“Azərbaycanın 2020-ci il dövlət büdcəsindən müdafiə sahəsinə ayrılan vəsitin məbləğini artırması anlaşılandır. Çünki Azərbaycan əraziləri işğal altındadır. Eyni zamanda bu vəsaitlə silah-sursat alınır, hərbçilərin sosial problemlərinin həlli üçün işlər görülür”.
Bunu Reyting.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə Azərbaycanın 2020-ci il üçün nəzərdə tutulan dövlət büdcəsindən müdafiə və təhlükəsizliyin maliyyələşdirilməsinə 3 milyard 865 milyon 600 min manat ayrılmasının nəzərdə tutulmasını şərh edərkən deyib. Xatırladaq ki, bu vəsait 2019-cu illə müqayisədə 666 milyon manat çoxdur.
Hərbçi mütəxəssis hesab edir ki, Azərbaycan döyüş qabiliyyətini artırmağa məcburdur: “Son illər Ermənistan tərəfi də hərbi büdcəsini artırır, silahlı qüvvələrinə diqqət edir. Azərbaycanda da eyni proses gedir. Yəni hər iki ölkədə silahlı qüvvələrə diqqətlə yanaşılır. Azərbaycanda hərbi büdcəyə edilən artırmalar ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə, təlimlərin keçirilməsinə, müəyyən silahların alınmasına sərf ediləcək.
A. İsazadə
Digər tərəfdən, diqqət edəndə görürük ki, Azərbaycanın ətrafında da sabitlik yoxdur. Suriyada baş verənlər ortadadır. Gürcüstanda və Türkiyədə də gərginlik var. Deməli, Azərbaycan əks tərəfə mesaj göndərir ki, biz hazırlaşırıq. Həmçinin, bu prosesin özü Ermənistana zərbədir. Silahlanma yarışı istər-istəməz Ermənistana daha ağır zərbə vurur, nəinki Azərbaycana. Bu da iqtisadi müharibənin bir hissəsidir. Azərbaycandan fərqli olaraq Ermənistan iqtisadiyyatı sürətli silahlanma yükünə və ağırlığına hazır deyil”.
A. İsazadə əlavə edib ki, Qarabağ danışıqları ilə bağlı proses praktiki olaraq dayanıb: “Guya danışıqların imitasiyası gedir, amma Azərbaycan tərəfi bəyan etdi ki, danışıqlar deyil, görüşlər olur. Danışıqlar getmədiyi şəraitdə Azərbaycanın yalnız bir yolu qalır: döyüşlərə başlamaq. Bu səbəbdən də son bir il ərzində qaynar müharibənin başlama riski artıb. Azərbaycanın buna hazır olub-olmaması nəzəri yanaşmadır. Müharibə başlasa, konkret vəziyyət kimin buna hazır və qadir olduğunu göstərəcək”.
Tərəflərin silahlı qüvvələrinin müqayisəsinə gəldikdə, hərbi ekspert diqqətə çatdırıb ki, fərq böyükdür və bu, Azərbaycanın xeyrinədir. “Sözsüz ki, heç kim müharibəni istəmir, amma bəzən müharibə yeganə çıxış yolu olur”,- A. İsazadə əlavə edib.
araz.az xəbər portalı.