Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər ƏLİYEV

Bir nəğməli gecənin düşüncələri

 

 w_161570897967319903075_1000x669.jpg

 

Yaqub Zurufçu vətən həsrətli-eşqli qəlbini “Ayrılıq”dan qopardıb, bütün dünyanı dolaşaraq, onu yalnız Azərbaycanda tapındıra, sevindirib-ovundura bilib

Uğurların kökündə, mayasında duran, Bakıdan Təbrizə aparılan mahnı sevgisi. Vaxtilə atası Qulu kişinin iş dalınca İrandan əvvəlcə Naxçıvana, sonra da Bakıya gələrək, burda bir-neçə il işlədikdən sonra Təbrizə qayıdarkən özü ilə böyük Azərbaycan sevgisi aparması, Sovetlərin radio efirində dalğa pozuculuğuna, dağıdıcılığına baxmayaraq, çətinliklə də olsa, Bakını “tutub”, azyaşlı oğlu Yaqubla birgə radioda dahi Bülbülün, Rəşid Behbudovun, Rübabə Muradovanın, Şövkət Ələkbərovanın və digər müğənnilərin ifasında Azərbaycan mahnılarına qulaq asması gələcək müğəninin həyatında çox mühüm, əsas rol oynamışdı.

Milli musiqimizə atasından keçən sevgi ilə qəlbinə yatan, xoş gələn mahnıları hərdən atası ilə birgə, hərdən də öz-özünə zümzümə etməsi elə vərdiş halını almışdı ki, balaca Yaqub sonralar bir gün də mahnısız qala bilmirdi. Həm də atasının Azərbaycan sevgisi ona güclü sirayət etdiyindən, o da mahnıları atası kimi yanğı ilə, hərdən də kövrələrək oxuyurdu. Ona görə də Qulu kişi bir gün etiraf edib, oğluna demişdi ki, sənin də səsin pis deyil, oxu. (Müğənni bu gün də oxumaq həvəsini, istedadını ilk növbədə hələ uşaqlıq çağından çox sevdiyi, heç zaman unuda bilmədiyi, unutmaq istəmədiyi, müqəddəs  sandığı atasının uzun müddət Bakıda yaşayaraq, Azərbaycan musiqisinə olan böyük sevgisi ilə izah edir). Atasının sözündən həvəslənərək həyətdə-bacada mahnılar oxumağa başlayan, öz yapışıqlı, qəlbəyatan səsi ilə artıq 7 yaşından yaşadıqları və ətraf məhəllələrdə də sevilən balaca müğənni çox keçmədən Təbriz radiosunun uşaqlar proqramında iştirak edərək, şövqlə oxuduğu “Cücələrim” mahnısı ilə (Qəmbər Hüseynli, Tofiq Mütəllibov) bütün İranda tanınmış, dillər əzbəri olmuşdu. İllər ötüb, 11 yaşına çatanda artıq Azərbaycan xalq mahnıları ilə yanaşı bəstəkar mahnılarını da məharətlə ifa edən Yaqub Zurufçu sonradan – 15 yaşında ikən Təbrizin Milli Televiziyasında ilk dəfə çıxışı zamanı çox sevilən xalq mahnıları “Evləri var xana-xana”, “De, gülüm gəlsin, ay nənə”, “Dilbər” mahnıları ilə tamaşaçıların böyük rəğbətini qazanmışdı.

Sonralar Tehran Universitetində iqtisadçı təhsili almaqla yanaşı eyni zamanda Tehranın Opera xorunda öz musiqi fəaliyyətini də davam etdirmiş, lakin 1979-cu ildə İranda baş verən gözlənilməz “İslam inqilabı”ndan sonra yüksək musiqi təhsili almaq arzusu ilə Almaniyaya köçməli olmuşdu.

