Bu günlərdə mətbuata jurnalist həmkarımız, yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Azərbaycan övladı” qəzetinin təsisçisi və Baş redaktoru Pənah Azəri tərəfindən, Abşeron — Xızı Regional Təhsil İdarəsi rəhbərliyinin yarıtmaz iş fəaliyyəti ilə bağlı xeyli material təqdim olunub. Materiallardakı faktların ciddiliyini nəzərə alıb, araz.az da, qeyd olunanları geniş oxucu kütləsinin diqqətinə çatdırır.

PƏNAH  AZƏRİ YAZIR:

Qohumbazlıq girdabında çabalayan “Abşeron — Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayevanın özünün, tabeçiliyindəki mühüm vəzifələrə yerləşdirdiyi doğma-yaxınlarının, hətta rəfiqələrinin.. bəd əməlləri barəsində redaksiyamıza daxil olan şikayət xarakterli müraciətlərdəki faktların bir qismi tərəfimizdən araşdırılıb. Təsdiqini tapan həmin məlumatların təfərrüatı aşağıdakı kimidir:

Araşdırma 1:

Məlum oldu ki, Abşeron — Xızı Regional Təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunan İlhamə Abdullayeva, 2023-cü ilin may ayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq, Flaşmob təşkil edilməsi üçün, tabeliyində olan bütün ümumtəhsil məktəblərinin direktorlarına xüsusi tapşırıqlar verib. Adlarının çəkilməsini istəməyən bir-neçə məktəb direktoru bildirdi ki, şagird tutumu 2000 nəfərə qədər olan məktəblərin direktorlarından 2000 (iki min) manat, şagird tutumu daha yuxarı olan məktəb direktrolarından isə,  3000 (üç min ) manat pul alınıb.

Lakin alınmış külli miqdarda pullar müqabilində heç bir tədbir görülməyib; Nə Flaşmob təşkil edilib, nə də yığılan pulların taleyi məlum olub. Konkret desək, İlhamə Abdullayeva tərəfindən həmin pullar tam olaraq mənimsənilib. Buna etiraz edən vəzifə sahiblərinin sayı isə, getdikcə çoxalmağa başlayıb.

Həmin vaxtlar İlhamə Abdullayevanın müavini postunu tutan Coşqun Əiyev bu qanunsuz işin bilavasitə təşkilatçılığını həyata keçirib. Məslənin öz həllini sakit tərzdə tapmadığını görən Coşqun Əliyev, direktorlara: “Gedin, məktəbdən yığdığınız pulların cavabdehliyini özünüz daşıyın!” — deyə, İlhamə Abdullayevanın adından ciddi tapşırıqlarını verib.

Ən maraqlısı odur ki, bu ciddi məsələdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin aidiyyatı qurumlarının, o cümlədən nazir Emin Əmrullayevin özünün, eləcə də, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun da xəbərləri var. Lakin İlhamə Abdullayevanın bu rüşvətxor əməlinə nazirlik rəsmiləri susqunluq nümayiş etdirirlər.

Bu qatı cinayət işinə qarşı ciddi tədbir görməli olan nazir Emin Əmrullayev, əksinə, Coşqun Əliyevi Quba — Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin edib. Budur Emin Əmrullayevin Azərbaycan Təhsilinə verdiyi “töhfələrdən biri”, 2018-ci ildən üzübəri apardığı anlaşılmaz kadr siyasətinin acı nəticəsinin daha bir sübutu.

Araşdırma 2:

Məlum oldu ki, Abşeron — Xızı Regional Təhsil İdarəsinin tabeçiliyində olan bütün ümumitəhsil məktəblərində bufetlər fəaliyyət göstərir. Bufetlərin hansı şəkildə və necə fəaliyyət göstərməsi isə, utancvericidir. Bu yöndən aparılan araşdırmamızın nəticəsi belədir ki, bu bufetlərdə çalışan işçilərin heç biri ilə əmək müqaviləsi bağlanmayıb. Həmçinin, o da aydın olub ki, bufetlərdə satılan mallar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülmür və müddəti ötmüş ərzaq məhsulları şagirdlərə satılır. Satılan ərzaq məhsullarının qiymətləri isə, bazar qiymətindən daha bahadır. Məsələn, istənilən marketdə 0.30 və 0.40 qəpiklik adi sular, bu bufetlərdə 0.50- 0,60 qəpiyə satılır.

Ən əsası odur ki, bufetlərdə satılan malların vergidən yayındırılması, birbaşa, müdir İlhamə Abdullayevanın tapşırığı ilə həyata keçirilir. Bu da onu deməyə əsas verir ki, bu xanım müdir bütün işlərdə yalnız öz şəxsi mənafeyini güdür.

Prosesləri izləyərkən, bir ciddi məqamı da nəzərdən qaçırmadıq. Bir vaxtlar İlhamə Abdullayevanın müavini olmuş, sonradan Quba — Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin olunmuş Coşqun Əliyev də, eyni prosedurları həyata keçirir. Nəticə etibarilə bunu demək olar ki, İlhamə Abdullayevanın təqdimatı əsasında regiona təyinat alan Coşqun Əliyev “ağasının” tapşırığı ilə rüşvətxorluq əməllərini həyata keçirir. Bu prosedurun vahid mənbədən idarə olunması kimsədə şübhə doğura bilməz.

