Yeni ilin gəlişi – təqvim dəyişməsi, sanki insanın iç dünyasında nələrinsə zəngin bir ahənglə, kainat ruhuna uyğun ritmlə hərəkətləndiyi vaxtdır. Gözəgörünməz qapılar açılır elə bil: bəzən keçmişə, bəzən gələcəyə, bəzənsə özümüzə…

Təqvimlərdə rəqəmlərin dəyişməsi sadəcə xronoloji bir hadisə deyil; hər bir insan üçün bu, fərqli anlamlar daşıyır — belə olmasaydı, bayram günləri, il təzələnməsi də sıradan bir gün kimi ötüb-keçərdi, elə deyilmi?

Bir uşağın həyəcanla ilk qar dənəsinə toxunduğu o həyəcanlı an kimi, yeni il də yaş-baş gözləmədən, hər kəsin ruhunda bir fərqli iz buraxır. Kimisi üçün sevinc, kimisi üçün qərib bir kövrəklik, kimisi üçünsə bir sual: hara gedir bu yollar? Bəlkə də, sevinclə kədərin, — bayramlara görə onu bir az dəyişik yazaq, — kövrəkliyin arasında çoxlu rəng var, rəng yoxsa, çalarlar var, o da yoxsa, illa hansısa kateqoriya üzrə başqa nələrsə vardır… Bax, o nələrsədən biri sualdır; sual özü bir dəyərdir — hələ-hələ özümüz özümüzə ünvanlayınca… Hər sualın da illa bir cavabı vardır, əlbət, vardır cavabı… Ancaq ilin son günü, təzə ilin öncəsi suallar da bayram tətilinə çıxsın, yalnız cavablar, müəyyənliklər qalsın meydanda. Ümid, ümiddən ötə inam at oynatsın ortalıqda — at oynamasa, barı ilanoynadan gəlsin meydana — deyirlər təzə il ilan üstdə gəlir: əgər bu yaraşdırmada bir hikmət varsa, qoy, o hikmət ilahi kəramətə qarışsın və insanlara, insanlığa, flora və faunaya, təbiətə yaxşılıq gətirsin, gözəllik üstünə gözəllik yaysın, anlam içrə yeni anlamlar qazansın və qazandırsın.

Dekabr ayı, ilin son nəfəsi, həm də sükunətin tələffüzü kimidir. İnsan nə qədər irəliyə baxsa da, sanki keçmişin əlləri onu geri çəkir… Nə yaxşı ki, bu çəkiş “sanki” ilə birgədir və də uhulət-suhulətlədir.

Ötən il içində həyata keçməmiş arzular, yarımçıq qalan işlər, çin olmayan ümidlər – hamısı insanın əllərinə bir yük kimi düşür. Dərhal da özümüz özümüzü inandırırıq: əllərə bir yük kimi düşənlər təzə ildə gülə dönəcək, ləçək-ləçək olacaq, ətir saçacaq — lap qar çiçəyi kimi üzə güləcək… Bəlkə də o “yük” dediyimizin özündə də bir hikmət var. İnsanoğlu anlayır ki, nə təqvimlər, nə illər tamdır; tam olan yalnız iç dünyamızla dış dünyamızın harmoniyası ola bilər.

Tələsmək, bəzən özümüzdən uzaq düşməkdir. Ona görə, bəlkə də, yeni ilə addımlayarkən tələsməmək ən doğru qərardır. Dəyişən təqvim deyil, insanın özüdür, baxış bucağı, ovqatdır insanda dəyişən…

İnsan haldan hala düşür: bəzən sevinc, bəzən ağrı, bəzən də sükut… Halın zənginliyi, onun sənin könül dünyanla necə uzlaşdığında gizlidir. Yeni il – bu halı, bu könül çırpıntısını duymaq üçün bir fürsətdir.

Yeni ilin ən böyük anlamı nədir? — Özündə, sözündə, gözündə bir nizam yaratmaq, daxili rənglərin ahəngini bulmaq və s. Bax, bax, bu nizam, bəlkə də, təqvimdə yox, anların dərinliyində gizlənir.

Hər ilin sonu insanda bir hesabatlıq duyğusu da oyadır. Keçmişin addımları geriyə baxır, gələcəyin addımları isə irəli qaçır. Bəs insanoğlu özü haradadır? İnsanın olduğu yer indidə, hələ-hələ yeni il qarşısındakı son gündə, bayram dediyimiz bu gündə deyilmi?..

Bu kövrəklik, bəlkə də, keçmişdən gələcəyə keçidin ən saf, ən təmiz rəngidir, nə bilim. İnsanoğlu həm itirdiklərini, həm qazandıqlarını, həm də edə bilmədiklərini düşünür, düşünür. Amma sonda anlayır ki, həyat – bu, hesablardan, hesabatlardan daha böyük, daha zövqlüdür… Şair demiş, ey həyat, sən nə qəribəsən…

Bəli, artıq bir qərinədir ki, yeni il öncəsi bizim ulusun daha bir təntənəsi yaşanır: Dünya Azərbaycanlılarının #HəmrəylikGünü. Bu iki bayramın bir-birinə bu qədər yaxın olması, bəlkə də, təsadüf deyil, təvafüqlükdür. Həmrəylik – insanın öz içində tapdığı birliyə bənzəyir. İnsan iç dünyasında nizam yaratdıqca, dışarıda da birlik mümkün olur. İçi-dışı birlərə salam olsun!

İlin sonundakı söz sonu…

Yeni il – gələn günlərin pəncərəsidir. Bu pəncərəni necə açıb-bağlamaq, hansı nəfəsin içəri daxil olmasına izn vermək – insanoğlunun öz seçimi, öz qərarı, öz iradəsidir.

Qoy yeni il hamımız üçün yenilənmə, dirçəliş, ağıl və könül birliyinin, ruh dincliyinin simvolu olsun. Təqvimlər dəyişir, illər keçir, günlər ötür, amma önəmli olan bizdən geriyə qalan izlər, bizim irəliyə – hara, nə üçün, necə və kiminlə boylanışımızdır…

Bütün yollarımız uğurlu olsun – göy üzündə uçağımız, yerdə arabamız, dəmir yolunda qatarımız, dənizdə gəmimiz uğurla gedib-gəlsin, uğur daşısın, sevinclə dolub-daşsın.

Bu Həmrəylik Günündə ruhu şad şəhidlərimizin analarının əlindən, şəhid körpələrinin gözlərindən öpür, şəhid ailələrimizə, qazilərimizə sayğılarımı yetirirəm!

Bayramlarınız qutlu olsun!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI.

araz.az xəbər portalı.