 

Təbrizdən Avropaya, oradan da Amerikaya aparan, sonra…

nəhayət, doğma Azərbaycana gətirən uzun sənət yolu

 

Əvvəlcə Hamburq şəhərində peşəkar vokal sənətinə yiyələnən gənc Yaqub Zurufçu sonralar təhsilini Amerikanın Florida ştatındakı Miami Universitetində davam etdirir. Ancaq tale onu haralara aparmasından asılı olmayaraq, o, daim Azərbaycana, milli musiqimizə olan böyük sevgi ilə yaşayır. Ötən əyyamın 80-ci illərinin sonlarında xalqımızın görkəmli müğənnisi, Xalq artisti Gülağa Məmmədov Almaniyaya səfəri zamanı bir dostunun evində təsadüfən Yaqub Zurufçunun “Ayrılıq” mahnısına çəkilmiş klipə heyranlıqla, böyük bir vurğunluqla baxaraq, onun mahnı diskini Bakıya gətirir və 200 il əvvəl siyasi hərc-mərcliyin qurbanı olaraq ikiyə bölünmüş Azərbaycanın, böyük bir xalqın faciəsindən ürək dağlayan bir mahnının dili ilə bəhs edən həmin klipin respublika televiziyasında bir-neçə dəfə göstərilməsinə nail olur. Və Yaqub bəyin “Ayrılıq” mahnısı həmin günlərdən başlayaraq Azərbaycanda böyükdən kiçiyə hamının dilində birlik, böyük qovuşma həsrətilə, məhəbbət və yanğı ilə oxunmağa başlayır. Və məhz unudulmaz sənətkarımız  Gülağa Məmmədovun şəxsi təşəbbüsü və dəvəti, “Vətən” Cəmiyyətinin köməyi ilə o möhtəşəm mahnının əvəzsiz ifaçısı Yaqub Zurufçu 1989-cu ildə ilk dəfə olaraq uzun illər həsrətində olduğu, torpağını göz yaşları içində öpüb-qucduğu, görüşdüyü hər bir nəfərini əzizi-doğması kimi bağrına basdığı Azərbaycana gəlir. O vaxtlar sovetlər dövrü olduğundan yolu Rusiya paytaxtından keçir. Və özünün heç kəsi tanımadığı, ona yad olan  Moskva aeroportunda düşərkən heç gözləmədiyi halda “Zurufçu, Zurufçu!”, “Xoş gəlmisiniz, Yaqub bəy!” deyərək ona yaxınlaşanlara sevinc qarışıq heyrətlə baxmış, o qərib yerdə kimlərinsə onu tanıdıqlarına təəccüb etmişdi. Əslən Azərbaycandan olan həmin gənclərin “Yaqub bəy, biz sizi videodiskinizdən tanıyırıq, gündə bir-neçə dəfə sizin o dərdli-yanğılı mahnınıza qulaq asırıq, ürəyimizin oduna “Ayrılıq” mahnısı ilə su səpirik” demələrindən məsələnin nə yerdə olduğunu başa düşmüş, lakin yenə də heyrət içində qalmışdı.   

Bakıya gəldikdən sonra onun “Azadlıq” meydanında tribunaya çıxaraq, ilk dəfə yüz minlərlə adamın qaynayıb-coşduğu böyük bir auditoriya qarşısında azadlıq hayqırtısı ilə çıxış edərək,  ürəkləri riqqətə gətirən “Ayrılıq” mahnısını milyonlar qarşısında, Vətən qarşısında diz üstə çökərək oxuması həmvətənlərimizi duyğulandırmış, onun ifasında “Koroğlu”nun ariyası isə xalqımızın azadlıq eşqini, müstəqillik uğrunda mübarizəsini daha da coşdurmuş, ona böyük ruh, mənəvi güc vermişdi. O günlər Yaqub Zurufçu Azərbaycanımızın azadlıq mübarizəsinin mənəvi rəhbərlərindən, dayaqlarından biri kimi daim xalqın arasında idi və “Ayrılıq” həm o nəhəng meydanda, həm də Bakının küçələrində,  respublikanın bütün şəhər və kəndlərində tez-tez səsləndirilir, hər yerdə sevə-sevə oxunurdu. Mahnı o qədər sevilmişdi ki və Yaqub Zurufçuya məhəbbət o qədər artmışdı ki, müğənni o vaxt Respublika Sarayında düz… 15 gün konsert verməli olmuşdu. Konsertə gələnlərin ardı-arası isə  kəsilmirdi… 

 

Dünya şöhrətli müğənni Rəşid Behbudov Almaniyada Yaqub bəylə ilk tanışlığı zamanı daha nigarançılığının olmadığını dilə gətirmişdi

