Türk dünyasının ortaq xəritəsi yaradılır.

Belə ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr — Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi ölkələr olan Macarıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti və Türkmənistanın təmsilçiləri ortaq Türk dünyası xəritəsinin yaradılması amacıyla bir araya gələrək, rəsmi bəyannamə imzalayıblar.

Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritəçəkmə idarəsinin rəisi, general-mayor Osman Alp`ın Türk dünyasının birgə xəritəsi ilə bağlı açıqlaması:

“TDT-yə üzv ölkələrdəki xəritəçəkmə qurumlarının ekspertlərindən ibarət işçi qrupu (“TDT Xəritəçilik Çalışma Qrupu”) yaradılacaq. Bəyannamə ilə kartoqrafiya sahəsində texniki bilik və təcrübənin bölüşdürülməsi, təlim və məsləhətlərin verilməsi, birgə xəritə istehsalı üçün standartların yaradılması, rəqəmsal kartoqrafiya tətbiqləri üçün əməkdaşlıq və bu məsələlərlə bağlı texniki araşdırmaların aparılması razılaşdırılıb.

Əsas məqsəd həm coğrafi, həm də mədəni xəritə yaratmaqdır. Hesab edirik ki, tarixi proses boyunca Türk dövlətlərinin yaşadıqları və müxtəlif coğrafiyalara ayaq basdıqları bölgələri özündə birləşdirən və Türk dövlətlərini bütün mövzuları ilə göstərən ortaq Türk Dünyası xəritəsi yenidən hazırlanmalıdır. Bildirim ki, belə bir xəritə bizi çox həyəcanlandırır.

Məsələn, xəritədə yaşayış məntəqələrinin adları, inzibati quruluşu, əhalinin bölgüsü, miqrasiyaları, mədəni sərvətləri, adət və ənənələri, danışılan ləhcələr, hansı bölgədə hansı xörəklərin hazırlandığı kimi tematik məlumatlar yerləşdirildikdə görünür ki, müxtəlif coğrafiyalarda çoxlu eyni və ya oxşar mövzuların olduğu, bir ölkədə olan adət-ənənin və ya kənd adının başqa ölkədə də istifadə olduğu, bir yeməyin bir neçə ölkədə bişirildiyi aydın görüləcək. Məsələn Kayseri xalçasında istifadə edilən motivlərin Azərbaycan və Qazaxıstanda da istifadə edildiyini görə biləcəyik.

Birinci mərhələdə topoqrafiya, hidroqrafiya, bitki örtüyü və yaşayış məntəqələri kimi əsas məlumatları özündə əks etdirən ana xəritə sürətlə hazırlanacaq. Xəriyə yaşayış məntəqələrinin adları, tarixi əsərlər və mədəni sərvətlərinə dair bir çox mövzu ilə zənginləşəcək. Beləliklə də, əsas xəritə üzərində tərəflərin razılığı ilə təyin olunacaq müxtəlif mövzular işlənərək, bütün mövzuları birlikdə göstərən tək bir xəritə hazırlana bilər. Eləcə də hər mövzunu ayrı bir xəritədə göstərmək mümkün olacaq”.

BƏYBALA MİRZƏYEV.

P.S.
Bəlli olduğu kimi, bu, sıradan bir coğrafi xəritə deyil. Söhbət eyni zamanda, Türk dünyasının kültür (mədəniyyət), etnoqrafik, toponimik, ədəbi xəritəsinin yaradılmasından gedir.

Belə bir unikal xəritənin araya-ərsəyə gətirilməsi Türk dünyasının inteqrasiyasını daha da sürətləndirə bilər. Ortaq xəritənin hazırlanması strateji məsələdir, Türk dünyasının müdafiə və təhlükəsizlik məsələsidir, vahid iqtisadi gücə, qlobal geosiyasi aktora çevrilmə məsələsidir.

Bir sözlə, ortaq xəritənin yaradılması bir dünya gücünə çevrilməyimizin açarı olacaq. Odur ki, ortaq əlifbanın və ortaq bayrağın ardınca ortaq xəritənin də yaradılması istiqamətində hərəkətə keçilməsi birlik və bərabərliyimizin möhkəmlənməsinə, Türk birliyinin dönməz sürəcə çevrilməsinə önəmli bir qatqı, böyük bir töhfədir.

Xeyirli-uğurlu olsun!

araz.az xəbər portalı.