euro2020AVRO-2020-nin pley-off mərhələsinin üç iştirakçısı dəqiqləşib.

APA-nın məlumatına görə, bunlar Şotlandiya, Gürcüstan və Belarus yığmalarıdır.

Böyük britaniyalılar C yolunda, digər iki komanda isə D yolunda pley-off matçlarına çıxacaq. Bu qarşılaşmalar 2020-ci ilin martında baş tutacaq.

Millətlər Liqasının ötən il başa çatan qrup mərhələsində 1-ci yeri tutan və bununla da pley-offda oynamaq hüququ qazanan digər 13 yığma isə seçmə mərhələ yolu ilə birbaşa final mərhələsinə qatıla bilərlər. Onlardan biri – Ukrayna artıq bu vəzifənin öhdəsindən gəlib.

Bu komandaları pley-offda həmin Liqanın ümumi sıralamasında növbəti yerləri tutan komandalar əvəzləyəcək. Seçmə mərhələnin 8 turundan sonrakı duruma əsasən pley-offda aşağıdakı komandalar mübarizə aparacaqlar:

Pley-off iştirakçılarının ilkin siyahısı
A yolu
İsveçrə, İslandiya, Bolqarıstan/İsrail/Rumıniya*
B yolu
Bosniya və Herseqovina, Uels, Slovakiya, Şimali İrlandiya
C yolu
Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan/İsrail/Rumıniya*
D yolu
Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus
* – püşk yolu ilə bu üç komandadan hansının C, hansılarının A yolunda mübarizə aparacağı dəqiqləşəcək.

Millətlər Liqasında da, seçmə mərhələdə də uğursuz çıxış edən Azərbaycan milli komandası da pley-offa qatılmaq üçün nəzəri şanslarını qoruyur. Yığma Qurban Qurbanovun rəhbərliyi altında qatıldığı yeni turnirdə 7-ci yeri tutub.

Komandanın pley-offa qatılması üçün “dördlüy”ə düşməsi vacibdir. Yəni yığmamızı qabaqlayan 6 komandadan ən azı üçü AVRO-2020-yə seçmə mərhələdən yüksəlməlidir.

Belə şansı qalmayan Belarus və Gürcüstan artıq pley-offda yerini təmin ediblər. Digər qrup qalibləri Kosovo və Şimali Makedoniya final mərhələsi şanslarını qoruyur. Kosovolularda bu şanslar heç də az deyil.

Lakin bu iki yığmadan biri seçmə mərhələdə uğur qazansa, onu ümumi sıralamada beşinci olan Lüksemburq əvəzləyəcək. “Cırtdan ölkə” təmsilçisi artıq final mərhələsinə birbaşa vəsiqə şansını itirib.

Kosovo və Şimali Makedoniyanın hər ikisinin uğur qazanması isə Lüksemburqla Ermənistanı final mərhələsinə daşıyacaq. Sonuncuların da seçmə oyunlarda uğur qazanmağa cüzi şansı qalıb.

Bir sözlə, Azərbaycanı Millətlər Liqasında qabaqlayan 6 komandadan üçü (Kosovo, Şimali Makedoniya və Ermənistan) hələ də seçmə mərhələ yolu ilə AVRO-2020-yə yüksələ bilər. Bu, inandırıcı görünməsə də, yığmamız üçün pley-offa qatılmaq yolunda son ümiddir.

Qeyd edək ki, artıq 6 komanda seçmə mərhələdən həlledici raunda yüksəlib. Bunlar Belçika, İtaliya, Polşa, Rusiya, Ukrayna və İspaniya yığmalarıdır. Millətlər Liqasının qalibi olan Portuqaliya isə hələ bu hüquqa yiyələnməyib. Seçmə mərhələdə uğur qazanmalı olan son Avropa çempionu bunu bacarmasa, pley-offda oynamalıdır.

araz.az xəbər portalı.