 

Böyük sənətkarımız Rəşid Behbudov Almaniya səfəri zamanı özünün  Hamburqda təşkil edilmiş konsertində ondan gənc bir azərbaycanlı ifaçının da mahnı oxumasına razılıq verməsini xahiş edirlər. Həmin gənc ifaçı ilə – Yaqub bəylə tanış olan korifey müğənnimiz onun oxuduğu “Ayrılıq” mahnısını (bir vaxtlar Rəşid Behbudovun özünün də repertuarında olan) diqqətlə, heyranlıqla dinləyir və onun səsinə, istedadına vurğunluğunu gizlətmədən deyir: “açığı, gənclərimizin mahnı ifaçılığı sarıdan bir qədər narahatçılığım, nigarançılığım vardı. Yaxşı ki, səninlə tanış oldum, səsini bütün tembrləri ilə diqqətlə dinlədim. Əvvəlki nigarançılığım yox oldu və inamla deyə bilərəm ki, artıq mənim də layiqli davamçım var”.

Milyonların sevimlisi olan Rəşid Behbudov konsertdən sonra da özünün gənc həmkarı, davamçısı ilə xeyli söhbət etmiş, onun yaradıcılıq planları ilə tanış olmuş, gənc sənət dostuna uğurlar arzulamışdı.

Yaqub Zurufçu bu gün də Ulu öndər Heydər Əliyevlə, dahi sənətkarımız Rəşid Behbudovla, Gülağa Məmmədovla və çox sevdiyi müğənni Şövkət xanım Ələkbərova ilə tanışlığını ömrünün ən gözəl, xoşbəxt  anları, talenin ona bəxş etdiyi ən böyük nemət, ən dəyərli töhfə hesab edir.

 

Onun ecazkar səsinin milyonlarla dinləyiciləri, vurğunları sırasında Ulu öndər

Heydər Əliyev də, Rəşid Behbudov da, Zeynəb Xanlarova da, Şövkət Ələkbərova da olub

Yaxşı ki, tədbirin təşkilatçıları ssenari hazırlayarkən onu ənənəvi konsert proqramları kimi əvvəldən sonacan yalnız mahnılardan ibarət konsert kimi yox, çox doğru olaraq Yaqub Zurufçunun ecazkar mahnı dünyasını Azərbaycanın azadlıq havalı-eşqli dünəni ilə bağlı, xalqımızın unudulmaz rəhbəri ilə yaxın təmasda, görkəmli mədəniyyət və incəsənət xadimləri ilə yaradıcılıq, dostluq münasibətində, xalqın o böyük sənətkara, onun isə doğma xalqa olan sonsuz məhəbbətində təqdim etməyə üstünlük veriblər.

İlk olaraq tamaşaçılara göstərilən kinokadrlarda xalqımızın dahi rəhbəri Heydər Əliyevin Yaqub Zurufçu ilə ömrünün son illərindəki görüş səhnələri kövrək hisslər doğurmaqla alqışlarla qarşılanır. Vaxtilə müğənninin  Amerikadan köçüb Azərbaycana gəlməsinə səbəb olan, ona sənətinə görə dəyərli mükafat olaraq layiq olduğu gözəl bir bağ evi bağışlayan Ulu öndərlə Yaqub bəyin görüşü ata-oğul görüşü kimi son dərəcə səmimi, mehriban, həm də təsirli olmaqla tamaşaçını duyğulandırır. Bəlkə də, o böyük insan çox az sənət adamları ilə o cür səmimi, qarşısındakına xüsusi rəğbət və doğmalıqla görüşüb. Buna səbəb, heç şübhəsiz ki, həm Yaqub Zurufçunun Azərbaycanda bütün xalqın çox sevdiyi “Ayrılıq” mahnısı və yüksək ifaçılığı ilə fərqlənən digər mahnıları, həm də Heydər Əliyev ilk dəfə Amerikada müalicədə olarkən müğənninin o dahi insana baş çəkərək, onun sevdiyi mahnıları pianoda özü çalaraq, böyük sevgi ilə ifa etməsi olmuşdu. İlk müalicədən sonra Bakıya qayıdan Heydər Əliyev Prezident Aparatında Yaqub bəyi qəbul edəkən ona olan rəğbətini, sevgisini dilə gətirərək demişdi: “Mən səni, sənin sənətini çox sevirəm. Təbiidr, səni məndən başqa da Azərbaycanda çoxları, bəlkə də hamı sevir. Çünki sən Azərbaycanın o ağır illərində xalqımıza öz mahnılarınla, öz sənətinlə çox qürur vermisən, mənəvi dayaq olmusan!”

