Başa çatmaqda olan cari ildə, ölkənin özəl qurumları arasında özünəməxsus yer tutan “Veysəloğlu” Şirkətlər Qrupu 30 illik yubileyini qeyd edir. Şirkət rəhbərliyi bu məqsədlə paytaxt Bakıda çoxməqsədli və geniş miqyaslı idman-konsert kompleksi kimi məşhurlaşan “Baku Crystal Hall”-da möhtəşəm Yeni İl şənliyi keçirdi.
Bu gün saat 12-də başlayan və axşam saatlarınadək davam edən təntənəli yubiley mərasimi öz möhtəşəmliyi ilə, bu tədbiri təntənəli şəkildə, böyük ruh yüksəkliyi və çoşqu ilə qeyd edən minlərlə iştirakçının yaddaşına əbədi həkk olundu. Öz doğma-yaxınları ilə, bu şənliyə dəvətli şirkət işçiləri, media qurumları və hökumət və qeyri-hökumət təşkilatları rəhbərləri, eləcə də ictimaiyyətin digər nümayəndələri ilə bərabər, “Araz” Media Qrupu ailəsinin üzvləri olaraq, araz.az xəbər portalının əməkdaşları da iştirakçılar sırasında oldular.
Tədbiri açıq elan edən aparıcılar “Veysəloğlu” Şirkətlər Qrupu haqqında iştirakçılar üçün vacib olan məlumatları çatdırdılar. Əsasən onu qeyd etdilər ki, yaradılmasından keçən 30 il ərzində, bu özəl qurum istehsalın yaradılması ilə bağlı planlarını da uğurla həyata keçirib və bir çox yeni məhsullarını satışa çıxarıb. Yeni-yeni uğurlara imza atan “Veysəloğlu”, həm də Azərbaycanda xeyriyyəçi əməlləri ilə tanınan şirkətlər arasında öz layiqli yerini tutub — 44 günlük Vətən Müharibəsi dönəmində qəhrəman hərbçilərimizə və Milli Ordumuza göstərdiyi dəstək bunun sübutudur.
Aparıcılar Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun “V-FEST 2024” adlı bu möhtəşəm tədbirdə şəxsən iştirak etdiyini bildirdilər və çıxış üçün mikrofonu ona təqdim etdilər. Şirkət rəhbəri qonaqları salamladıqdan sonra, rəhbəri olduğu kollektivə öz səmimi təbriklərini çatdırdı və 30 ilə söykənən böyük uğurun tarixçəsindən danışdı. Öz çıxışında xüsusi olaraq onu vurğuladı ki, şirkətin gələcəyini qurmaq və onu qabağa aparmaq üçün əhəmiyyətli olan, dövrün tələbləri ilə uzlaşan bütün yeniliklər bacarıqlı kollektiv üzvlərinin hesabına əldə edilib. Məhz buna görə də, o, şirkətin inkişafına töhfə verən hər kəsə öz minnətdarlığını və təşəkkürünü çatdırdı.
Aydın Talıbov öz çıxışında “Veysəloğlu”nun Azərbaycan üçün əhəmiyyətindən də danışdı. Qeyd etdi ki, ölkə rəhbərliyinin sahibkarlığa diqqət və qayğısı bu Şirkətlər Qrupunu da əhatə edib. Onun sözlərinə görə, bu özəl qurumun uğurlu fəaliyyəti, ölkənin sosial-iqtisadi həyatına verdiyi töhfələr də, dövlət tərəfindən sahibkarlığa verilən yüksək qiymətin bariz nümunəsidir.
Onu da qeyd edək ki, tədbirdə ailə üzvləri ilə iştirak edən qonaqlar müxtəlif çeşidli yeməklərdən dadaraq, respublikanın tanınmış estrada ulduzlarının və rəqs ansambllarının təşkil etdikləri yaddaqalan konsert proqramına da maraqla tamaşa edə bildilər.
Az öncə başa çatan bu maraqlı tədbirin sonunda, iştirakçılar xarici markalı minik maşını və digər qiymətli hədiyyələr üzrə keçirilən lotereyada da bəxtlərini sınadılar. “Veysəloğlu” tərəfindən qaliblərə həmişəlik yadda qalacaq uduş sevinci bəxş edildi.
Bu möhtəşəm tədbirlə bağlı daha ətraflı məlumatı araz.az-ın növbəti yazısında oxuya bilərsiniz.
İqbal BƏHRAMOĞLU,
araz.az xəbər portalı.