Araşdırma 3:

Məlum oldu ki, məktəblərə satılan məktəbli formaları, yəni, hər bir məktəb üçün ayrı-ayrı rəng çalarlarının seçilməsi, onların satışının təşkili də İlhamə Abdullayevanın maraq dairəsindədir. Məhz bu səbəbdən ki, fabrik müdiri olan Səkinə adlı qadınla rəfiqədirlər. “İkitərəfli razılaşma əsasında” məktəblərə kütləvi şəkildə formaların satışını təşkil edirlər. Nəticədə, keyfiyyətsiz materiallardan tikimiş hər bir məktəbli forması 60 manat civarında satılır. Bu zaman da, onlar valideyinlərin ciblərinə girir, məcburi şəkildə satışa çıxarılan bu mallara görə, ciblərini doldururlar.

Onu da qeyd edək ki, bu formalar yalnız Sumqayıt və Xırdalandakı bir satış məntəqəsində olur. Əsas odur ki, aidiyyatı üzrə hüquq-mühafizə orqanlarında araşdırma aparılarkən, müdirin: “Elm və Təhsil Nazirliyinin Bakı Tikiş Evinin satış nöqtələrindən alınan formaların bizim regiona aidiyyatı yoxdur” — deməsi ilə, bu ciddi məsələyə son qoyulub. Nazir Emin Əmrullayev isə, bu ciddi məsələdə yenə susqun mövqedə durub.

Bakıdan Abşerona gələn şagirdlərə yeni məktəbli formasını məcburi şəkildə aldırmaq ideyasının hansı zərurətdən yarandığına isə, İlhamə Abdullayeva tərəfindən cavab almaq mümkün olmur. Bu ciddi məsələ də, ortaya ciddi bir sual çıxarır: “Nazirin İlhamə Abdullayevanın törətdiyi bu qədər korrupsiya faktına və rüşvətxor əməllərinə qarşı belə bir susqunluq nümayiş etdirməsində maraq nə ola bilər?!”.

Araşdırma 4:

Məlum oldu ki, region məktəblərinin IV — IX siniflərində kütləvi şəkildə aparılan monitorinqlərin kağız qiymətləri məktəb rəhbərlərinin belinə yüklənilməklə həyata keçirilir. Qeyd edək ki, monitorinqlərin təşkili üçün dövlət büdcəsindən yetərincə maliyyə vəsaiti ayrılır. Lakin İlhamə Abdullayevanın rəhbərlik etdiyi Regional İdarə tərəfindən bütün maddiyatın qorxub-çəkinmədən silinməsi və açıq-aşkar yeyintiyə yol verilməsi göz qabağındadır. Bu bir faktdır və danılması mümkünsüzdür.

Sual olunur, monitorinqləri Regional İdarə həyata keçirirsə, nədən, bu pul məktəb direktorlarından alınsın və onlar da, bu pulu sinif rəhbərlərinin tələbi ilə şagirdlərdən yığdırsınlar? Ortada olan bu ciddi məsələyə qarşı susqunluğun səbəbi nədir? Bu suallara cavab kimi belə başa düşmək olur ki, bu çirkabın içində, elə, məktəb direktorlarının özləri də var.

Araşdırma 5:

Məlum oldu ki, İlhamə Abdullayeva kurs rəhbərlərinin çoxunu hədə-qorxu ilə “yola gətirib”. Yəni, onların şagirdlərinin imtahana gəlişinin təşkili müqabilində, hər birindən əldə etdikləri gəlirin 30 faizini kurs rəhbərləri müdir İlhamə Abdullayevaya çatdırmalıdırlar. Deyilənlərin təsdiqi olan fakt və məlumatlar da əlimizdədir.

Araşdırma 6:

Məlum oldu ki, Abşeron Rayon Uşaq — Gənclər Yaradıcılıq Mərkəzinin fəaliyyəti də ürəkaçan deyil. Abşeronda və Sumqayıt şəhərində fəaliyyət göstərən UGYM-lərin dərnəklərinə cəlb olunan şagirdlərin adları var, özləri yoxdur. Dərnək rəhbəri vəzifəsinə təyin olunan müəllimləri də kimsə tanımır. Adları olub, özləri olmayan müəllimlərə əmək haqqı üçün ayrılan dövlət vəsaitlərinin hara və necə yönləndirilməsi də müəmmalıdır.

Bəzi müəllimlərlə əlaqə saxlayarkən məlum oldu ki, onlar heç UGYM-in harada yerləşdiyini belə bilmir. Rəhbər şəxslərdən birinin verdiyi məlumta görə, yazılan dərs saatlarına ayrılan pullar birbaşa Regional İdarəyə verilir. Di gəl ki, İlhamə Abdullayeva dövlət əmlakını və büdcəni kimlərinsə əliylə talamaqda mahirdir. Bununla bağlı taktikasına söz ola bilməz. Bu taktikanın planı, əvvəlcədən düşünülmüş şəkildə, məktəb direktorlarının üzərindən həyata keçirilir.