Ekranda  xalqımızın dahi sənətkarı Rəşid Behbudovun Almanyadakı konserti zamanı Yaqub bəylə səhnədə böyük ehtiramla görüşməsini, sevimli sənətkarlarımız Zeynəb Xanlarovanın, Şövkət Ələkbərovanın, Gülağa Məmmədovun onunla birgə çox həvəslə mahnı oxumalarını əks etdirən kadrlar o korifey sənətkarların öz gənc həmkarlarına necə böyük məhəbbət bəslədiklərini, bir müğənni, vokal ifaçısı kimi onun istedadını necə yüksək dəyərləndirdiklərini aydın şəkildə göstərir. Zeynəb xanımla Yaqub bəy “O qara qaş olmasaydı…” mahnısını duet şəklində elə şövqlə ifa edirlər ki (onların video-kassetlərinə konsertdən sonra bir daha maraqla baxdım), sanki müğənnilər yox, iki sevən ürək oxuyur. Bu da təbii ki, onların hər birinin yüksək sənətkarlığından irəli gəlir. Diqqəti xüsusilə çəkən, nəzərdən qaçmayan isə Zeynəb xanımın Yaqub bəyi özünə bərabər, yüksək səviyyədə tutması, onunla duet oxumaqdan nəinki zövq alması, hətta fəxr duymasıdır.

Kinokadrlarda Yaqub bəyin Azərbaycan xalqına tanıdılmasında, məşhurlaşmasında xüsusi rolu olan Gülağa Məmmədovun, əvəzsiz kaman ustası Habil Əliyevin, görkəmli bəstəkar, professor Süleyman Ələsgərovun, Şövkət xanım Ələkbərovanın, Canəli Əkbərovun və digər sənətkarların çox qısa bir zamanda şöhrətlənmiş, dinləyicilərin, tamaşaçıların sevimlisinə çevrilmiş Yaqub Zurufçunun sənətinə və şəxsiyyətinə verdikləri dəyər onu xalqımızın gözündə daha da ucaldır.

Konsert  zamanı həmin kadrlara baxarkən qeyri-ixtiyari göz önümə Yaqub bəyin ilk dəfə “Azadlıq” meydanında qaynayıb-coşan kütlə önünə çıxaraq oxuması və onun haqqında   fenomen qiraət ustası, respublikanın Xalq artisti Mikayıl Mirzənin dediyi fikirlər yadıma düşdü. O möhtəşəm mahnı gecəsindən sonra evə qayıdarkən interneti ələk-vələk edib, çətinliklə də olsa, Mikayıl bəyin 1989-cu ildəki həmin çıxışını tapdım. O, meydandakı izdiham qarşısında o vaxt cəmi 33 yaşı olan gənc Yaqub bəyə üzünü tutub demişdi:

– Sən bizim elə əziz qonağımızsan ki… ürəyimiz, ciyərparələrimiz dediyimiz balalarımız sənin ayaqlarının altına gül səpir. Eşq olsun Sənə! Neçə gündür ki, ancaq səndən söz-söhbət gedir. Bütün Azərbaycan elə bil ki, “Yaquba bax, düzlən!” deyib, düzlənir… Gecəmizdə də, gündüzümüzdə də sən varsan. Sənin əvvəlcə səsin gəldi Azərbaycana, indi isə özün gəlmisən. İndi sən özün bizim üçün nəğməyə dönmüsən… Mən bu yaşımda iki böyük möcüzə gördüm. Bir gördüm ki, xalq çiyinlərinə alıb, başının üstündə qaldırdı tribunaya Bəxtiyarı və bir də gördüm ki, eləcə də səni – Yaqub Zurufçunu çiynində qaldırdı bugünlər özünün ən yüksək məbədi olan tribunasına! Eşq olsun sənə, qardaşım!

