3.jpgMətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

İclasda əvvəlcə 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Rzayev Fəxrəddin Hidayət oğlunun “Azərbaycan əsgəri” və “Kriminal” qəzetlərinə qarşı şikayətinə baxılıb. Şikayətçi bildirib ki, hər iki qəzetin əməkdaşları onu təhdid edərək, maddi təminat istəyib, əks təqdirdə barəsində şantajedici materiallar yaymaqla hədələyiblər. Komissiya üzvləri şikayətçinin nəzərinə çatdırıb ki, Mətbuat Şurası KİV-lərdə dərc edilərək yayımlanmış materiallar üzrə rəy vermək səlahiyyətinə malikdir. Dələduzluq halları MŞ tərəfindən qınanılsa da, faktın təsdiqlənərək barəsində ölçü götürülməsi onun səlahiyyətləri çərçivəsində deyil. Şikayətçiyə tövsiyyə edilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin.

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın “Rubrika.az” xəbər saytına qarşı müraciətini araşdıran komissiya üzvləri rəy veriblər ki, xəbər saytı İnstitut və onun rəhbəri Gülnaz Dadaşova barədə materiallar hazırlayarkən, faktların araşdırılmasına yetərincə səy göstərməyib. Materiallar qarşı tərəfin rəyi öyrənilmədən yayımlanıb. Sayt rəhbərliyinə tövsiyə edilib ki, narazılıq doğuran məqamların aradan qaldırılması üçün zəruri addımları atsın.

İclasda Bakı şəhəri 53 nömrəli məktəbin direktoru Firəngiz Həsənovanın “Aktualxeber.az” saytına qarşı şikayəti də araşdırılıb. Komissiya üzvlərinə məlumat verilib ki, xəbər saytının Firəngiz Həsənova barədə dərc etdiyi materiallar birtərəfli, qarşı tərəfin rəyi öyrənilmədən təqdim edilib. Xəbər saytının təmsilçilərinin yayımlanmış materiallarda yol verilmiş xətaların səbəbləri barədə mövqelərini təqdim etmədiklərini nəzərə alaraq, qərara alınıb ki, məsələ “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılsın.

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədovanın “Cumhuriyyet.az”, “Poliqon.az”, “Reportyor.info”, “Xeberfakt.az”, “Xalqxeber.az” saytlarına qarşı şikayəti araşdırılıb. Sayt rəhbərləri bildiriblər ki, narazılıq doğuran məqalələri “celilabad tehsil ishchileri” adlı sayta istinadla veriblər. Amma araşdırma zamanı bəlli olub ki, “celilabad tehsil ishchileri” saytı anonim xarakterlidir və istinad üçün etibarlı mənbə deyil. Sikayət doğuran xəbər saytlarının rəhbərləri “celilabad tehsil ishchileri” saytının anonim mənbə tərəfindən hazırlandığından və qərəzli kampaniya aparmasından xəbərsiz olduqlarını bildiriblər, yayımlanmış yazıların aradan qaldıracaqlarını bildiriblər.

araz.az xəbər portalı.