kolbasa1Azərbaycanın kolbasa-sosiska bazarında satılan məhsullarla bağlı elə vahiməli, qorxunc xəbərlər gəlir ki, insanın tüklərini ürpədir.

Ekspertlər də yerli mallardan uzaq durmağa çağırırlar: onkoloji xəstəlik mənbəyi, mənşəyi bilinməyən ətlər, müxtəlif kimyəvi qatqılar və s.

GUNinfo bildirir ki, reportyor.info yerli media üzərindən apardığı araşdırma və eləcə də bəzi müşahidələrə istinadən yazır ki, növbəti həyəcanlı iddialar “Flaqman” əmtəə nişanlı kolbasalar haqda səslənməkdədir.

Müşahidəçilər qeyd edirlər ki, “Flaqman”ın müəssisəsinin yaxınlığından keçmək olmur. Çünki ərazini qəribə bir qoxu, üfunət bürüməkdədir.

Bu da həmin firmanın məhsullarının keyfiyyətinə, istifadə edilən qidaların tərkibinə dair ilkin şübhələrə yol açır. Axı orada hansı qatqılardan, hansı ətdən istifadə edilir ki, istehsalat prosesi zamanı ətrafı belə bir iy bürüyür?

Bu suala cavab tapmaq üçün internet mediasında da axtarışlar aparmışıq. Məlum olur ki, ilk növbədə “Flaqman” kolbasa və sosiskaları halal deyil.

Hələ bir müddət əvvəl Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Ay-Min” MMC-yə məxsus, Xırdalanın 25-ci məhəllə, ev 26A ünvanında yerləşən istehsalat sahəsində yoxlama zamanı nöqsanlar aşkarlanmışdı.

Müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilmişdi.

Demə, “Flaqman” əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında, həmin əmtəə nişanlı “Krakovskaya”, “Prima”, “Gülüstan”, “Pəhriz”, “Həvəskar” kolbasalarının və “Südlü”, “Kürə” sosiskalarının halal olması saxta imiş.

Qurumun rəsmi xəbərində deyilirdi ki, həmin məhsulların tərkibində donuz əti və piy var, halal məhsul deyil, yalan reklamlardır. Şirkətin “Servelat” kolbasalardan birinin içərisindən isə qalıqlar tapılmışdı.

Bir neçə il öncə media yaymışdı ki, şirkət xeyli müddətdir yalnız vəhhabilərə satılan xüsusi halal kolbasa məhsulları buraxır.

Məhsullar hər həftənin cümə günü vəhhabilərə çatdırılır və bazara çıxarılmır. Halallıq zəmanəti verilən həmin kolbasaların bahalı və çox dadlı olduğu vurğulanır.

Odur ki, vəhhabilər üçün istehsal edilən kolbasaya böyük tələbat olsa da, vətəndaşlara satılmır.

Firmanı təsisçisi iki nəfərdir: Kərəm və Vüqar. Əslən Qubadan olan şəriklər dayı-bacıoğludurlar. “AY-MİN” brendinin onların qızlarının adından götürüldüyü iddia edilir: Aytac Kərəmin, Minə isə Vüqarın qızıdır.

Şirkətin bir müddət əvvəl üzləşdiyi cərimələrdən sonra adını dəyişərək “Flaqman” qoyduğu, telekanallarda, şəhərin müxtəlif yerlərində olan lövhələrdə reklamı getdiyi bildirilir.

Amma çox qəribədir ki, bu iddialardan sonra “AY-MİN” MMC kolbasa məmulatı firmasının satış meneceri Kamran Abbasov açıqlamasında halal kolbasa istehsal etmədiklərini etiraf eləmişdi.

Halbuki, halal adı ilə bazara çıxmışdılar və uzun müddət istehlakçıları aldatmışdılar. Yalnız nazirliyin cəriməsi və medianın ictimailəşdirməsi nəticəsində etiraf etməli olmuşdular.

Ona görə son dövrlərdə bu şirkətin məhsullarına tələbat kəskin şəkildə aşağı düşüb, marketlərdə satış səviyyəsi zəifləyib, “Flaqman” müştərilərin etibarını, inamını itirib.

Belə çıxır ki, əhaliyə satılan bu məhsulların tərkibinə, ətin mənşəyinə də şübhə etməyə əsas var. Bazara halal adı ilə çıxan, sonra yalan danışdığını etiraf edən şirkətdən nə desən gözləmək olar.

O halda ailələrimizə niyə bu məhsuldan almalıyıq? Kim uşağına bu şirkətin sosiskalarını yedirər? Bu cür məlumatlardan, açıqlamalardan və sanksiyalardan sonra hansı müştəri marketdən məhz “Flaqman” istəyər?

Belə bir zədələnmiş reputasiyaya malik müəssisənin məhsullarından uzaqda durmaqdan zərər gəlməz.

Ən dəhşətlisi budur ki, Dövlət Xidməti “AY-MİN” MMC-yə aid 1,3 ton kolbasa məmulatını məhv etmişdi.

Bəli, 1 kilo yox, 100 kilo yox, 1, 3 ton məhsul yararsız hesab edilərək məhv olunub. Hələ o da şübhəlidir, kim bilir, bəlkə də təkrar satışa çıxarılıb.

Əgər dövlət xidməti şirkətdə yoxlama aparmasaydı, 1, 3 ton kolbasanı bu millətə yedirəcəkdilər. Belə bir insafa, vicdana sahib olan rəhbərliyin hazırda istehsal etdiyi məhsullara niyə də inanıb alasan ki?!

Son vaxtlar leş ət mafiyası ilə bağlı faktların üzə çıxması da bütövlükdə ölkədəki kolbasa firmalarının məhsullarından almamağa əminlik yaradır.

Axı bu ətlər hara gedə bilər – evlərə deyil, dönərxanalara, kolbasa sexlərinə, şadlıq saraylarına və s.

“Flaqman” şirkəti isə internetdə adı axtarış veriləndə bir müsbət informasiya ilə qarşımıza çıxmadı.

Ancaq nədənsə bu mənzərə firmanı narahat eləmir və ən azı istehlakçıların etibarını qazanmaq üçün yayılan iddialara aydınlıq gətirmir. Biz onların mövqeyini dinləməyə hazırıq.

araz.az xəbər portalı.