Və ya Güney azərbaycanlıların hüquqları üzərindən “bazarlıq”…

Ötən gün 100 yaşında vəfat edən ABŞ-ın sabiq prezidenti Cimmi Karteri bəziləri “sülh quşu” kimi təqdim edirlər. Ancaq Demokratlar Partiyasından olan əksər ABŞ prezidentləri kimi Karter də məkrli qlobal geosiyasi “oyunçu”lardan biri idi.

Və onun gülüşü də əksər amerikalıların gülüşü kimi saxta (növbətçi) gülüş idi. O gülüşün arxasında, əslində, olduqca mahir bir intriqan, avantürist siyasətçinin bəkqraundu gizlənirdi.

Düzdür, o, barışmaz düşmənlər olan Misir və İsraili bir araya gətirərək, onların arasında məşhur “Kemp-Devid” sülh sazişinin imzalanmasına (1978-ci ildə) nail olan və buna görə hətta Nobel Sülh mükafatı da alan bir vasitəçi lider kimi tarixə düşüb. Lakin o saziş də əsl həqiqətdə gerçək sülhə yox, ucuz ərəb neftinin məhz ABŞ-ın himayəçiliyi ilə Qərb bazarlarına çıxarılmasına xidmət edirdi.

Elə Ruhulla Xomeyninin başçılığı ilə mollaların İranda hakimiyyətə gətirilməsi də məhz həmin planın bir parçası idi. Demokratlar Pəhləvilərin devrilməsinə və mollaların hakimiyyət Olimpinə yüksəlməsinə yol açmaqla bir neçə mühüm hədəflərinə nail oldular.

Lakin fars-molla rejiminin Güney Azərbaycan türkləri üçün və İrandakı digər qeyri-fars xalqlar üçün Pəhləvi rejimindən də daha qəddar olması isə nə “sülh göyərçini” Karteri, nədəki Demokratlar Partiyasından olan sonrakı Amerika prezidentlərini əsla maraqlandırmadı.

Bunun tam əksinə, “Demokrat” prezidentlər (Bill Klinton, Barak Obama, Co Bayden) İranın molla rejimi ilə həmişə pərdəarxası işbirliyinə üstünlük veriblər. Əzilən qeyri-fars xalqların hüquqları isə ABŞ prezidentləri üçün sadəcə sadəcə “bazarlıq” predmeti olub.

Ona görə də, mollaların “böyük dost”unu sülh və azadlıq mələyi kimi təqdim etməməliyik.

Və karterlərin, klintonların haqqında romantik ovqatlı portret-yazılar yazarkən, heç olmasa, bir az da olsa, Güney Azərbaycandakı soydaşlarımızın da məşəqqətləri haqqında da düşünməliyik. Çünki Güney Azərbaycanın bağımsızlığını əngəlləyən dünya güclərindən ən başda gələni məhz ABŞ-dır. Güneyin müstəqillik məsələsinin dünyanın gündəminə daşınması isə ilk növbədə bizdən asılıdır.

Bəybala MİRZƏYEV.

 

araz.az xəbər portalı.