sder20110201.jpg“Təhsil Araşdırmalar Mərkəzi”, təhsil və elm məsələsinin, insan həyatı və xoşbəxtliyi ilə birbaşa bağlılığını nəzərə alaraq, psixoloqların və filosofların insan xoşbəxtliyi ilə bağlı nəzəriyyə və yanaşmalarına xüsusi önəm verir. Bu dəfə təqdim edəcəyimiz yazı da elə insanın zehni və ruhi sağlamlığı və xoşbəxtliyi mövzusundadır.
Elmdə yeni yanaşmanın müəllifi, azərbaycanlı psixoloq-filosof Yunis Dürüstün “Feysbukun və Həyatın Sirləri” kitabında, depressiyadan uzaq olmaqla bağlı verdiyi tövsiyyələri, “Təhsil Araşdırmalar Mərkəzi” olaraq ictimaiyyətə təqdim edirik və bu kitabı oxumağı, düşüncəli insanlara tövsiyyə edirik:

 Depressiyadan uzaq olmaq üçün nə etməliyik?
Depressiyadan uzaq olmaq üçün bu məsələyə əməl etməliyik: günlük fəaliyyətlərimizə, gündəlik rejimimizə diqqət etmək! Çünki, gündəlik olaraq əgər düzgün bir rejimə sahib deyilsək, psixoloji ehtiyaclarımızı sutkalıq təmin etmiriksə, o halda heç vaxt işlər qaydasında gedə bilməz. Odur ki, xüsusən də aşağıdakı şeylərə riayət etsək, çox keçmədən, doğrudan da psixoloji gücümüzdə və əhvalımızda ciddi müsbət dəyişikliklərin şahidi olacağıq.
Buyurun, beləliklə, diqqət edilməsi gərəkən, vacib məsələlər:
1)Tez durmaq. İlk növbədə, səhər yuxudan tez durmaq önəmlidir. İnsanın orqanizmi və biologiyası elədir ki, səhər tez durmağa yatqındır. Gec durmaq, səhər çox yatmaq, birmənalı olaraq insana və onun psixologiyasına mənfi təsir göstərir. Nə qədər gec dursan, bu bir o qədər ziyanlıdır, nə qədər tez dursan, bu bir o qədər yaxşıdır, xeyirlidir.
2)Hərəkətli olmaq. Xüsusən, səhər vaxtı, idman və ya gimnastika etmək(10-15 dəqiqə yetərlidir) önəmlidir. Bəli, insan elə bir varlıqdır ki, mütləq fiziki hərəkətlərdə bulunmalıdır, hansısa işlər görməlidir. Həm aşağı ətrafları, yəni gövdədən aşağını, həm də yuxarı ətrafları hərəkət etdirici işlər görmək lazımdır, hansı ki, bunun üçün də gimnastika tipli hərəkətlər çox effektivdir. Əsasən də ayaqları, aşağı ətrafları hərəkət etdirmək çox önəmlidir və bunun üçün də gəzmək, yürüyüş etmək, daha sadə yoldur. Fərq etməz, sürətli, yoxsa ləng. Ümumiyyətlə, gün ərzində insan ən az 7000-8000 addım atacaq qədər yol getməlidir(Bu isə, hardasa, 40-50 dəqiqə, orta sürətlə yol getmək deməkdir). Belə olarsa, bir çox potensial xəstəliklərdən və nasazlıqlardan qurtulmaq olar. Bu, həm də zehnimizin və hisslərimizin də yenilənməsinə səbəb olacaq, əhvalımız “format” olunacaq.
3)Düzgün qidalanma. Səhər və günorta yeməyini, yaxşı şəkildə yemək vacibdir. Təbii qidalara (yağ, şor, pendir, bal, meyvə, tərəvəz və s.) üstünlük vermək gərəkir. Xəmirli, şəkərli, yağlı qidalardan isə mümkün qədər az istifadə etmək lazımdır. Axşam yeməyində isə ağır qidalara yer vermək olmaz. Məsələn, qatıq, meyvə və s. kimi yüngül qidalara üstünlük vermək gərəkir.
4)Səhər durduqdan sonrakı vaxt, insanın ən aktiv və vücudun ən fəal olduğu zamandır. Beləliklə, ən çətin və ən önəmli işlərinizi məhz bu vaxtda görün.
5)Günortadan sonra isə ən azı 30-40 dəqiqə yatmaq, sizə, günə yeni başlamış kimi bir enerji və gümrahlıq qazandıracaqdır(Amma 1-2 saatdan artıq yatmaq olmaz).
6)Günün sonrakı vaxtında isə başqa işlərlə məşğul olmaq olar. Kompüterin başında, məhdudiyyətsiz şəkildə olmayın. Heç olmasa, hər bir saatdan bir, 5 dəqiqə fasilə verin və məsələn, gəzişin. Çünki, həm də gözə də dinclik vermək lazımdır, o bayaqdan yaxın məsafəyə fokuslanmışdısa, indisə heç olmasa bir neçə dəqiqə uzaq məsafələrə baxın ki, balans yaransın. Çalışın, gün ərzində 4-5 saatdan artıq kompüterlə məşğul olmayın. Həmçinin, telefon başında da çox olmayın və fasiləylə məşğul olun.
7)Ümumiyyətlə, gün ərzində həm zehni fəaliyyətlə, həm də fiziki fəaliyyətlə, balanslı şəkildə məşğul olmaq lazımdır. Yəni, saatlarla sırf dərs oxumaq, ya da sırf idman etmək uyğun deyil, balans yaratmaq lazımdır.
8)Mümkün olduğu qədər, eyni işləri, eyni vaxtlarda edin; məsələn, bu gün saat 6:00-da durdunuzsa, sabah da, birisi gün də həmin vaxtda durun. Və ya saat 00-da yatdınızsa, elə növbəti günlərdə də belə edin. Həmçinin, yemək, çalışmaq da eyni şəkildə. Mütləq də dəqiqə hesabı ilə eynilik, vacib deyil, yəni təxmini eyni vaxt.
Ümumilikdə bu rejimə sadiq qalsaz, siz vəziyyətin çox keçmədən dəyişdiyini və həm zehni olaraq, həm də bədəni olaraq gücləndiyinizi, psixoloji durumunuzun sürətlə yaxşılaşdığını görəcəksiz. Durumunuzun yaxşılaşma faizi, bu rejimə əməl etmə faizinizə müvafiq olacaqdır…

P.S. Bu dəyərli əsəri, əldə edib oxumaq istəyənlər üçün kitabın satıldığı ünvanları nəzərinizə çatdırırıq: “Elmlər”də- metronun əsas çıxışı ilə üzbəüz olan “Rebus” və metroya yaxın “Xan Xəzinəsi” mağazasından; “Nizami” metrosunun yaxınlığında “Furqan” dini mağazasından; Statistika komitəsi ilə üzbəüz “Azərkitab” mağazasından;”KİTABEVİM” mağazalarından; şəhərdə çoxsaylı dükanları olan “AzBook” mağazalarından (Bakıda və Gəncədə); Həmçinin, Lənkəranda “Secret Kitab evi”ndən almaq olar.
Onlayn formada isə (bütün bölgələrə və ölkə xaricinə çatdırılma ilə) “kitabevim.az” mağazasından və saytından sifariş edə bilərsiz.
Alış linki:http://kitabevim.az/index.php?route=product/product&product_id=7260

 

araz.az xəbər portalı.