Məhəmməd ƏSƏDULLAZADƏ,
Azərbaycan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert.
İranın Yaxın Şərqdə siyasi və hərbi mövcudluğu iflasa doğru getməkdədir. Bu reallıqdır. Elə, Livanda HİZBULLAH-ın İsrail tərəfindən əməliyyatlarla getdikcə zəiflədilməsi, bu təşkilata İran tərəfindən yönlənmiş təhcizat zəncirinin tamamilə qırılması, Suriyada Bəşər Əsəd rejiminin süqutu… da, deyilənlərin təsdiqidir.
Demək olar ki, İrana qarşı İsrailin hərbi zərbələri Tehranı kifayət qədər çıxılmaz vəziyyətə salıb. Uzun illər dəstək verdiyi HƏMAS da, Misirdə İsraillə danışıqlar aparır. Danışıqların əsas predmetlərindən biri, bu təşkilatın İranla əlaqələrinin kəsilməsidir. Artıq Fələstin Administrasiyası da, Tehranı İordan çayının Qərb sahilində iğtişaşlar törətməkdə ciddi ittiham edir.
ABŞ və İsrailin hərbi dəstəyi ilə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də İranın Yəməndəki əsas proksi qüvvəsi olan Husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Bir sözlə, yaxın vaxtlarda Yəməndə iranyönümlü hakimiyyətin tamamilə süqut edəcəyi şübhəsizdir.
Yaxın Şərqdə siyasi nizama, necə deyərlər, yeni dizayn verilir. Bunun özü də, İranın regionda geosiyasi mövqelərinin tam iflasa uğrayacağını, son nəticədə isə, Fələstin dövlətinin tanınmasının təmin ediləcəyini deyir.
Onu da qeyd edim ki, İranın proksi qüvvələri ilə yanaşı, PKK-YPG terror təşkilatına Türkiyə də sarsıdıcı zərbələr vurur. Suriyada Türkiyənin qalib gəlməsi açıq-aşkar regionda yeni siyasi sabitliyin təmin olunmasına gətirib çıxarır. Baş verən proseslər fonunda İranın zəifləməsi isə, Azərbaycanın maraqlarına cavab verir.
İranın Zəngəzur dəhlizinin açılmaması üçün etdikləri də hamıya məlumdur. Bütün bunlar, İranın Azərbaycanın siyasi maraqlarına qarşı mövqe ortaya qoyduğunu sübut edirdi. Ermənistan isə, İranın bu siyasəti müqabilində öz bəd niyyətli manevrlərini həyata keçirə bilirdi. Bundan sonra İranın Zəngəzur dəhlizinin reallaşmasına mane ola bilməyəcəyi göz önündədir. Bu, həm də, iyrənc erməni siyasətinin uğursuz sonluğu deməkdir.
araz.az xəbər portalı.