Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Saxta və kontrafakt məhsullara qarşı mübarizə strategiyası və məhsulların identifikasiyası” mövzusunda gömrük əməkdaşları üçün seminar keçirilib.
Araz.az xəbər verir ki, seminarda Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, REACT-ın Şimal-Şərqi Avropa və Orta Asiya regional direktoru Kazimieras Sarzickas, REACT-ın Azərbaycandakı nümayəndəsi Nəriman Ramazanov, xarici şirkətlərin nümayəndələri və gömrük əməkdaşları iştirak edib.
Seminarın açılışında Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov bildirib ki, seminarın əsas məqsədi saxta malların müəyyən olunması və onlara qarşı mübarizə aparılması ilə bağlı gömrük əməkdaşlarını maarifləndirməkdir.
Saxta və kontrafakt məhsulların müəyyən olunmasının Dövlət Gömrük Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu deyən Akademiyanın rəisi qeyd edib ki, gömrük xidməti təhlükəsizlik, fiskal fəaliyyət sahələri ilə yanaşı, saxta məhsullara, onların dövriyyəsinə qarşı da ciddi mübarizə aparır.
Seminarda əsasən “Azərbaycana idxal olunan məhşur şirkətlərin əmtəə nişanlarının qeyri-qanuni istifadəsi”, “saxta malların ölkəmizə daxil olmasının qarşısının alınması”, “saxtalaşdırma nümunələri”, “gizli qoruyucu nişanlar”, “saxta məhsullarla orijinal məhsulu necə fərqləndirmək olar” və s. mövzularda müzakirələr aparılıb.
Seminarda gömrükçüləri maraqlandıran suallar ətraflı cavablandırıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
araz.az xəbər portalı.