib:
“Müsəlman belədir də. Dünən pul vermirdilər, bu gün 100 manat verirlər, indi də deyirlər ki, azdır. Bəs nə etsinlər? O pulu verməsələr, onda nə deyəcəklər?”.
araz.az xəbər portalı.