Tariximizin şanlı səhifəsinə Vətəninin şəhid qəhrəman övladlarının adları qızıl hərflərlə yazılıb. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, səngərlər əfsanəsi Polad Həşimovdur. Onun Vətən və millət sevgisi, mərdliyi, qəhrəmanlığı… hər birimiz üçün örnəkdir.
Polad Həşimov 2020-ci ilin iyul ayının 14-də Tovuz döyüşlərində şəhid olaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edib. O, sadəcə bir general deyil, həm də hər bir əsgərinin yanında olan, xalqının sevgisini qazanan bir lider idi. Onun yüksək mənəviyyatı, insanpərvərliyi və komandanlıq bacarığı adını əbədi olaraq xalqımızın yaddaşına həkk edib.
Polad Həşimovun həyat yolu bizim — Azərbaycanın gələcəyinə cavabdeh biz gənclər üçün də, əsl vətənpərvərlik nümunəsidir. Çünki, o, sıradan bir şəxs deyil, ömrünü Vətənə xidmətə həsr edən, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizədə daim ön sırada gedən soydaşlarımızdan biri kimi özünü tanıdıb. Beləcə, təkcə Azərbaycan xalqının deyil, bütün Türk Dünyasının qəhrəmanlıq rəmzinə çevrilib.
Onun adı əbədi olaraq yaddaşımızdadır və ürəklərimizdə yaşayır. Onun şücaəti və əziz xatirəsi bizi hər zaman doğma Vətənimizə daha sıx bağlı olmağa, onu qorumağa və uğrunda yorulmaz mübarizəyə ruhlandırır.
Şəhidlər ölməz, Vətən bölünməz!
Əziz generalımız, ruhun şad olsun, qəbrin nurla dolsun: Bu arzu-istəklə də, daim səni yad edəcəyik!
Dərin hörmət və ehtiramla,
“Əbədi Birlik” Gənclər İctimai Birliyi adından, qurumun rəhbəri Şahin ƏLİYEV.
araz.az xəbər portalı.