Bu, həmin günlər idi ki, Yaqub Zurufçu yüksək tribunadan çıxış edərək, xalqın adından and içib demişdi: “And olsun Təbrizdə axan qanlara, and olsun qurbanlıq gedən canlara, and olsun Səttarxan tutan bayrağa, and olsun Səhəndə, Savalan dağa, and olsun Babəkin qanlı üzünə, nə qədər ki Azərbaycan azad olmayıb, azərbaycanlılar bu fikri – azadlıq, birlik fikrini başlardan atmayacaqlar!”. Və sonra da sürəkli alqışlar altında özünün ürəklər dağlayan “Ayrılıq” mahnısını oxumuşdu:

Fikrindən gecələr yata bilmirəm,
Bu fikri başımdan ata bilmirəm.
Neynəyim ki, sənə çata bilmirəm,
Ayrılıq, ayrılıq, aman, ayrılıq,
Hər bir dərddən olar yaman ayrılıq.

 

Uzundur hicrindən qara gecələr,
Bimirəm mən gedim hara gecələr.
Vurubdur qəlbimə yara gecələr,
Ayrılıq, ayrılıq, aman, ayrılıq.
Hər bir dərddən olar yaman ayrılıq…

Yaqub bəy müsahibələrinin birində qürurla, tam mənəvi haqqı olaraq deyib: “Bu il Can Azərbaycana gəlişimin 30 ili tamam olur. Və mənim o vaxtkı gəlişim Azərbaycanın ən şərəfli, ən şanlı tarixinin yazıldığı dövrə təsadüf etdi. Çox xoşbəxtəm ki, Gülağa Məmmədovun dəvəti ilə 1989-cu ilin əvvəllərində Azərbaycana gəldim və illərlə həsrətində olduğum Vətən mənə doğma anam kimi qucaq açdı, bağrına basdı. Bu, həmin illər idi ki, Azərbaycan xalqı böyük bir imperiyaya qarşı azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmışdı. Xoşbəxtəm ki, “Ayrılıq” mahnısı xalqımız tərəfindən sevildi, Azərbaycanın milli-mənəvi dirçəlişinə müəyyən təkan verdi. Xalqımızın istəyi ilə o vaxt Respublika sarayında 15 gün anşlaqla konsert verdiyim günlər yaxşı yadımdadır. Konsert olmayan günlərdə mən meydana gedir və mitinq iştirakçılarına qoşulurdum. Çox şadam ki, xalqımızın azadlıq arzusu həyata keçdi və nəhayət, Azərbaycan öz müstəqilliyinə qovuşdu. Və xoşbəxtəm ki, Vətənimin müstəqillik tarixində mənim də adım, mənim də payım var”.

 

Görkəmli ədəbiyyat akademiki “mahnı akademiki” haqqında nələr söyləmədi?!.

Maraqlıdır ki, xalqımızın uzun illər Azərbaycanın bir çox mədəniyyət və incəsənət, elm xadimlərinin və ədəbiyyat korifeylərinin həyat və yaradıcılıqlarının zəngin “tele-radio ensiklopediyası”nın yaradıcıısı və müəllifi kimi tanıdığı görkəmli ədəbiyyatşünas alim,  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri akademik Rafael Hüseynov tədbirin əvvəlində Yaqub Zurufçunun ifaçılıq-bəstəkarlıq sənətini, mahnı ifaçılığını dəyərləndirərkən onun görkəmli müğənni olmaqdan əvvəl və ilk növbədə bütün ömrü boyu ən yüksək ideala – azərbycançılıq ideyalarına sədaqətlə xidmət edən vətənpərvər bir insan olduğunu diqqətə çatdırmışdır:

– Bir insan çox böyük müğənni də ola bilər, şair də, rəssam da… Ancaq bunların hamısından öncə o, yurduna, vətəninə bağlı olmalıdır. İnsan hər şeydən öncə xalqının məhəbbətini qazanmalıdır. Yaqub Zurufçu belə sənətkarlardandır. Xalqının məhəbbəti onun könlündə nəbz kimi çırpınır. Yaqub Zurufçu xoşbəxt insandır ki, xalqın ürəyindən keçənləri deməyi, oxumağı bacarır. Onun əsrarəngiz ifaları həm də dünya azərbaycanlılarını birləşdirməyə xidmət edir, könül quşu kimi uçan nəğmələri qəlblərdə əks-səda yaradır. Çünki onu Yaqub Zurufçu edən Azərbaycan və azərbaycançılıq eşqidir. Onun konserti bu gün burada insanları yaxınlaşdırır, ruh və ürək birliyi yaradır.

