Kənan Rövşənoğlu: “Quranda çoxarvadlılıq deyə bir göstəriş yoxdur”
Araz.az xəbər verir ki, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev açıqlamasında gizli çoxarvadlılığın olmasını təsdiqləyib.
Onun bildirdiyinə görə, ikiarvadlılıq təkcə dini təriqətlərə qoşulanlar, vəhhabilər arasında yayılmayıb: “Bu, həmçinin yeni təriqətlərə aludəçilik göstərən digər müsəlmanlarda da müşahidə etdiyimiz məsələdir və getdikcə artır. Bunun təzahürlərini bir sıra rayonlarda, xüsusilə cənub bölgəsində görə bilirik. İkiarvadlılıq problemi hətta Milli Məclis səviyyəsində də müzakirə edilmişdi. Bu məsələ çoxdan mövcuddur. Məsələn, İranda da belə hallarla qarşılaşırıq.
Həmin ölkədən bura gəlib iki arvad saxlayan, biri burda, birini ölkəsində qoyan müsəlmanlar var. Bunu hamı bilir. Elə adamlardan hətta bir neçəsini tanıyıram. Yəni ailələr var ki, ikiarvadlılıq mühitində özünü normal hiss edir. Belə olduğu halda onların ətrafındakı qonşuları, qonaqları da buna meyllilik edir. Bilirsiniz, bizdə də çoxarvadlılığa meyl var. Lakin qeyd etdiyim kimi, bu meyl təkcə bir məzhəb, təriqət arasında deyil”.
Son zamanlar Azərbaycanda, xüsusən də varlı kişilərin arasında bu hal geniş yayılıb. “Yeni Müsavat” mövzunun aktual olduğunu nəzərə alaraq, bəzi məqamları araşdırıb.
Ərəb alimi Amin Daulax apardığı uzun araşdırmalardan sonra bu nəticəyə gəlib ki, çoxarvadlı kişilər digərlərinə nisbətən 4 dəfə artıq ürək problemi yaşayır.
Kardioloqların Asiya Konqresində məruzə ilə çıxış edən alim problemin səbəbi kimi maliyyə və psixoloji durumum yaratdığı çətinlikləri göstərib.
Daha sonra “Live Science”də dərc olunan materiallardan məlum olur ki, həkimlər 687 kişi üzərində araşdırma aparıb. Bu şəxslər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində ürək problemləri səbəbindən klinikalarda müalicə edilən şəxslər olub.
Araşdırmada iştirak edənlərdən 68 faizinin ancaq bir arvadı olub.
Araşdırma göstərib ki, birdən çox arvadı olan kişilərdə digərlərinə nisbətən ürək-damar problemləri 4,6 dəfə çox müşahidə olunur.
Mütəxəssis qadınlarda da bununla bağlı araşdırmaya ehtiyac olduğunu bildirib.
Teoloq Kənan Rövşənoğlu isə hesab edir ki, İslam dinində çoxarvadlılıq deyə göstəriş yoxdur. O mənada ki, bu bir dini vəzifə və ya seçim deyil. Quranda 4 qadınla evlənmək haqda yeganə ayə Nisa surəsinin 3-cü ayəsidir: “Orada deyilir ki, “Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır”. Bu ayənin əvvəlindəki cümlə əvvəlki ayə ilə bağlantılıdır. Bu ayədən də açıq şəkildə göründüyü kimi, çoxarvadlılıq bir əmr deyil, zərurət və ya istisna hal kimi qeyd olunub. Dində əməllər vacib, müstəhəb (bəyənilən), mərkuh (bəyənilməyən) və haram kimi kateqoriyalara bölünür. Çoxarvadliliq daha çox zərurət əsasında icazə verilən hal kimi anlaşılır.
