“Təhsil Araşdırmalar Mərkəzi”, gənc alim, sosioloq Sahib Altayın aktual məqaləsini təqdim edir.
Niyə yaşlı müəllimlər, gənc müəllimlərdən daha zəif tədris keyfiyyəti göstərirlər?
Əslində, belə olmamalı idi. Bəs, niyə belə nəticə, ortaya çıxır?
Müqayisəni, ümumdünya üzərindən aparsaq, təbii ki, hər ölkədə eyni nəticəyə şahid olmayacağıq. Müsbət və mənfi yöndən, müxtəlif ölkələrdə müxtəlif nəticələr əldə edə bilərik. Müraciət etdiyimiz toplum, Azərbaycan toplumu olduğu üçün elə öz toplumumuzdan danışaq. Azərbaycanda indiki yaşlı və ortayaşlı nəsil, keçmiş sovet təhsil sistemindən tərbiyə və təhsil almış insanlar toplusudur. O dövrdə təhsil alan müəllimlər də fərqli sistemdə təhsil almışdılar. Bundan əlavə,XX əsrin müxtəlif dövrlərində doğulmuş Azərbaycan insanının, dövrə münasibəti fərqlidir. Məsələn, XX əsrin əvvəllərində doğulub, gəncliyi, Sovetin ilkin quruculuq dövrünə düşən Azərbaycan insanı, SSR-ni lənətləyirdi. Niyə? Çünki, ilkin aclıq dövrünü yaşamışdı. Həmin dövrün insanını,sistemin keyfiyyəti və ya nə zamansa inkişaf edəcəyi yox, öz çörəksizliyi maraqlandırırdı. Məhz bu səbəbdən onun nəzərində, mövcud sistem, iyrənc idi.
Sistem, inkişaf edib, qismən də olsa insanlara xoş üzünü göstərdikdən sonra, XX əsrin 40-cı illərindən sonra doğulmuş insanlar üçün müsbət məna kəsb etməyə başladı. Və o dövrün insanları, sistemin girdiyi müharibədə belə, qeyd-şərtsiz döyüşməyə yox, qəhrəman olmağa çalışırdılar. O dövrün insanı, dünyanı, SSR-dən ibarət hesab edirdi. Sistemin apardığı təhsil islahatları da, bizim insanımızın gözündə,mövcud sistemi, ideallaşdıra bildi. Niyə? Çünki, ondan öncə,bizdə, sistemli təhsil və xüsusi təhsil sistemi mövcud deyildi. Ona görə də bizə ilk olaraq göstərilən sistemli təhsil,insanımız üçün ideal idi. Keyfiyyət bir yana, görünüşcə də cəlbedici idi. İlkin aclıq dövrünü yaşamış valideynlərindən,yazı masası əvəzinə kötük üstə yazı yazmaq kimi bir imkansızlığı görmüş uşaqlar üçün SSR-nin təşkil etdiyi səliqəli yazı masaları, əsrarəngiz idi. Üzərində yazı yazmaqla yanaşı, üstəlik sevgililərinin adını da yaza bilirdilər.
Müharibədən sonrakı dövrdə, 50-60-cı illərdə doğulan Azərbaycan insanı üçün SSR daha da zəngin bəzəkli tabloya çevrildi. Həmin dövrlərdə Azərbaycanda xeyli müəllim, alim, ziyalı yetişdi. Ancaq, bir məsələ var; Sosializm, iki cəmiyyət prinsipindən birincisini – “Qapalı cəmiyyət prinsipi”ni ehtiva edirdi. Bu prinsipə görə, toplumlara, ərzaq da, informasiya da, təhsil də yarımçıq verilir, sosial münasibətlərin möhkəmlənməsi üçün insanlar arasında, bir-birindən sosial asılılıq yaradılır. Doğrudur, müharibədən yenicə çıxmış siyasi quruluşun təşkil etdiyi təhsil sistemində dövlətin imkansızlığı da müəyyən dərəcədə rol oynayırdı. Lakin, imkanlar yerində olsa belə, prinsip, dəyişməz olaraq qalacaqdı. Ateizmi təlqin edən təhsil sistemində “Təkamül nəzəriyyəsi”ndən açıq dərs verən sistemin təhsil adamlarının əksəriyyətinə görə təkamül, “insanın meymundan yaranması“ndan ibarət idi. Bu, sırf sistemin öz prinsiplərinə sadiqliyindən doğan nəticədir. Amma, həmin təhsil sisteminin yaxşı tərəfləri də mövcud idi. Məsələn, təhsildə texniki, humanitar şöbə anlayışı yox idi. Universitetə imtahan verən tələbə, mütləq hər iki tərəfdən xəbərdar olmalı idi. Bu, bir növ universal təhsil anlayışı formalaşdırmaq üçün nəzərdə tutulmuşdu.