Rafael Hüseynov özü də Yaqub Zurufçunun dinləyicilərinin, onun böyük sənətini sevən milyonlardan biri olaraq həmin o milyonların görkəmli müğənni haqqında düşündüklərini çox gözəl, daha duyğulu və həssaslıqla, dəqiqliklə çatdırır. Təsadüfi deyil ki, böyük sənətkarı dinləmək arzusu ilə konsertə gələnlər adətən “uzun” çıxışları dinləməyə meylli olmasalar da,   dahilərin əvəzsiz təbliğatçısı, yüksək natiqlik istedadı və məharəti, yapışıqlı, ürəyəyatan, bayatı səslənişinə bənzər səsə malik bu məşhur akademikin Yaqub Zurufçunun özü və sənəti haqqında söylədiklərini “cınqırlarını” çıxartmadan 40 dəqiqədən də artıq böyük maraqla dinlədilər və dönə-dönə alqışladılar.

Axı, Rafael müəllimin bu fikirləri ilə necə razılaşmamaq olar: “İndi dünya boyu az qala hər bir azərbaycanlıya tanış olan “Ayrılıq” mahnısı yarananda onun ən uğurlu ifaçısına çevriləcək Yaqub Zurufçu hələ heç dil açmamışdı… Kimin ağlına gələrdi ki, böyük-böyük sənətkarlardan sonra müğənnilikdə ilk addımlarını atan bir cavan çıxacaq ortalığa və elə oxuyacaq ki, əvvəlkilər qalacaq bir kənarda. Bəli, illər sonra “Ayrılıq” öz məşhur, əvəzsiz ifaçısı Yaqub Zurufçunu, Yaqub Zurufçu isə “Ayrılığ”ı tapdı. Bu vüsal bir sənət möcüzəsi doğurdu. Və “Ayrılıq” dünya boyu səpələnmiş milyon-milyon azərbaycanlının könül himninə çevrildi. Azərbaycanda qısa bir zaman içində və həm də tək bircə mahnı ilə dünya boyunca tanınmaq, şöhrətlənmək və bu dərəcədə sevilmək heç kəsə nəsib olmur”.

Yaqub Zurufçunun sənət uğurlarının kökündə, rüşeymində onun yüksək vətənpərvərliyinin, böyük Azərbaycan sevgisinin dayandığını dönə-dönə diqqətə çatdıran professor Rafael Hüseynov belə bir məqamı xüsusi olaraq qeyd etdi: “Yaqub Zurufçu o insandır ki, Tanrısına şükr eləyir ki, mən nə xoşbəxtəm, nə xoşbəxtəm ki, tale mənə bir ayrı dili yox, məhz Azərbaycan dilini Ana dili kimi qismət eləyib”.

Rafael müəllimin Yaqub Zurufçunun özü və Tanrıdan bəxş edilmiş sənəti haqqında çıxışı onun ən yaxşı, ən maraqlı, yaddaqalan çıxışlarından biri idi. Bunu zalın xeyli müddət sükutla ona diqqət kəsilməsindən də, onun həm özünə, həm də müğənniyə ünvanlanan alqışlardan da aydın duymaq olurdu. Ümumiyyətlə, bütün varlığı ilə Azərbaycan ədəbiyyatı, mədəniyyət və incəsənətinə bağlı olan, həmin sahələrə dərinliklərinə, köklərinə qədər bələd olan, ədəbiyyat-sənət adamlarını yaxından tanıyan və hər zaman layiqincə qiymətləndirən Rafael müəllim həmin gün görkəmli müğənnini tamaşaçılara hamının görə bilmədiyi rakurslardan məharətlə göstərib, daha çox sevdirə bildi. Və aydındır ki, görkəmli akademiki Yaqub Zurufçi haqqında o cür maraqlı və  məhəbbətlə danışdıran bir tərəfdən özünün yüksək elmi-araşdırıcılıq istedadı idisə, məşhur müğənninin qüdrətli sənətinə verdiyi böyük dəyərdən, ona vurğunluğundan irəli gəlirdisə, digər tərəfdən həm də hər zaman özündən irəlidə və ucalarda tutduğu Vətən məhəbbətindən irəli gəlirdi.

