73187086_2500903086670522_1494442258714329088_n.jpgSumqayıtın “Dostlar klubu” da bu layihənin uğurla reallaşmasına diqqət göstərir.

Müəlliflərinin tanınmış türk şairi Coşqun Karabulut və şairə-həkim Nazilə Gültac olduğu bu geniş əhatəli layihə çərçivəsində Azərbaycana gələn türkiyəli şair və yazıçılar Sumqayıtın 70 illiyinə həsr edilmiş Poeziya günündə, yubileyqabağı şənlikdə iştirak etmişlər

Onlar Azərbaycana əliboş gəlməmişdilər. Coşqun Karabulutun məsləhəti ilə şairə-həkim Nazilə Gültacın tərcümə etdiyi, 10 türk şairinin şeirlərinin toplandığı “Fəthiyyədən Bakıya könül körpüsü” adlı antologiya ilə, o cümlədən şair-filoloq, professor Yelda Özsunarın “Universal simfoniya”, Fatma Bacaranın “Payız gəlini”, Şahsene Camızın “Günəş yüklü nağıllar” və digər əsərlərlə təşrif buyurmuşdular.

“Könül körpüsü”nün ideya müəllifləri Coşqun Karabulut və Nazilə Gültac geniş planlı bu layihə üzərində 6 aydan artıqdır ki gərgin yaradıcılıq işi aparırlar. Türkiyə və Azərbaycan arasında ədəbi əlaqələrin təsadüfdən-təsadüfə yox, işlək bir mexanizm kimi daimi olmasına çalışan layihə rəhbərləri iki qardaş ölkənin yazıçı və şairlərinin yaradıcılıqlarını bir-birilə yaxın təmasda qurmaları üçün konkret və səmərəli fəaliyyət göstərirlər. Adları çəkilən dörd kitab məhz Nazilə xanımın tərcüməsində Bakının “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə bu il çap edilərək, Azərbaycan oxucusuna təqdim edilmişdir. Nəzərə alınsa ki, bu dörd kitab son 4-5 ayın məhsuludur, onda layihə rəhbərlərinin xalqlarımızın dostluq və əməkdaşlıqlarının daha da möhkəmlənməsi naminə necə gərgin, məhsuldar çalışdıqları aydın olar.
“Fəthiyyədən Bakıya könül körpüsü” toplusunda təqdim edilən 10 şairin şeirləri də, Fatma Bacaranın “Payız gəlini”ndəki hekayələri də, Şahsene Camızın “Günəş yüklü nağılları” da, professor Yelda Özsunarın “Universal simfoniya”sı da çox maraqla oxunur. Müəlliflər müxtəlif peşə sahibləri olsalar da, onları bəşəriyyətin sabahına olan məsuliyyət, cavabdehlik birləşdirir. Onların həyata, cəmiyyətə baxışları fərqlənsə də, oxucuya və ədəbiyyata eyni dərəcədə sadiqdirlər. “Elm nəğmələrlə, şeirlərlə, hekayələrlə anladıla və sevdirilə bilirmi?” sualına Yelda xanım elmi düşüncələrini öz şeirləri ilə çox gözəl şəkildə müşayiət etməklə, “simfoniya” yaratmaqla konkret olaraq “bəli” cavabını verə bilib.
Fatma xanımın hekayələri də öz mövzu dairəsi ilə geniş və fərqli olmaqla oxucunun diqqətini cəlb edir. Şahsene Camızın əsasən uşaqlar üçün yazılmış, lakin böyüklərin də marağına səbəb olan nağıllar isə həqiqətən günəş yüklüdürlər. Və türk şair və yazıçılarının bu cür əsərlərinin Azərbaycan oxucusuna çatdırılması həqiqətən təqdirəlayiqdir.
Təsadüfi deyildi ki, “Könül körpüsü” layihəsi üzrə qardaş ölkədən gələn qonaqlarla Sumqayıt Poeziya Evində keçirilən yaradıcılıq görüşü böyük diqqət və marağa səbəb olmaqla əsl bayrama çevrilmişdi. Nəinki Azərbaycana artıq ikinci dəfə təşrif buyuran Coşqun Karabulutun və Mahmut Özkocanın, hətta ilk dəfə tanış olan digər dostların da görüşləri elə səmimi və mehriban, ürəkaçan idi ki, sanki illər həsrətlisi olan doğmalar görüşürdü.