Müstəqillik dövründən sonra Azərbaycana test üsulunun gətirilməsi, vəziyyəti xeyli dəyişdi. Texniki, humanitar təhsil anlayışı meydana gəldi. Kim hansı sahəni istəyirsə, seçir və yalnız o sahəyə uyğun fənlərdən imtahan verir, məlumatlı olur. Bu sistemin, əvvəlki sistemdən üstünlüyü ondadır ki, tələbə,özünə lazım olmayan informasiyaları əzbərləmək məcburiyyətində qalmır, yalnız bir sahəni oxuyur, mənimsəyir və lazımsız informasiyanı qəbul etmək əvəzinə, özünü daha da təkmilləşdirir. Bir də bu sistemdəki qəbul üsulu, əvvəlki sistemdən daha şəffafdır. Kim hansı ixtisasa istiqamətlənibsə, ona uyğun qruplaşdırılmış fənləri oxuyur, onlardan imtahan verir, keçid balını toplaya bilirsə-qəbul olur, toplaya bilmirsə–ona heç cür ali təhsilli mütəxəssis statusu verilmir. Əvvəlki sistemdə isə belə deyildi. Məsələn, bir nəfər 2 şifahi imtahandan keçirdi, 3-cü yazılı imtahanda kiminsə inşasını satın alıb və ya inşa əvəzinə, on min manatlıq zayonu (əmanət kassasına qoyulmuş qızıl pul və ya əvəzedici qəbz) təqdim edib, imtahandan keçirdi. O dövrün pedaqoji texnikumları, hər il onlarla, yüzlərlə ibtidai sinif müəllimləri məzun edirdi. Hal-hazırda yaşlı ibtidai sinif müəllimlərinin əksəriyyəti, o dövrdə ilk olaraq həmin pedaqoji texnikumlarda təhsil alıb, sonra ya özü, ya pul gücünə universitet dimlomuna yiyələnmiş insanlardır.
Testdən sonra “Baloniya” sisteminin Azərbaycana gəlməsi,təkcə universitetlərdə deyil, həm də orta məktəblərdə vəziyyəti dəyişdirdi. Kurikulum tədris üsulu, yaşlı müəllimlərin işini xeyli qəlizləşdirdi. Təbii ki, test üsuluyla qəbul olub, təhsil almış müəllimlərlə, keçmiş qapalı təhsil sistemində təhsil almış müəllimlər fərqlənməlidir. Lakin, bu məsələdə, təhsil sistemindən kənar bir səbəb də var. Bu da, müəllimliklə yox, birbaşa yaş nəsli ilə bağlıdır.
