Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılıb. araz.az bildirir ki, açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Amir Textiles and Rugs” (Oskouei MMC) rəhbəri Əmir Oskouei çıxış edərək sərginin tarixi mədəni irsimizin təbliği baxımından əhəmiyyətini vurğulayıblar.

Tədbirin bədii hissəsində Rəvan QaçayevZeynəb Nəcəfovanın ifasında xalq və bəstəkar mahnıları dinlənilib. Onları tarda Nihad Qədirli, kamançada Toğrul Qasımov müşayiət edib. Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri tərəfindən “Uzundərə”, “Şalaxo”, “Qaytağı” rəqsləri ifa olunub.

“Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisində ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə nümayiş etdirilir. Sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer alır.

Səfəvilər hakimiyyəti zamanı Azərbaycanda orijinal bədii quruluşa malik bu cür nəfis xalıların istehsalı genişlənir, xalçaçılıq sənəti öz çiçəklənmə dövrünü yaşayırdı. Həmin vaxt Şirvan, Qarabağ, Bakı, Quba kimi toxuculuq mərkəzlərində hazırlanan xalçaların ölçüləri böyüyürdü. Xalq sənətkarlarının yaratdığı nümunələrdə Təbriz xalılarını bəzəyən islimi, xətai, bulud, əjdaha, simurq, həyat ağacı kimi təsvir və elementlər qismən dəyişdirilərək əks olunurdu.

XVI əsrdə Səfəvi saray emalatxanalarında xalılarla yanaşı, dövrün dəyərli dekorativ-tətbiqi sənət nümunələrindən hesab edilən bədii tikmələr də hazırlanırdı. XVII-XVIII əsrlərdə Azərbaycanın ayrı-ayrı istehsal məntəqələrində həmin tikmələrdən bəhrələnərək yeniləri yaradılırdı.
Azərbaycanda istehsal edilən unikal xalçalar keyfiyyətinə və bədii xüsusiyyətlərinə görə dünyada daim yüksək dəyərləndirilib. Qərbin yüksək zövqlü əsilzadələri əsrlər boyu bu əsrarəngiz xalçaları toplayır, onlarla sarayları, malikanələri, dini abidələri bəzəyirdilər. Dünyanın bir çox məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinə bu gün də böyük maraq göstərilir. Bunu nəzərə alaraq, təşkil olunan “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisində yer alan nadir eksponatlar barədə sensor ekran vasitəsilə Azərbaycan və ingilis dillərində ətraflı məlumat əldə etmək mümkündür.

Onu da qeyd edək ki, layihə çərçivəsində Təbriz miniatürlərindəki saray xalıları haqqında süni intellekt vasitəsilə hazırlanmış videoçarx da göstərilib. Burada XVI-XVII əsrlərə aid Səfəvi dövrü saray xalçalarının yaradılması prosesi müasir texnologiya və tarixi sənətkarlığın vəhdətində təqdim edilib.

Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Amir Textiles and Rugs” (Oskouei MMC) təşkilatçılığı, bp Azərbaycanın baş sponsorluğu, ABŞ-Azərbaycan Ticarət Palatası, “Silk Way West Airlines” və Terra Leone Azərbaycan şirkətinin dəstəyi ilə baş tutub.
Diqqətə çatdıraq ki, Azərbaycanın uzunmüddətli və etibarlı enerji tərəfdaşı olan bp Azərbaycan neft-qaz sektorunda uğurlu fəaliyyəti ilə yanaşı, sosial, təhsil, mədəniyyət və digər sahələrdə də mühüm layihələr həyata keçirib. Ölkəmizin zəngin mədəni irsinin, o cümlədən ecazkar sənət nümunələri olan qurama və kəlağayı sənətinin təbliği işində yaxından iştirak edib. Bu layihə də bp-nin nadir incəsənət xəzinələrinin təbliği və tədqiqinə verdiyi davamlı dəstəyin bir hissəsidir.

“Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi 2025-ci il mayın 10-dək davam edəcək.

 

araz.az xəbər portalı.