Yardımlı rayon sakini Ramil Ağalar oğlu Rzayevin “Azərişıq” ASC-nin İdarə Heyyətinin sədri Vüqar Əhmədovun ünvanına göndərdiyi şikayət məktubu da, bu qurumun yarıtmaz işiylə bağlı gündən-günə artan vətəndaş narazılıqlarının daha bir sübutudur.
Surəti araz.az-a çatdırılan bu şikayətində Ramil Rzayev xüsusi olaraq onu vurğulayıb ki, “Burda mənəm, Bağdadda kor Xəlifə” prinsipi ilə, “Azərişıq” ASC-də vəzifə başında əyləşənlərin mövcud qanunlar çərçivəsinə sığmayan bəd əməlləri ucbatından arxasız insanlar çarəsiz duruma düşürlər:
“Hörmətli Vüqar Əhmədov, belələrinin haqlı şikayətlərinin sayı-hesabı yoxdur. Siz bilməlisiniz ki, vətəndaş ölkəsiylə fəxr edəndə, üzərində dövlətinin qayğısını görəndə, onu özünün canında, qanında hiss edir, ürəkdən “mənim dövlətim!” deyərək, onunla qürur duyur.
Yaxşı bilirik ki, cəmiyyətin yüksək səviyyədə idarə olunmasında dövlətin sahibi olduğu ən güclü silah qanundur. Qanunlar isə o zaman ali olur ki, bütün sahələrdə ədalətlə tətbiq olunur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının tarixi zəfərlərə imza atmasının, xalqının mənafeyi naminə gördüyü möhtəşəm işlərin nə demək olduğunu, deyəsən, “Azərişıq”-dakı bəzi vəzifə sahibləri başa düşmək istəmirlər. Belə olmasaydı, onlar, möhtərəm Prezidentin verdiyi vacib bir Fərmanın tələblərinə əməl edər, 3 aydır ki, bu tələblərə uyğun qarşılarına qoyulan öhdəliklərin yerinə yetirilməsinə belə biganə münasibət bəsləməzdilər. Halbuki, digər dövlət qurumlarındakı səlahiyyət sahiblərindən bu cür saymamazlıq görmədik.
Dövlət rəhbərinin məlum Fərmanından, bir vətəndaş kimi, mən də yararlanmaq istədim. Lakin obyektimin sənədləşdirilməsini başa çatdırıb, “kupçasını” almağım üçün, “Azərişıq” ASC-ylə bağlı sənədləri düz 3 aydır ki, onlardan ala bilmirəm. Qapılarına getməkdən bezərək, təngə gəlmişəm. Çoxları kimi, mənimlə də, düşmən övladı kimi rəftar edirlər. Konkret desəm, 80400100901 abonent kodu olan bir vətəndaş kimi, bütün müraciətlərim cavabsız qalıb.
Bəli, səlahiyyət sahiblərinin vətəndaş müraciətlərinə qanunamüvafiq cavablar vermək istəməmələri açıq-aşkar ona bir işarədir ki, sanki “Azərişıq” ASC-dəki başbilənlər cənab Prezidentin Fərmanına “dirsək göstərməkdən” çəkinmirlər.
Artıq, birbaşa “Azərişıq” ASC-yə bağlı əhali narazılığı kütləvi xarakter alıb. Bunun qarşısının alınması üçün, ümid yalnız ölkə başçısına qalıb. Çoxları kimi, mən də üzümü möhtərəm Prezidentimizə tutub, ondan kömək istəyirəm:
“Çətin durumda qalmışam, çox hörmətli Prezidentim! Köməyini məndən əsirgəmə! Günahkarların öz cəzalarına çatmaları üçün, aidiyyatı qurumlara ciddi göstəriş verməyinizi Sizdən xahiş edirəm! Yoxsa, onlar, mənim kimi, çoxlarının da “canlarını boğazlarına yığacaqlar”. Buna imkan verməyin!”.
Dərin hörmət və böyük ümidlərlə:
Ramil RZAYEV,
Yardımlı rayon sakini.
Əlaqə telefonum: 050 257 65 75″.
İqbal BƏHRAMOĞLU, Tahir HÜSEYNOV,
araz.az xəbər portalı.