Azərbaycanda hal-hazırkı gənclik, yeni təhsil sistemində təhsil alır. Sosial şəbəkələr, müxtəlif təhsil proqramları vasitəsilə dünyaya açıla bilir. Təhsildən əlavə, şəxsi həyatda da müasir düşüncə tərzinə əsasən yaşamağa can atır. Ortayaşlı və yaşlı nəsil isə mühafizəkardır. Onlar üçün dünya hələ də Sovetlər Birliyindən ibarətdir. Onlar, nə öz dövrlərinin, nə də təhsillərinin mənfilərini heç vaxt görmək istəmirlər. Əvvəldə qeyd etdiyim kimi, o vaxtaqədər, onların valideynləri,əlverişli təhsil almaq imkanına sahib olmayıblar. Bunu, ilk olaraq SSR, sistem şəklində təqdim edib və bu sistem də onlar üçün ideala çevrilib. Və nəsil, öz ideallarına sadiq qalaraq yeni dövrə adaptasiya olunmağı düşünmədi. O dövrdən bu dövrə adaptasiya oluna bilən tək-tük adam var. Təsəvvür edək, o dövrdə sinifdəki yazı masalarının kənarlarına iplə bir xətt üzərində düzən adamlar, indiki dövrdə kurikulumu, “baloniya”nı, krediti, “online təhsil” i qəbul edə bilərmi? Təbii ki, xeyr. Sadəcə, o dövrün təhsilindən qidalanmış bu günün yaşlı müəllimləri, peşənin, fəaliyyətin, işin xatirinə nə qədər bu sistemlə maraqlansalar da, düşüncədəki mühafizəkarlıq, öz işini görür. Bir də onlar, bu sistemə nə qədər adaptasiya olunsalar da, bu dövrdə doğulub, bu sistemdə təhsil alan adam,yenə də əvvəlkilərdən öndə olur. Həm zamana görə, həm də bu sistemlə eyni dövrdə doğulduğu üçün. Dövr və mühit,önəmlidir. Hər doğulan uşaq, öz dövrünə uyğun doğulur. Nəinki öncəki nəsillərdən, hətta öz valideynlərindən belə,genis potensiala sahib olur. 30-40 il öncənin uşaqlarını,nağıllarla yatırmaq mümkün idi. İndinin uşaqları, nağıllara gülürlər. Zəngin ailədə doğulub, böyüyən insanın zəngin yaşamaq şansı, kasıb ailədə doğulub böyüyən uşağın zənginlik şansından nə qədər üstündürsə və onun zənginliyi nə qədər erkəndirsə, eynilə- test, kurikulum, “baloniya sistemi”ndə təhsil alan müəllimin keyfiyyət dərəcəsi də, öncəki sistemdə təhsil alan müəllimin keyfiyyət dərəcəsindən o qədər üstün olacaq və lazımi keyfiyyəti, yeni sistemin müəllimi, daha tez əldə edəcək. Üstünlük məsələsinə gəldikdə, mən bu məsələni də peşə, təhsil üzərindən yox, ümumi düşüncə üzərindən müzakirə etmək istərdim. O dövrün ümumi düşüncə fonu,mühafizəkarlığı əks etdirir. Peşəsindən asılı olmayaraq, o dövrün əksər insanı, həmin dövrü, ideal hesab edir. Bir insan,nəyisə mühafizə edirsə, demək, mühafizə etdiyi nəsnə, onun üçün başqa nəsnələrdən üstündür. Bizim bu günkü yaşlı və ortayaşlı nəsil də Sovetin hər şeyini mühafizə edir-kolxozunu da, idarəçiliyini də, maddi gəlirlərini də, sosial münasibətlərini də, təhsil sistemini də. Çünki, onlar, o dövrü mənimsəyiblər, sahibləniblər, o dövrün bir parçasıdırlar. Və o dövrün bir parçası olan bu günkü yaşlı müəllimlər üçün o dövrün təhsili,yüksəkdə durur, özlərini də, yeni dövr təhsil işçilərindən üstün hesab edirlər. Yenilik, heç vaxt asan həzm olunmur. Bütün köhnələr, nostalji olaraq anılır. Biz, uşaq olarkən ətrafımızdakı böyükləri görüb, onlar kimi ixtiyar sahibi olmaq istəyirik. Xoşbəxtliyi, irəliyə getməkdə görürük. Amma,yeniyetməlikdən gənclik dövrünə qədəm qoyan kimi-istəyirik ki, zaman ya yerində dayansın, irəliyə getməsin, ya da geriyə getsin. İnsan, yaşadıqlarından qopmaq istəmir. Hər dövr, öz sakini üçün doğmadır. Hər kəs, öz dövrünün qəhrəmanıdır. Elmin qucağı, hər kəsə açıqdır. Öyrənmək, heç zaman gec deyil. Müqayisəni, ümumi yaş nəsli etibarilə aparsam da,sonda demək istədiyim bir məqam var. Müəllim, öz dövrünün də, sonrakı dövrün də əksər insanından fərqli olmalı olan insandır. Müəllim, öz dövrünün digər insanları kimi ən adi ənənələrin mühafizəkarına çevrilməməlidir. Çünki, müəllimin missiyası, öyrətməkdir. Hansı dövrdə yaşamasından asılı olmayaraq, öz dövrünün də, sonrakı dövrün də təhsil sistemi və imkanları çərçivəsində, bəzən də o çərçivədən kənara çıxıb, daha üstün çalarlarla tədris etməyi bacarmalıdır…
Sahib Altay
araz.az xəbər portalı.