73045344_753762205140400_5789301154034745344_n.jpg– Biz tarixən iki qardaş, dost ölkələr olmuşuq. Yadlar araya girib, bizləri yadlaşdırana qədər Azərbaycanla Türkiyə arasında həmişə gediş-gəliş olub, – deyir Coşqun Karabulut. – Hətta mənim ulu babam ötən əsrin əvvəlində Şəkidən köçərək, bizim Sarıqamış vilayətinə gəlmiş, orda kök salmışdı. Keçən dəfə Azərbaycana gələndə öyrəndim ki, Sumqayıtdan olan bir jurnalist dostumuzun babası isə 100 il əvvəl elə həmin Sarıqamışdan Şəkiyə köçüb. Bu, bizlər arasında hələ keçmiş zamanlardan nə qədər gediş-gəliş, yaxınlıq, doğmalıq olduğunu çox aydın şəkildə təsdiq edir. Bəli, biz bir millət, iki dövlətik. Mən ötən dəfə bura gələndə də, indi də ata-baba yurdum Şəkidə olmuşam. Çox gözəl şəhərdir. İnanırsınız, mən orda özümü evimdəki kimi elə rahat hiss edirəm ki. Yəqin ona görə ki, qanımda-canımda o yerin ab-havası, babamın ruhu var…
Coşqun Karabulut ötən müddət ərzində Sumqayıtdan olan istedadlı ziyalı dostu doktor Hümbətin Türkiyədə, xüsusilə də Fəthiyyə bölgəsində böyük marağa səbəb olmuş iki kitabını çap etdirə bildiyinə görə qardaş məmnunluğu duyduğunu bildirdi. Və qeyd etdi ki, “bu, hələ başlanğıcdır, irəlidə bizi daha geniş yaradıcılıq əlaqələri gözləyir”.
Antakyanın Sarıbük kəndində, Türkiyə-Suriya sərhədində artıq neçə ildir ki suriyalı uşaqların da oxuduğu məktəbin direktoru olan şair Mahmut Özkoca da Azərbaycana budəfəki gəlişinin sevincindən doymaq bilmir:
– Bir-neçə ay əvvəl doktor Hümbət Quliyev sevimli şairimiz Coşqun Karabulutun dəvəti ilə Türkiyəyə səfər edərkən bizim məktəbin Suriya ilə sərhəd nöqtəsində yerləşdiyini və bütün Türkiyədə olduğu kimi kəndimizdə də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adının uca tutulduğunu, məktəbimizin foyesində onun böyük portretinin vurulduğunu eşidib, uzun yol qət etməklə məktəbimizə gələrək, müəllim və şagird kollektivimizlə görüşmüşdü. Məktəbin foyesində Mübarizin iri portretitni görəndə onun sevinc, ifixar qarışıq kədərlə kövrəldiyini görəndə biz də kövrək hisslər keçirdik. Həm də hamımız fəxr etdik ki, nə yaxşı türk dünyamızın Koroğluları, Babəkləri, Atatürkləri, Ənvər paşası, Mübariz kimi qəhrəman, igid oğulları var.
…Sumqayıt Poeziya Evində “Könül körpüsü” layihəsinin rəhbərlərinin təşəbbüsü və təşkilatçılığı üzrə türk yazarları ilə keçirilən görüş həqiqətən əsl poeziya bayramına çevrilmişdi. Türkiyəli qonaqlar söz alaraq, tribunaya yaxınlaşır, öz lirik şeirləri ilə yanaşı Azərbaycan-Türkiyə dostluğuna, xalqımızın Qarabağ mübarizəsinə, igid oğullarımıza həsr edilmiş şeirlər oxuyaraq, alqışlarla qarşılanırdılar. Ustad şair Coşqun Karabulut və Mahmut Özkoca ilə yanaşı Ahmet Denizin, Fatma Bacaranın, Şahsene Camızın, Eser Tuncoğlunun (onun gözəl səslə oxuyaraq sazda ifa etdiyi Azərbaycan mahnıları və türkülər hamını heyran etdi), Fahri Yılmazın, Mine Sarmışın, gənc şairələr Burcu Yılmaz Sayılğanın, Selma Cengizin və digərlərinin şeirlərindəki türkçülüyə, Vətənə, Anaya, övlada olan böyük sevgi, yetişməkdə olan gənc nəslə sonsuz məhəbbət və ümidlər salona toplaşanaların hər birinin qəlbini