Məhəmməd ƏSƏDULLAZADƏ,
Azərbaycan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert.
ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın müharibəni davam etdirmək, yaxud danışıqlar aparıb, atəşkəsə getmək hüququnun olduğunu açıqlayıb. ABŞ rəsmisinin bu mövqeyi kifayət qədər ziddiyətli və Kiyevi döyüş meydanında Moskvaya təslim etmək deməkdir.
Rusiya və Ukrayna 2022-ci ilin mart və aprel aylarında İstanbulda Türkiyənin vasitəçiliyi ilə danışıqlar apardı. Onda ortada “İstanbul razılaşması” var idi. Bu razılaşmanı hər iki tərəf qəbul etmişdi. Amma, ABŞ və Böyük Britaniya Ukraynanı “İstanbul razılaşması”ndan geri çəkdilər. Bu da, müharibənin davam etməsinə və danışıqlar prosesinə son qoydu.
Artıq, hakimiyyətdən gedən C. Bayden Ukraynaya 1.6 milyard dollar hərbi yardım ayırıb. Göründüyü kimi, Ukraynaya vaxtında lazımi hərbi yardımlar etməyən ABŞ prezidentinin administrasiyası uğursuz xarici siyasətlə tarixdə qalacaq. Çünki C. Bayden adminstrasiyası Rusiyanın Ukraynaya qarşı hərbi işğalının qarşısinı vaxtında ala bilərdi. Elə, müharibənin bir ili tamam olarkən də, belə bir imkan var idi. Amma, Bayden adminstrasiyası zəiflik göstərərək, yalnız Rusiya qoşunlarının şərq istiqamətində qarşısında durdu.
Bu bir həqiqətdir ki, artıq Rusiya öz hərbi imkanlarıni inkişaf etdirib. Qərbə qarşı kifayət qədər müqavimət göstərə bilir. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar da artıq işə yaramır. Bir sözlə, ABŞ gərgin durumla üzləşib: Ukrayna müharibəsindən geri çəkilərsə, Birləşmiş Ştatların beynəlxalq müstəvidə mövqeyi lap zəifləyəcək. Bu, bir reallıqdır və danılması mümkünsüzdür.
Avropa ölkələri arasında konsensus əldə edilərsə, yalnız bu şəkildə olacaq birliklə, onların Rusiyanı Ukraynadan çıxarmaları mümkün ola bilər. ABŞ-ın yeni prezidenti Donald Tramp Ukraynaya hərbi yardımları dayandırsa, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya tərəfindən Rusiyaya qarşı yeni hərbi koalisiya da qurula bilər. Bu da, NATO Alyansının dağılmasina gətirib çıxara bilər. Hazırkı qeyri-müəyyən bir mərhələdə isə, Rusiya Ukraynanın şərqində yeni ərazilər ilhaq edir.
araz.az xəbər portalı.