“Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan ziyalıları ilə görüşü zamanı vurğulayıb ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir. Ancaq ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da xalqımıza məxsus bütün tarixi və dini abidələrimizi dağıdaraq, tarixi irsimizi silmək istəyiblər”.

araz.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev bildirib.

“Vətənini, dövlətini sevən hər bir azərbaycanlı bilir ki, dünyanın böyük güclərinin hərtərəfli dəstəyi ilə tarixi torpaqlarımiza köçürülmüş ermənilər Azərbaycan xalqına qarşı dəfələrlə deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə Azərbaycan xalqına qarşı törədilmiş deportasiya, kütləvi qırğın, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə və soyqırımı çox dəhşətli olub.

Doğulub boya-başa çatdığım doğma yurdum Hamamlı bölgəsi də daxil olmaqla,  məhz erməni separatçılarının etnik təmizləmə siyasəti nəticəsində 300 minlik azərbaycanlı öz doğma yurd-yuvasından erməni separatçı qüvvələri tərəfindən qovulub.

Danılmaz bir faktdır ki, bu gün məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun əsgər və zabitlərinin şücaəti ilə doğma Qarabağ və Zəngəzurumuz erməni separatçılarından təmizlənib. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz bütün ərazisində öz suverenliyini bərpa edərək, həm də regionun əsas aparıcı dövlətinə və söz sahibinə çevrildi. Artıq cənab Prezident bundan sonra Qərbi Azərbaycana qayıdış konsepsiyasını irəli sürdü və bununla da növbəti hədəfimizin Qərbi Azərbaycan olduğunu bir daha bəyan etdi.

Hazırda dünyada yaşayan azərbaycanlıların hər biri, o cümlədən biz də Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsində yaxından iştirak etməyə və bu prosesdə fəal olmağa hazır olduğumuzu bir daha bəyan edirik.

Bu gün Qərbi Azərbaycanlı olaraq inanıram ki, Prezident İlham Əliyevin apardığı haqlı, ədalətli və beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasətin nəticəsində xalqımızın tarixi və mənəvi haqqı olan torpağımız İrəvana, Zəngəzura, Göyçəyə qayıdacağıq”, — deyə, Təmraz Tağıyev bildirib.

araz.az xəbər portalı.