fərəhlə, iftixarla doldururdu. Elə buna görə idi ki, Sumqayıt və Azərbaycan poeziyasının bugünkü ağsaqqalı, respublikanın Əməkdar Mədəniyyət işçisi Əşrəf Veysəlli və Əli Kərim adına Poeziya klubunun sədri İbrahim İlyaslı, layihə rəhbəri Nazilə Gültac, tanınmış yazıçı-publisist, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov, şairlərdən Rafiq Yusifoğlu, Mikayıl Bozalqanlı, Zirəddin Qafarlı, Əkbər Qoşalı, Xatirə Fərəcli, Namiq Dəlidağlı və Sevinc Qərib tərəfindən Sumqayıt Poeziya Evi adından qonaqların hər birinə təşəkkürnamələr, fəxri-fərmanlar, Sumqayıtda yazıb-yaradan şair və yazıçıların kitabları, yubilyar şəhərin simvolu olan “Göyərçin” suvenirləri təqdim edildi.
Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin, AYB-nin Sumqayıt bölməsinin və respublika Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt regional Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Sonra qonaqlar şəhəri gəzməyə çıxmış, gözəlliyi ilə qəlb oxşayan Sumqayıt bulvarını heyranlıqla dolaşaraq, Xəzərin ləpədöyənindən şəhəri məftunluqla seyr etmiş, xatirə şəkilləri çəkdirmişlər.
Qonaqlar üçün “Gənclik Siti” restoranında təşkil edilmiş ziyafət də onlar üçün mənalı, sevincli anlarla yadda qalmışdır. Belə ki, həmin məclisdə Sumqayıtın “Dostlar klubu” adından hər bir türk şairinə klubun Fəxri üzvü olduğunu təsdiq edən buklet şəklində, imzalı-möhürlü sənəd və xüsusi sertifikatlar verilmişdir. Onları hörmətli qonaqlara “Dostlar klubu”nun rəhbəri doktor Hümbət Quliyev, klubun üzvləri – Sumqayıt “Neftqazavtomat” Elm-İstehsalat Birliyinin baş direktoru, texnika elmləri namizədi Əli Əmirov, Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq kafedrasının müdiri, professor Sahib Fərzəliyev, “Hippokrat” Tibb Klinikasının baş həkimi, tibb elmləri namizədi, Azərbaycanın Əməkdar həkimi Mayılxan Tağıyev, tanınmış yazıçı-ssenarist, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov, şərqşünas alim Vüsal Hətəmov, yazıçı Arif Ərşad, şair və iqtisadçı Rafiq Mehdiyev, həmçinin “Sumqayıtın tarixi” muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova, Sumqayıt Poeziya Evinin direktoru şair İbrahim İlyaslı, “Könül körpüsü”nün təşəbbüskarı, şairə Nazilə Gültac, şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova, Azərbaycan “Qırmızı Aypara” Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin sədri Mətanət Məhərrəmova, AYB Sumqayıt bölməsinin məsləhətçisi, Prezident mükafatçısı şairə Xatirə Fərəcli və digərləri təqdim etmişlər.
İki qardaş xalqın daha bir dostluq, birlik, həmrəylik nümunəsi olan tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev iştirak edərək, onları salamlamış, yeni yaradıcılıq görüşləri və uğurları arzulamışdır.
Şeirlərlə, musiqi və kollektiv rəqs ilə müşayiət olunan tədbir Sumqayıtın 70 illiyinə həsr edilmiş təntənəli bayram şənliyi kimi yadda qalmışdır.
***
Türkiyəli qonaqlar “Könül körpüsü” layihəsi üzrə Bakıda, Şamaxıda, Şəkidə, Xaçmazda, Şabranda da olmuş, ədəbi görüşlər keçirmiş, tarixi yerlərlə, Azərbaycanın qədim memarlıq və tətbiqi sənət nümunələri ilə tanış olmuşlar.

Rəhman ORXAN.

araz.az xəbər portalı.