25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğrayıb.
Rəsmi məlumata görə, hadisə zamanı təyyarədə 5 nəfər ekipaj üzvü də daxil olmaqla, 67 sərnişin olub. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb.
AZAL-dan bildirilib ki, ilkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Bu, Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilk hadisə deyil. Daha əvvəllər də təyyarə qəzaları olub.
Adətən təyyarə qəzalarının səbəbi texniki nasazlıq, pilot səhvi, yaxud terror aktı hesab olunur. Azərbaycanın aviasiya tarixi də belə qəzalardan və səhvlərdən yan keçməyib.
araz.az bildirir ki, modern.az SSRİ zamanınmda və müstəqillik dövründə Azərbaycanın hava nəqliyyatında baş verən təyyarə qəzalarının xronologiyasını təqdim edib. Xronologiya bildir:
1965-ci il, 25 yanvar SSRİ Hərbi Hava Qüvvələrinə məxsus An-8 hərbi-nəqliyyat təyyarəsi Goran aerodromundan havaya qalxaraq Gəncə aerodromuna eniş edərkən qəzaya uğrayıb. An-8 Gəncə Yağ-piy kombinatının anbarlarına çırpılaraq yanıb. Nəticədə 6 heyət üzvünü hamısı həlak olub.
1966-cı il, 23 aprel
Həmin gün Binə hava limanından (indiki Heydər Əliyev adına Beynəlxalq Hava Limanı) havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya uçarkən qəzaya uğrayıb. Təyyarə ilə əlaqə uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində kəsilib. Aparılan axtarış-xilasetmə işləri heç bir nəticə verməyib. Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi tapılmayıb. Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.
1973-cü il, 18 avqust
Bakı-Aktau-Bakı reysi ilə uçan AN-24B tipli sərnişin təyyarəsi Binə hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 heyət üzvü olub. Qəzadan sağ qurtulan olmayıb.
1974-cü il, 11 may
Qax-Zaqatala bölgəsində aviasiya-kimya işləri həyata keçirən An-2 təyyarəsinin komandiri Vitali Qavrilov içki düşkünlüyünə görə özünün və təyyarədəki daha 7 nəfərin ölümünə səbəb olub. O, 1974-cü il mayın 11-də axşamçağı Qax aeroportunun uçuş zolağında işçilərlə və aeroporta icazəsiz daxil olan yerli sakinlərlə birlikdə içki məclisi təşkil edib. Bundan sonra isə gəzmək məqsədilə An-2 təyyarəsinə minərək Zaqatala rayonuna uçublar. Qax aeroportuna qayıdan zaman gecə olmasına görə və içkinin təsiri ilə Qavrilov təyyarəni yerə çırpıb. Nəticədə, pilot da daxil olmaqla, 8 nəfər yerindəcə həlak olub.
1988-ci il, 12 dеkаbr
Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş İl-76 təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа rаkеtlə vurulub. Nəticədə təyyаrədə оlаn 77 аzərbаycаnlıdаn cəmi 1 nəfər – Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub.
Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin “qara qutusu” məhv edilir. Bu terror aktı cəmiyyətə qəza kimi sırınıb.
Hadisə nəticəsində sağ qalmış yeganə azərbaycanlı Babayev Fəxrəddin 2010-cu ildə vəfat edib. Azərbaycan Prezienti Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamla ermənilərə yardıma gedən təyyarədə həlak olmuş 77 nəfərə şəhid statusu verilib.
1989-cu il, 18 oktyabr
SSRİ Hərbi Desant Qüvvələrinin 218-ci alayının 8-ci bölüyünü Bakıdan Ukraynaya aparan İL-76 hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğrayıb. 1600 metr yüksəklikdə təyyarənin sağ mühərriki alışaraq qopub. Nəticədə baş verən yanğın və idarəetmənin itirilməsi İL-76 təyyarəsinin yerə çırpılmasına səbəb olub. Qəza nəticəsində 57 nəfər – 9 heyət üzvü və 48 desantçı həlak olub. 1995-ci il, 5 dekabr
Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzası 1995-ci il dekabrın 5-də qeydə alınıb. Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub.
Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.
2005-ci il, 23 dekabr
Azərbaycan Hava Yollarına (AZAL) məxsus An 140-100 təyyarəsi Heydər Əliyev adına hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən An 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.
2008-ci il, 29 yanvar Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan “MiQ-29” markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Pilotlar kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla daha dəhşətli faciənin qarşısını ala bilsələr də, hər ikisi həlak olub. Təyyarənin qalıqları və pilotlardan Əfqan Aslanovun cəsədini dənizin dibindən 1 ay sonra çıxarmaq mümkün olsa da, digər pilotun meyiti tapılmayıb.
2010-cu il, 3 mart
Azərbaycan Hərbi Hava Qüvvələrinin Kürdəmirdə yerləşən bazasına məxsus “Su-25” tipli hərbi təyyarə Tovuz rayonu Aşağı Ayıblı kəndi üzərində qəzaya uğrayıb. Qəza zamanı “N” saylı hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Famil Məmmədov həlak olub. 2011-ci il, 3 fevral
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” tipli hərbi təyyarə təlim zamanı qəzaya uğrayıb. Hadisədən öncə təyyarənin qabaq şassisi açılmadığı üçün yerə enmək imkanı tükəndiyindən ekipaja avialayneri yaşayış massivindən uzaqlaşdırıb katapult etmək əmri verilib. Təyyarə yaşayış massivindən 18 km aralıda boş əraziyə düşüb. Təyyarənin pilotları – polkovnik-leytenant Zaur Yusifli və kapitan Xəyyam Şükürov qəza zamanı xəsarət almayıb.
2011-ci il, 5 iyul
Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus İL-76 təyyarəsi Əfqanıstanın Pərvan vilayətində qəzaya uğrayıb. Bakıdan Bəhram aerodromuna 18 ton yük aparan təyyarə ilə əlaqə iyulun 5-i axşam radələrində kəsilib. Sonradan İl-76-nın Əfqanıstanda NATO qüvvələrinə qarşı silahlı mübarizə aparan “Taliban” qruplaşması tərəfindən raketlə vurulduğu müəyyən olunub. Nəticədə yük təyyarəsinin göyərtəsindəki 5 Azərbaycan və 4 Özbəkistan vətəndaşı həlak olub. 2019-cu il, 24 iyul
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı Xəzər dənizi üzərində qəzaya uğrayıb. Təyyarə suyun üzərinə düşərkən parçalanıb. Təyyarənin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub.
Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub. Avqustun 19-da təyyarənin “qara qutu”su tapılıb. 20 avqustda pilot Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin bütün qalıqları dənizin 27 metr dərinliyində tapılaraq çıxarılıb.
Rəsmi məlumatlarda bildirlib ki, qəzanın səbəbi təyyarənin havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşması və nəticədə pilotun ağır bədən xəsarəti alaraq huşunu itirməsi olub. Pilot toqquşmadan sonra qəzanın qarşısını almaq məqsədi ilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib, lakin tezliklə huşunu itirdiyi üçün buna nail ola bilməyib və nəticədə təyyarə qəzaya uğrayıb, pilot isə katapult edə bilməyib.Rəşad Atakişiyevin nəşi 21 avqust tarixində ikinci Fəxri xiyabanda dəfn edilib.
araz.az xəbər portalı.