BƏYBALA MİRZƏYEV ———————————–
Bəziləri məsələnin təfərrüatına varmadan sorğulayırlar ki, Qroznıya uçan təyyarəmizin Qazaxıstanda nə işi vardı? Bu cür ittiham xarakterli sual məsələyə üzdən, səthi yanaşmağın əlamətidir.
Öncədən onu deyim ki, Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslərin dayandırılması qərarı düzgün qərardır. Ümumiyyətlə, indi müharibə vəziyyətində olan Rusiyanın şəhərlərinə hava daşımaçılığı (mülki aviasiya reysləri) olduqca təhlükəlidir.
İkincisi isə, bu gün həlak olan pilotlarımıza dərindən təşəkkür etməliyik ki (hətta ölümlərindən sonra olsa da belə), onlar sözün əsl mənasında qəhrəmanlıq göstərərək həm neçə-neçə sərnişinin sağ qalmasına nail oldular, həm də qəza enişini Xəzər üzərində və ya Rusiya ərazisində deyil, məhz qardaş ölkə olan Qazaxıstan ərazisində etdilər.
Çünki təyyarə dənizə və ya Rusiya ərazisinə düşsəydi, təyyarənin qəzaya uğramasının gerçək səbəbləri barədə, çox güman ki, heç bir dəqiq məlumat əldə edə bilməyəcəkdik. Rusiya tərəfi sadəcə və sadəcə bütün izləri itirə bilərdi.
Niyə?
Çünki ehtimallar var ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən təyyarəmiz məhz Çeçenistan ərazisindəki Rusiyanın Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən yanlışlıq üzündən, təsadüf nəticəsində vurulub.
Bu versiyanı hətta Rusiya və Ukraynanın hakimiyyətyönlü propaqandaçı ekspertləri də (o cümlədən Yuri Podolyaka da) tamamilə mümkün hesab edirlər (Onun ehtimal versiyasını da yazıya əlavə edirik — red.).
Çox güman ki, Azərbaycanın mülki təyyarəsi Ukraynanın hücum dronlarından biri kimi zənn edilərək, səhvən vurulub. Bunu təyyarənin fyuzelyaj hissəsindəki şrapnel əlamətlərindən, çox saylı dəliklərdən də görmək mümkündür.
Qeyd edək ki, Çeçenistanın Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov bu gün səhər saatlarında (təxminən saat 10-12 radələrində) Qroznıya hücum edən Ukrayna PUA-larının hamısının Çeçenistan səmasında məhv edildiyi barədə açıqlama vermişdi.
Pilotlarımız da çox güman ki, real təhlükəni gördüklərinə görə təhlükəsiz bir ərazidə eniş etməyə qərar veriblər. Ona görə də, Xəzərin o biri yanına — Qazaxıstana üz tutublar.
Təxminən iki saat ərzində idarəetməni tədricən itirən nəhəng hava laynerini Aktauya çatdırmağın özü də ayrıca bir igidlikdir. Ən əsası, bunu əksər xarici ekspertlər də etiraf edirlər.
Sonda onu demək istəyirəm ki, bu həssas məqamda tələsməsək, səbirli olsaq daha yaxşıdır. Çünki qəzanın gerçək səbəbləri tam olaraq Dövlət Komissiyasının müvafiq araşdırmalarından sonra bəlli olacaq.
REDAKSİYADAN:
Bəli, müəllifin dedikləri doğrudur və biz də dəstəkçisiyik. Həm də ona görə ki, hətta “Qəza necə baş verib?” sualına cavab verən Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev belə keçirdiyi brifinqdə belə deyib: “Qəza ilə bağlı ilkin səbəbi müəyyən etmək hələlik mümkün deyil. Mütəxəssislərin araşdırmalarından sonra bu barədə danışmaq mümkün olacaq”.
araz.az xəbər portalı.