“Fransanın Azərbaycana qarşı Ermənistanı silahlandırması və ona öldürücü silahlar verməsi, Parisin Cənubi Qafqazda sülh istəmədiyini göstərir. Həmçinin Fransa Qərbin müəyyən təşkilatlarında, xüsusən Avropa Parlamentində Azərbaycana qarşı qətnamələrin qəbulu və ölkəmiz əleyhinə kampaniyaların arxasında durur”.

araz.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert qeyd edib ki, bunlarla kifayətlənməyən Makron Fransası Azərbaycan qazının Avropaya ixracnın qarşısını almaq üçün hərəkətə keçib:

“Fransa Ermənistan üzərindən Cənubi Qafqazda özünə yer eləmək və nəqliyyat dəhlizlərinə nəzarət planını həyata keçirməyə çalışır. Fransa bununla birbaşa Mərkəzi Asiyaya çıxmaq, Qazaxıstandan uran və Özbəkistandan bəzi təbii ehtiyatların quru yolla daşınmasını təmin etməyə çalışır. Makronun bir neçə ay əvvəl Qazaxıstan və Özbəkistana səfərində bu ölkələrdən Fransaya uran ixracı barədə razılaşma əldə edilib.

Afrikada geosiyasi mövqelərini itirən Parisin diqqətini Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəldib. Görünən budur ki, Fransa imperializm siyasətini davam etdirməyə çalışır. Azərbaycan və Türkiyə isə bunun qarşısını alır, Makronu hiddətləndirən budur. Paris buna görə də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşı çıxır. Çünki bu müqavilə Türkiyənin regional mövqeyini daha da gücləndirəcək və Fransanın Ermənistana təsir imkanlarını sıfırlayacaq. Bunun önünə keçməyə çalışan Fransa Ermənistanı silahlandırır və yeni müharibə üçün zəmin yaratmağa çalışır”.

Məhəmməd Əsədullazadə qeyd edir ki, Azərbaycan — Türkiyə hərbi-siyasi ittifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiyada türk birliyi əsasında güclənən yeni nizam Fransa və digər radikal mərkəzlərin addımlarını önləyə biləcək:

“Fransa Cənubi Qafqazda Azərbaycan-Türkiyə ittifaqının qarşısına keçəcək gücdə deyil. Ermənistan bu baxımdan təsiredici faktor sayılmır. Son bir ildə İsraildən ağır zərbələr alan, Suriyadakı mövqelərini itirən İranın zəifləməsi də Fransanın Ermənistan siyasətinə ağır zərbə oldu. Planları pozulan Fransa çıxış yolu axtarır, Ermənistan isə onu çıxmaza aparır”.

araz.az xəbər portalı.