Araz.az xəbər verir ki, artıq bir müddətdir ki, Beynəlxalq audit şirkəti olan KPMG (“Klynveld Peat Marwick Goerdeler”) Azərbaycanda böyük səs-küyə səbəb olub.
Belə ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatına əsasən “KPMG Armenia CJSC” Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində fəaliyyət göstərən Ermənistanın bir sıra banklarına audit xidmətləri göstərməsi faktları aşkar olunub.
Məsələ ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından İNSİDER-in rəsmi sorğusuna cavab olaraq bildirilib ki, artıq Plata tərəfindən “Ernst & Yanq Holdinqs (Siayes) Bi.Vi.” audit şirkətinin Azərbaycan Respublikasındakı filialına, həmçinin “Grant Thornton Azərbaycan”, “KPMG Audit Azerbaijan LLC” və “Deloitte & Touche” audit şirkətlərinə məktub göndərilib.
Məktubda qeyd olunub ki, aparılmış araşdırmalara əsasən sözügedən şirkətlərin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində fəaliyyət göstərən Ermənistanın bir sıra banklarına audit xidmətləri göstərməsi faktları aşkar olunub, bu isə beynəlxalq hüquq normalarına ziddir.
Palata, həmçinin bildirib ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinə əsasən bankın və xarici bankın yerli filialının maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini həyata keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olan kənar auditor tərəfindən yoxlanılmalıdır. Həmçinin, kənar auditor yoxlaması maliyyə bazarlarına nəzarət orqanının tələblərinə uyğun gəlməsə, maliyyə bazarlarına nəzarət orqanı auditorun dəyişdirilməsini, habelə bankın özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edir.
Qeyd olunanları nəzərə alaraq, audit şirkətlərinə bildirilib ki, Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən maliyyə institutlarına şirkətlərin üzv olduqları təşkilatlar tərəfindən xidmətlərin göstərilməməsi istiqamətində səlahiyyətləri çərçivəsində müvafiq addımların atılması təmin edilsin və bu barədə Palataya məlumat verilsin.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Auditorlar Palatasından İNSİDER-ə verilən açıqlamada bildirilir ki, artıq xarici hüquqi şəxslərin (xarici auditor təşkilatlarının) Azərbaycandakı filial və nümayəndəliklərinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib.
“Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi prinsiplərinin pozulması yolverilməzdir. GRANT Thornton CJSC (Ermənistan) və KPMG Armenia CJSC tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda fəaliyyət göstərən bir sıra erməni banklarına (Artsakhbank, Ardshininvestbank və s.) audit xidmətləri göstərilməsi beynəlxalq hüquq normalarına ziddir, – deyə məlumatda vurğulanıb.
Palatadan bildirilib ki, məsələ ilə əlaqədar “Grant Thornton” MMC-nin Azərbaycan Respublikasındakı filialı, “KPMG AZERBAİJAN LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “KPMG Audit Azərbaycan” MMC ilə birgə araşdırma işləri davam etdirilir. Eyni zamanda Palata tərəfindən beynəlxalq auditor təşkilatlarının Azərbaycanda fəaliyyət göstərən qurumlarına, habelə beynəlxalq şəbəkələrə üzv olan auditor təşkilatlarına, üzv olduğu şəbəkənin rəhbərliyinə və digər ölkələrdə fəaliyyət göstərən üzvlərinə bu barədə müvafiq xəbərdarlığın çatdırılmasını təmin etməyi və Auditorlar Palatasının məlumatlandırılması barədə xəbərdarlıq məktubları göndərilib.
“Hər hansı ölkədən olan auditor təşkilatı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda auditor xidməti göstərərsə, həmin qurumun üzv olduğu beynəlxalq şəbəkənin Azərbaycanda fəaliyyət göstərən üzvünə qarşı ən ciddi tədbir görüləcəkdir”, – deyə Palatanın açıqlamasında vurğulanır.
Hüquqşünas Əkrəm Həsənov İNSİDER-ə açıqlamasında birdirib ki, KPMG şirkəti tərəfindən Dağlıq Qarabağda fəaliyyət göstərən bankların audit xidmətinin aparılması qeyri-qanunidir.
