Tanınmış bloqer və iş adamı Ramal İsayev “TikTok” platformasında əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirləri dəstəkləyərək, bunu cəmiyyətin mənəvi dəyərlərinin qorunması üçün vacib addım kimi dəyərləndirib.

araz.az bildirir ki, o, sosial şəbəkələrin düzgün istifadə edildikdə kreativlik və maarifləndirmə üçün mükəmməl platforma olduğunu deyib:

“Ancaq azadlıq heç kimə əxlaqsızlığı təbliğ etmək və milli-mənəvi dəyərlərimizi zədələmək hüququ vermir. Polisin bu məsələdə qətiyyətli mövqeyi təqdirəlayiqdir. Bu əməliyyatlar hər kəsə ciddi bir mesaj olmalıdır ki, qanunsuz və əxlaqsız davranışlar cəzasız qalmasın”.

R. İsayev gəncləri sosial şəbəkələrdən məsuliyyətli və düzgün istifadə etməyə çağırıb: “Azadlıq məsuliyyətlə yanaşı gəlir. Gənclərimiz anlamalıdır ki, sosial media yalnız əyləncə üçün deyil, həm də cəmiyyətin inkişafına töhfə verən bir vasitədir. Bu platformalar dəyərlərimizi zədələmək üçün deyil, gücləndirmək üçün istifadə olunmalıdır”.

Qeyd edək ki, son günlər “TikTok”da əxlaqsız yarışlar təşkil edən bir neçə şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub və müsbət qarşılanıb. /Qafqazinfo

araz.az xəbər portalı.