Çünki birdən artıq evlilik üçün Quran şərtlər irəli sürür. O cümlədən ədalətə riayət və sair. Bəzi fəqihlərə görə, birinci evlilik zamanı qadın əri qarşısında ikinci evlilik qadağası şərti qoya bilər. İslam hökmləri ümumbəşəri olduğu üçün bu cür əmr və göstərişlər xüsusi hallar. Necə deyərlər istisnalar üçün nəzərdə tutulub. Yəni “müsəlmansınız, 5 dəfə namaz qılın, oruc tutun və 4 qadınla evlənin” deyə əmr yoxdur. Bəzi göstərişlər istisna, xüsusi hallar üçündür. Məsələn, Həcc İslamın vacib və əsas ibadətlərindən biri hesab olunur, ancaq onun da yerinə yetirilməsi şərtləri var. Bu mənada çox arvadlılıq şərtlərə bağlıdır. Bu digər dinlərdə də var. Məsələn. Amerikada Mormon təriqətində indi də çoxarvadlılıq var. Yaxud 17-ci əsrdə 30 illik müharibədən sonra Katolik kilsəsi kişilərə bir neçə qadınla evlənmək icazəsi vermişdi”.
Azərbaycan qanunları isə ümumiyyətlə, çoxarvadlılığa icazə vermir. Bununla yanaşı, qeyri-rəsmi nikahda yaşayan qadınların ərləri üzərində hər hansı hüquqi iddiaları ola bilməz. Boşanma halları baş verərsə rəsmi nikah bir çox imtiyazlar verir. Rəsmi nigah olmayan qadın isə hüququnu bərpa edə bilməz. Kəbinin də heç bir hüquqi çəkisi yoxdur. Onlar hətta birlikdə yaşadıqları dövrdə belə əldə etdikləri əmlak üzərində iddiaçı ola bilməzlər. Yalnız uşaq varsa, o bütün övladlıq imtiyazlarından istifadə edə bilər.
Çoxarvadlılıq Özbəkistanda qeyri-qanuni sayılsa da, həmin adət İslam qanunlarını bəzi tərəfdarları tərəfindən müdafiə olunur.
Tənqidçilər və o cümlədən qadın haqlarının müdafiəçiləri, deyir ki, bu dövrü artıq çıxmış bir adətdir və sadəcə dini bəhanələrdən istifadə olunaraq çoxarvadlılığın müdafiəsinə xidmət edir. Təklif olunun yeni qanun layihəsində nikah mərasimlərini keçirən molla və imamların buna görə məsuliyyətə cəlb olunması nəzərdə tutulur.
Lakin Özbəkistanda cəmiyyətin mühafizəkar təbəqələri hesab edir ki, yeni qanunvericilik boşanmaların və fahişəliyin artmasına gətirib çıxaracaq. Populyar bloqçulardan biri yazıb kı, çoxarvadlılığa mənfi yanaşmaqla hər bir müsəlman özünü kafirə döndərir.
Lakin digər populyar bloqçu hesab edir ki, “çoxarvadlılıq əxlaqsızlığı dini bəhanələrlə ört-basdır etmək deməkdir”.
“İkinci arvad olmaqdansa, heç ərə getməmək daha yaxşıdır”, – çoxarvadlılığın daha bir tənqidçisi yazıb. “Qadınlar çoxarvadlılıqla barışırsa, onda kişilərin onları minməsinə də təəccüb etməməlidirlər. Bir qadın kimi mən bunun əleyhinəyəm”, – həmin istifadəçi yazıb. Qanunvericilikdə çoxarvadlılıq qadağan olunsa da, bu cür hallar Özbəkistanda geniş yayılıb.
Bir çox evil özbək kişiləri xaricdə başqa qadınlarla evlənərək, Özbəkistandakı ailələrini atır. Qeyri-rəsmi rəqəmlərə görə, Rusiyada miqrant işçi qüvvəsinin təxminən 3 milyonunu özbəklər təşkil edir. Modern.az
araz.az xəbər portalı.