Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini getdikcə daha da möhkəmləndirən İsraildə yaşayan həmyerlimiz, adını çəkdiyimiz nüfuzlu beynəlxalq qurumun Baş katibi, sülh səfiri Aleksandr Şapiro — Sulimandan xalqımıza və ölkə rəhbərliyinə möhtəşəm bayram təbriki ünvanlanıb.

“Araz” Media Qrupunun redaksiyasına da göndərdiyi həmin təbrikində Sülh səfiri ilk olaraq xalqımıza müharibəsiz və münaqişəsiz illər, ədavətsiz günlər, dövlət başçısına uğurlu siyasət arzulayıb. Xüsusi olaraq onu vurğulayıb ki, Qarabağ müharibəsinin və məlum təyyarə qəzasının ağrılarını bir həmyerlimiz olaraq, o, bizimlə birgə yaşayıb.

“Əziz və qiymətsiz həmyerlilərim!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü mənim üçün də əziz bir günə çevrilib. Üstəlik, bu Gözəl Günümüzə Yeni il duyğularımı da qataraq, hər birinizə sarsılmaz birlik ruhu arzulayıram.

Son günləri mənim üçün də sarsıntılı keçən köhnə il gedir. Məlum təyyarə qəzasında həlak olanların, Vətənin qəhrəman şəhid övladlarının ruhları şad olsun deyə, Böyük Allahımızdan onlara rəhmət diləyirəm.
Qoy bütün sarsıntılarınız ötən olsun.

Yeni ildə sizlərə xeyirli və məhsuldar iş günləri, tamamlanmamış neçə-neçə planlarınızın həyata keçməsini arzulayıram. Hər şeydə nəzərdə tutduğunuz gerçəkliklər qismətiniz olsun! Münaqişəsiz və ədavətsiz keçən günləriniz böyük uğurlarla müşayiət olunsun.

Arzu edirəm ki, evlərinizdə rahatlıq, sevgi və qarşılıqlı anlaşma hökm sürsün! Süfrələrinizə ruzi-bərəkət diləyirəm. Böyük Allahımızın nəzərləri başınız üstündən heç vaxt əskik olmasın!” — Sülh səfiri öz təbrikində qeyd edib.

araz.az xəbər portalı.