İnsan nə qədər əqidəsiz,.. və mənfəətçi olsun ki, ölkənin birmənalı olaraq üzüldüyü və təəssüf hissi keçirdiyi bir hadisəni öz şəxsi maraqlarına, daha açıq desək, xidmət etdiyi ağalarının maraqlarına uyğun şərh etməyə çalışsınlar.
“Sapı özümüzdən olan baltalar” — bu qəbildən olanlar AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsinin Aktauda təcili eniş edən zaman qəzaya uğramasını məqsədyönlü şəkildə fərqli təsvir etməyə çalışırlar.
Müqayisə üçün deyim ki, Ermənistanın Baş naziri Nikol Paşinyan belə, bu hadisə ilə əlaqədar Azərbaycana başsağlığı verib. Barələrində danışdığım insanlar isə, bu günə qədər leksikonumuza təhqir kimi düşən ermənidən daha aşağı səviyyədə olduqlarını bir daha isbatladılar.
Digər tərəfdən, bu şəxslər cahilliyin son həddindədirlər. Necə bir təfəkkürdə, ya da zehniyyətdə olasan ki, baş verən təyyarə qəzasını sərhədlərin bağlı qalması ilə əlaqələndirəsən. Belə adamlar elə bilirlər ki, quru sərhədlər açıq olanda təyyarə reysləri həyata keçirilmir və belə qəzalar olmur.
Təyyarə qəzaları dünyanın hər yerində olur. Böyük dağıntı və itkilərlə səbəb olan təbii fəlakətlər zamanı bütün siyasi ambisiyalar kənara qoyulur, hər bir ölkə maddi və mənəvi dəstəyi ilə zərər çəkmiş tərəfə kömək göstərməyi özünə borc sayır. İnsanların emosional hissləri ilə oynayan belə insanlar isə, tutduqları mövqe və paylaşımları ilə bir daha əsl mahiyyətlərini üzə çıxarırlar.
Bir daha qeyd edim ki, məsələnin quru sərhədləri ilə heç bir əlaqəsi yoxdur və təəssüflər olsun ki, dünyanın hər yerində belə qəzalar baş verir. Lap sərhədlər açıq olsaydı belə, avtobus və minik avtomobilləri ilə faciəli qəzaların törədilməməsi mümkünsüz olardı.
Ar osun belələrinə!
Turan RZAYEV, politoloq.
BAŞ REDAKTORDAN:
Gözəl qələm ustası, əziz dostumuz!
Bağışla, ona görə xoşumuza gələn yazına “jurnalist darağı” vurduq ki, bu hadisə ətrafında siyasi spekulyasiyaya yol verənlər təkcə adlarını çəkdiyin şəxslər deyil. Belələrinin sayı getdikcə daha da çoxalır. Sadəcə, biz də, bu həssas məqamda belə bəd əməl sahiblərinə: “Ar olsun!” — deyirik!
araz.az xəbər portalı.