 

“Qız qalası” ilə “Ərk qalası” arasından axan qara bəxtli Araz çayı…

 

Düşünürəm ki, görkəmli sənətkarımız Yaqub Zurufçunun oktyabrın 12-də Heydər Əliyev adına Respublika sarayında təşkil edilmiş konserti onun ölkə tamaşaçısına qətiyyən növbəti hesabatı, sadəcə solo-konserti deyil, daha çox başı min-bir bəlalalr çəkmiş Azərbaycanın dünəni, bugünü ilə bağlı yüksək səviyyədə hazırlanmış, çox orijinal, sözlü-musiqili bir tarixi-ədəbi kompozisiya idi. Sənətkar təkcə öz yüksək, təkrarsız ifası ilə tamaşaçıları yenidən ovsunlamağı yox, həm də onlara Azərbaycanın hər ovsundan, nağıldan kənar, özünün mahnılarında əbədiləşmiş tarixinin, mənəvi dünyasının bütöv mənzərəsini yaratmaq, onun böyük, şanlı bir tarixi yol keçdiyini bir daha xatırlatmaq, uluların, dahilərin müqəddəs vətəni olan Odlar Yurdunu daha çox sevməli olduğumuzun, onun hər qarışını göz bəbəyi kimi qorumağın vacibliyini musiqi qüdrəti ilə bir daha diqqətə çatdırmaq məqsədi daşıyırdı. Buna nail olmaq üçün Yaqub Zurufçu özünün musiqiçilər və texniki komandası ilə iki aya qədər gecəli-gündüzlü məşq edərək, məsuliyyətlə, əsl yaradıcılıq əzmi ilə çalışmış və böyük vətənpərvərliyindən irəli gələn istəyinə nail ola bilmişdir.

Təsadüfi deyil ki, pərdə açılarkən böyük bir panoramda Bakının Qız qalası ilə Təbrizin Ərk qalasının görüntüsü, kompüter sistemi və işıq effektləri vasitəsilə onların arasından başı bəlalı, qara bəxtli “canlı” Apaz çayının axması tamaşaçılara elə ilk dəqiqədən Zurufçu konsertinin mahiyyətini – Azərbaycan sevgisini çatdırır.

Yaqub bəy bu möhtəşəm mahnı gecəsində özünün ilk mahnısını iki tarixi Qala arasında, Arazın “axdığı” yerdə dayanmaqla sanki hər iki sahili qucaqlayaraq, onları simvolik olaraq birləşdirməyə çalışır. Və istedadlı dirijor, respublikanın Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Şalğı Alətləri Orkestrinin xor kollektivinin də müğənniyə qoşularaq getdikcə güclənən bir səslə oxuması sanki Yaqub Zurufçunun Birlik arzusuna verilən xalq dəstəyi kimi əzəmətlə səslənir.

Müğənninin həm gözəl sənətkarımız Ağaverdi müəllimin dirijorluğu, həm Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, həm də respublikanın Əməkdar artisti, virtuoz pianoçu Fəridə xanım Hüseynovanın müşayiəti ilə böyük sənətkarlıqla, yüksək səviyyədə ifa etdiyi qədim xalq mahnılarımız, eləcə də dahi Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarlarımızın Vətən və xalqla, məhəbbətlə bağlı mahnıları tamaşaçıların zövqünü oxşamaqla gurultulu alqışlarla qarşılanır. “Vətənimdir”, “Dəniz”, “Evləri var xana-xana”, “Qaragilə”, “Sarı gəlin” mahnıları qəlbləri nə qədər coşdurub, xəyalları çox uzaqlara, romantik aləmə aparsa da, “Ana” mahnısı salondakıların hamısını kövrəldir, hətta ağladır da. Çünki özü də illərlə ata-ana həsrətlisi olan Yaqub bəy həmin mahnını çox kövrələrək, göz yaşlarını güclə saxlayaraq, qəlb ağrısı ilə oxuyur. Axı o, İrandan ayrıldıqdan sonra 37 il anasından uzaq düşmüş, qərib diyarlarda yaşamışdı.