““Artsakhbank”ın saytında “KPMG Armenia” tərəfindən 2013-cü il üzrə həmin bankın auditi olunduğuna dair sənəd yerləşdirilib. Sənəddə KPMG-nin imzası və möhürü mövcuddur. Bu da göstərir ki, KPMG “Artsakhbank”ın auditi olmaqla Azərbaycanın işğal altında olan torpaqlarında fəaliyyət göstərir. Təbii ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən, bu, tam qanunsuzdur. Bu səbəbdən, KPMG Dağlıq Qarabağda fəaliyyət göstərən heç bir quruma audit xidmətini göstərməli deyildi.
Vacib bir məqamı da qeyd etmək lazımdır ki, KPMG-nin MDB üzrə bank auditi rəhbəri milliyyətcə azərbaycanlı Vüqar Əliyevdir. O, KPMG Azərbaycanda da rəhbər vəzifəni icra edib. KPMG-nin Ermənistan da daxil olmaqla bütün MDB məkanında bank auditi ilə məşğul olduğunu nəzərə alsaq, V.Əliyevin rəhbərlik etdiyi şirkətin Dağlıq Qarabağda yerləşən banklara da xidmət göstərdiyindən xəbərsiz olmağı qeyri-mümkündür. KPMG-nin həmin bankların auditini aparmağına bəlkə də V.Əliyevin razılığı olmayıb. Biz bunu dəqiq bilmirik. Lakin o, Azərbaycan tərəfinə bu barədə məlumat verməliydi.
KPMG sonradan Azərbaycanda bir çox şirkətlərlə işləyib. Azərbaycanın ən iri müflis olmuş banklarının auditini aparıb. Bundan sonra isə banklar müflis olub. Bəlkə bunlar qəsdən edilib.
Ona görə də hesab edirəm ki, bu məsələ bizim dövlət orqanları tərəfindən tam araşdırılmalıdır”, – deyə hüquqşünas bildirib.
İNSİDER mövqeyini öyrənmək üçün KPMG-nin MDB üzrə bank auditi rəhbəri Vüqar Əliyev ilə əlaqə yaratsa da, o, suallarımıza cavab verməkdən imtina edərək, əməkdaşımızı şirkətin Bakı ofisinə yönəldib. Azərbaycan filialında isə şirkətin məsələ ilə bağlı rəsmi bəyanat yayıldığı vurğulanıb və suallarımız cavablandırılmayıb.
Qeyd edək ki, bəyanatda KPMG-nin Dağlıq Qarabağda heç bir nümayəndəliyinin olmadığı bildirilir.
“2016-cı ilin əvvəlində KPMG MDB-də münaqişə ərazilərində fəaliyyəti məhdudlaşdıran daxili qaydalar təsdiqləyib və öz fəaliyyətində bu məhdudiyyətləri tətbiq etməkdədir. Sözügedən qaydalar KPMG-nin işçilərinin, KPMG-yə aid şəxslərin və şirkətlərin Dağlıq Qarabağa getməsini, orada işləməsini və Dağlıq Qarabağdakı şirkətlərlə əməkdaşlıq etməyi qadağan edir”, – deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, KPMG Dağlıq Qarabağda heç bir nümayəndəliyinin olmadığını bəyan etsə də, sözügedən audit şirkətinin Ermənistan nümayəndəliyi Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən “Artsakhbank”ın 2013-cü ildə auditini aparıb və bu hesabat bankın saytında yerləşdirilib. “Artsakhbank”ın növbəti 3 ildə auditini isə “GRANT Thornton CJSC”nin Ermənistan nümayəndəliyi aparıb. KPMG həmçinin Ermənistanın “Ardshinbank”, “AnelikBank CJSC”, “Converse Bank” kimi banklarının Dağlıq Qarabağda yerləşən filialları üçün də audit xidməti göstərib.
Xatırladaq ki, “Böyük Dördlük” adlanan dünyanın dörd nəhəng audit şirkətindən biri olan KPMG-nin 1998-ci ildən Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir.
“KPMG Azərbaycan limited”in Azərbaycanda iki iri bankın (“Bank Standard” və “Texnikabank”) müflisliyinə səbəb olması barədə iddialar var. Belə ki, uzun illər şirkət bu banklara yüksək qiymət verib. Lakin 2016-cı ilin əvvəlində “Texnikabank”, həmin ilin payızında isə “Bank Standard” müflisləşib. İNsider.az
araz.az xəbər portalı.