Son illər həbs olunan sabiq məmurların məhkəmə proseslərində sensasion ifadələr səsləndirilir. Hakim önünə çıxarılan keçmiş vəzifə sahibləri elə etiraflar edir, elə faktlar açıqlayırlar ki, eşidən hər kəs şok yaşayır. Bu şəxslər dövlətin tapşırdığı vəzifədən şəxsi obyekt kimi istifadə ediblər. Nəticədə,  milyonlarla manat rüşvət və başqa mənimsəmələrə yol verilib.   

araz.az bildirir ki, növbəti belə etiraf bu günlərdə səsləndirilib: Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilov məhkəmə istintaqı zamanı yol verdiyi qanunsuzluqlardan söz açıb.

Naxçıvan Hərbi Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham elan edilib.

Mirzə Cəlilov ———————————————-

Polkovnik Mirzə Cəlilov rəis kimi çalışdığı dövrdə 1159 nəfərə hərbi xidmətə yararsız və ya möhlət verilməsi qarşılığında 2 milyon 464 min manat rüşvət almaqda ittiham edilir. O, həmçinin 10 nəfərdən rüşvət alaraq onları işlə təmin edib.

Mirzə Cəlilov ittihama münasibətdə özünü təqsirli bilməyib.

Sərbəst ifadəsində deyib ki, hərbi xidmətə yararsız olanlar barədə aktları rəisi olduğu xidmət deyil, həkimlər verib: “Mən heç kimə göstəriş verməmişəm ki, kimdənsə pul alın. Hər rübün sonunda idarə rəisləri pulları siyahı ilə gətirib mənə verirdilər. Yığılan pulun 10 faizi sonradan onlara verilirdi. Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam”. 

Göründüyü kimi, polkovnik mütəşəkkil cinayətkarlığın üstünü açıb. O, yeni həbslərin keçirilməsinə əsas verən sözlər deyib. Burada yada ilk düşən persona general Arzu Rəhimovdur. O, uzun illər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olub. Tabeliyindəki şəxs bu qədər rüşvət yığıbsa, bundan A. Rəhimovun xəbəri olmayıb? Bu suala aydınlıq gətirmək üçün Arzu Rəhimovla Mirzə Cəlilov məhkəmədə üzləşdirilməlidir.

Son illər xeyli oxşar həbslər aparılıb. Vaxtilə Arzu Rəhimovun tabeliyində işləmiş xidmət rəisləri rüşvət ittihamı ilə tutulublar. Amma nə sirdirsə, generalın poqonlarına toz qondurulmur. Kimsə ondan soruşmur ki, Arzu Rəhimov, axı bu cinayətlər sən rəis olduğun dövrdə baş verib. Mirzə Cəlilovun məhkəmədə verdiyi ifadədən bu cümləyə diqqət edək: “Yığılan pulun 10 faizi sonradan onlara (rəislərə-red.) verilirdi. Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam”.

Bəs yerdə qalan milyonlarla rüşvət kimlərin cibinə gedib? Bu suala cavab tapmaq lazımdır. İnanırıq ki, aidiyyatı orqanlar bu məsələ ilə bağlı vaxt itirmədən hərəkətə keçəcəklər.

Xatırladaq ki, Arzu Rəhimov 2012-2023-cü illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb. General-polkovnikdir. O, 1 oktyabr 1964-cü ildə Naxçıvanda anadan olub. /globalinfo.az/

araz.az xəbər portalı.