…Yaxşı ki, anası ömrünün son illərində öz sevimli oğlunun dəvəti ilə Bakıya gəlmiş, Yaqub bəyin İdman və Konsert sarayındakı konsertində iştirak etmiş, oğlundan gözünü bir an da çəkməyərək, onu sevə-sevə dinləmiş, Azərbaycanda ona olan böyük sevgidən fərəhlənmiş, heç kəsə büruzə vermədən, hiss etdirmədən, qəlbində gizli-gizli fəxr etmiş, öyünmüşdü. Yəqin ki, hələ Ana qəlbində əzizləyərək, demişdi: “Boyuna, adına-sanına, şəninə-şanına anan qurban, oğul”. Və güman ki, Yaqub bəy, məhz doğma anasını, analı-atalı günlərini yada salaraq, “Ana” mahnısını oxuyarkən səhnədən zala enmiş, cərgələri dolaşıb, ağbirçək anaları bir-bir qucaqlayaraq, üz-gözlərindən öpmüş, onlara rəğbətini, məhəbbətini ifadə etmişdir.

Təbii ki, tamaşaçılar intizarla Yaqub bəyin onu Azərbaycan xalqına, bütün türk dünyasına sevdirən şah əsərini – “Ayrılıq” mahnısını gözləyirdilər. Bunu yaxşı bilən gözəl sənətkar onu ənənəvi olaraq sona saxlayıb, tamaşaçılarla vidalaşaraq oxudu və bütün zal ayağa qalxaraq, “bravo” sədaları ilə onu xeyli, ürəkdən alqışladı.

“Sənə qurban olum, Vətən, əziz xalqım!” – deyərək, sonda hamını yenidən kövrəldən sənətkar gözəl, maraqlı təşkil edilmiş solo-konsertə görə respublika Mədəniyyət Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olundu, tamaşaçılar tərəfindən böyük sevgi ilə gül-çiçəyə qərq edildi.

 

Son söz əvəzi: bəs nazirlər, deputatlar, İcra başçıları, özlərini tələm-tələsik hər tədbirə salan məmurlar harda qalmışdılar?

Bəli, təəssüf ki, Ulu öndərin sağlığında bütün tədbirlərdə “mən də burdayam” deyə özlərini gözə soxmağa çalışan böyük vəzifə sahibləri Yaqub Zurufçunun konsertində gözə dəymədilər. Nə Mədəniyyət naziri və onun müavinləri, nə Bakı rayonlarının İcra başçıları, nə də vaxtilə belə tədbirlərdə cərgə-cərgə düzülən deputatlar, hətta bir çox sənət adamları da bu böyük sənətkarın konsertinə gəlməmişdilər. Baxmayaraq ki, “əndazəli” xanım müğənnilərin konsertlərinə onlar bir qayda olaraq nəinki gül-çiçəklə, həm də qiymətli hədiyyələrlə, hətta özlərini onlara qurban etməyə hazır şəkildə gəlirlər.

Sözüm sizədir, “xan”lar, “ağa”lar, “bəy”lər! Nə tez unutdunuz dahi rəhbərimiz Heydər Əliyevin də böyük rəğbət bəslədiyi, ifalarını sevə-sevə dinlədiyi Yaqub Zurufçunun azadlıq, müstəqillik mübarizəsi günlərimizdəki xalq qarşısında xidmətlərini?..

Unutdunuz… Ancaq onu dəqiq bilirəm ki, Ulu öndər sağ olub, böyük ehtiramı olduğu Yaqub bəyin konsertinə gəlmiş olsaydı, orda siz nazirlərin, deputat və məmurların əlindən tərpənmək də olmazdı. Niyə belə dönük çıxdınız, a qədirbilməzlər?

Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti.

 

araz.az xəbər portalı.