Araşdırma 7:

Məlum oldu ki, məktəblərə laborant və kiçik texniki işçi adları altında işə qəbul edilənlər heç bir işlə məşğul olmurlar. Onlar günlərini müəllimlər otağında, kitabxanada, kargüzarın yanında, direktor müavinlərinin kabinetlərində boşu-boşuna keçirməklə yola verirlər. Bir sözlə, bunun üçün ayrılan dövlət pullarını İlhamə Abdullayeva, beləcə, yaxın ətraflarına “hədiyyə edir”. Qəsdən özünə yaxın bir-neçə şəhid və qazi ailələrinin övladlarını, o cümlədən bacı-qardaşlarını da işlə təmin edir ki, “gözdən pərdə assın”.

Yeri gəlmişkən onu da qeyd edək ki, “ortada yeyib, kənarda gəzən” laborantları müdir müəyyən məbləğ müqabilində işlə təmin edir. Bu işləri isə, İlhamə Abdullayevanın “qara kassaları” deyilən şəxslər həyat keçirirlər.

Araşdırma 8:

Məlum oldu ki, məktəbəqədər təhsil müəssisələrindəki durum da yaxşı deyil. Regional İdarənin tabeliyindəki belə təhsil müəssisələrinin hamısında İlhamə Abdullayeva üçün qeyri-qanuni pullar yığılır. Qruplara şagird qəbulu isə, 500 manatdan başlayır. Bundan başqa, valideyinlərin hər birindən hər ay əlavə olaraq 50 manat da alınır.

Onu da qeyd edək ki, rüşvət mənbəyi bu qrupların bir çoxu, müəssisələrdəki qruplardan əlavə olaraq açılır. Tərbiyəçi müəllimlər adı altında bu qruplara işə qəbul olunanlar da, müdirə yaxın şəxslərdir.

Bu müəssisələrlə bağlı digər bir maraqlı fakt belədir ki, əlavə qruplara cəlb olunan uşaqlar bağçalara ayrılmış gündəlik maliyyə hesabına qidalanırlar.

Araşdırma 9:

Məlum oldu ki, İlhamə Abdullayeva  Regional İdarəyə müdir təyin olunan kimi, Sumqayt Təhsil Şöbəsini yenidən təmir etdirib. Halbuki adı çəkilən bu bina 2021-ci ildə təmirdən çıxmışdı. Bir sözlə, əsaslı təmir adı altında dövlətin büdcəsi burada da talan edilib. Bu azmış kimi, müdir özü üçün xüsusi otaq, bu otağın arxasında istirahət yeri, bufet… düzəltdirəndə də, külli miqdarda havayı pullar xərclədib.

Adi bir misal, bura üçün aldırdığı xüsusi ağ mebellərin qiyməti “kəllə-çarxa çıxıb”. Onda hamı bunu belə yozurdu ki, nazir Emin Əmurullayev bu vəzifəyə yenicə təyin olunan kimi, öz kabinetinə məxsus mebelləri dəyişib, daha “prestijnilərini” necə seçib alırdısa, yaxını İlhamə Abdullayeva da, buna bənzər məqsədini eyni qaydada başa çatdırmağa qərar verib.

Araşdırma 10:

Məlum oldu ki, İlhamə Abdullayeva 2023 cü ilin may ayında özünə yaxın direktorlarla birgə, təlim adı altında Estoniyaya səfərə çıxıb. Səfərin qiyməti isə, nə az, nə çox düz 5000 evro təşkil edib. Halbuki həmin ilin mart ayında baş tutan belə bir səfər 1600 evroya başa gəlmişdi. Sən demə, növbəti səfər “təlim pərdəsində” şəxsi məqsədlər üçün nəzərdə tutulub və birbaşa gəzməyə yönəldilib.

Hələ bu nədir ki, İlhamə Abdullayevaya yaxın bir qrup məktəb direktoru da, yığdıqları pullar hesabına xarici ölkələrə təlim adı altında səfərlər ediblər. Şəxsi mənafe, istirahət xeyli miqdarda pul hesabına baş tutub. Həmin direktorların öz əmək haqları 1500 manat civarında olsa da, xərclədikləri belə pulların məbləği dəfələrlə artıq olub…

….Redaksiyanın apardığı araşdırmalar zamanı gəldiyimiz son qənaət belədir ki, 2022-ci ildən Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat alan İlhamə Abdullayeva, bu işinə başlayan kimi deyilən bəd əməlləri törətməkdən çəkinməyib. Xeyli miqdarda dövlət əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, vəzifə saxtakalığına yol verməsi… törətdiyi qatı cinayətlər barədə ciddi faktlardır. Düşünürük ki, bu faktlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə) və 313-cü ( vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanmalı və istintaq tədbirləri həyata keçirilməlidir”.

Qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini də işıqlandlrmağa hazırıq!

Yazını çapa hazırladı:
Məhi ELSEVƏR,

araz.az xəbər portalı.