Yeni Balaxanı sakinləri yollarının pis vəziyyətdə olması ilə bağlı mətbuata öz müraciətini ünvanlayıblar. araz.az-a da daxil olan şikayətlərində sakinlər bildirirlər ki, kənd Balaxanıda ümumi yolların təmir olunmasına baxmayaraq, yeni Balaxanının ərazisindən keçən, Zabrata və həmin istiqamətlərdə olan kəndlərə aparan yol bərbad vəziyyətdədir.

Onların sözlərinə görə, Süleyman Rəhimov küçəsində yağış yağanda həmin yollarda böyük gölməçələr əmələ gəlir.

“Sabunçu Rayon İcra Hakimiyyəti, eləcə də bələdiyyələr bu yollara illərdir ki, baxmırlar. Bələdiyyələr hər il buradakı sakinlərdən rüsum alır, ödəməyənləri məhkəməyə verirlər. Lakin faktiki olaraq heç bir iş görülmür”, — yaxınlıqda yaşayan sakin Qəzənfər Quliyev deyir.

Onun sözlərinə görə, yolun bu vəziyyətə düşməsinə vaxtı ilə fəaliyyət göstərən Akkord Asfalt Zavodunun ağır tonnajlı yük maşınları səbəb olub. Belə ki, zavodun ağır tonnajlı maşınları bu hissədən keçərək yolu yararsız hala salıb.

Sakin Əhməd Cəfərov isə bildirir ki, yolun bərbad vəziyyətdə olması avtomobillərin asqı sistemlərini sıradan çıxarıb:

“Maşınlarımız yararsız hala düşüb. Bu yol, ərazi Allahın belə yadından çıxıb. Qalmışdı ki, icra bizi yada salsın”.

Mirzə ismayılov deyir ki, buranın problemi təkcə yolun dağılması ilə bitmir. Eyni zamanda ərazi tamamilə unudulub:

“Yolun kənarına qoyulan zibil qabları vaxtında daşınmır. Halbuki ətraf ərazilərdə zibil qabı qoymaq üçün xeyli boş ərazilər var. Buna baxmayaraq, gətirib yol qırağına düzüblər. Yaxınlıqdakı qəssabxanaların leş ətləri bu zibil qablarına atılır. Vaxtında daşınmadığı üçün üfunət iyindən burada durmaq mümkün olmur. Qəssabxanalardan axan qan küçənin yağış suyu ilə qarışır, antisanitariya vəziyyəti yaradır. Dözülməli iy deyil. Qoy rəsmi qurumlar bizi unutmasın”.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bir-neçə il öncə bildirmişdi ki, 2023-cü ilin sonunadək Bakının qəsəbələrində asfalt yolların çəkilişi başa çatdırılacaq. Lakin indiyədək bu olmayıb. 

Fərhad MƏMMƏDOV, 

araz.az xəbər portalı.