Azərbaycanda 2021– 2023-ci illəri narkomaniya və narkotik maddələrin dövriyyəsinə qarşı mübarizədə ən məhsuldar dövrlərdən biri hesab etmək olar. Bu dövrdə ilk dəfə idi ki, müvafiq dövlət qurumları ilə bərabər media və ictimaiyyə də mübarizəyə cəlb olunmuşdu. 2024-ci ildə isə mübarizə tempi nisbətən aşağı düşdü. Narkotik maddələrin dövriyyəsinə qarşı mübarizədə 2025-ci ilin nə dərəcədə məhsuldar və effektiv il olacağını bilmirəm, amma dünya təcrübəsinin öyrənilərək bu istiqamətdə tədbirlərinin gücləndirilməsinin və ölkənin “A” kateqoriyalı problemlərindən biri kimi dəyərlənləndirilməsinin vacibliyini düşünürəm.

Narkomaniya ölkəmizdə ən təhlükəli həddə çatıb. Bununla yanaşı, son illərdə ölkənin aidiyyyatı dövlət qurumlarının narkotik maddələrin dövriyyəsinə qarşı əsaslı və effektiv mübarizə tədbirləri həyata keçirdiyini də inkar etmək olmaz.

Lakin bu qlobal bəla olduğuna görə mübarizə tədbirlərinin, yanaşmanın, fərqli mexanizmlərinin tətbiqinin vaxtı çoxdan yetişib. Öncə hədəf müəyyənləşdirilməlidir, biz nə istəyirik? Narkomaniya, narkotik maddələrin dövriyyəsini əhəmiyyətli dərəcədə minimuma endirmək, yoxsa problemi tamamilə aradan qaldırmaq? Təbii ki, problemin tamamilə aradan qaldırılması mümkünsüzdür, bütün xalqlar bu bəladan əziyyət çəkir. Amma minimuma endirməklə genefondun məhv edilməsinin, şikəst nəslin formalaşmasının qarşısını ala bilərik.

Bəs, bu problemin necə həll etmək olar? Narkotik cinayətlərinə görə cəzaları sərtləşdirərək ciddi və real statistik nəticələr əldə edə bilərikmi?

Bu gündən etibarən Qazaxıstanda narkotik cinayətlərinə görə cəzanı nəzərdə tutan qanunlar daha da sərtləşdirilib. Narkotik-psixotrop maddələrin, onların analoqlarının, prekursorların və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə bu cür cinayətlərə görə təqsirli şəxslərə əmlakı müsadirə edilməklə 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası təyin ediləcək. Qazaxıstanda vəzifəli şəxslərin narkotiklərin yayılmasına görə daşıdığı cinayət məsuliyyəti də sərtləşdirilib. Əgər əvvəllər bu cinayətlərə görə onlara əmlakı müsadirə edilməklə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası təyin edilirdisə, indi onlar üçün əmlakı müsadirə edilməklə 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Heç şübhəsiz, qanunların daha çox sərtləşdirilməsi cinayəti ortadan qaldırmır. Çünki cəzaların sərtləşdirilməsinin dəqiq hədəfi olmalıdır. Digər tərəfdən, cəzaların sərtləşdirilməsi ilə bağlı Rusiya təcrübəsi göstərdi ki, bu, fundamental mübarizə üsulu deyil.

Narkotik maddələrin leqallaşdırılması isə daha çox Qərb təcrübəsidir. Bəzi Qərb ölkələrində bitki tərkibli narkotik maddələrin satışına icazə verilməsi təcrübəsinin bütün ölkələrdə pozitiv nəticələr yaratmayacağı dəqiqdir. Çünki narkomaniya və narkotik maddələrin dövriyyəsinə qarşı kompleks mübarizə tədbirlərinin həyata keçirilməsi – bu bəladan əziyyət çəkən cəmiyyətin milli təfəkkür tərzininin və ictimai münasibətlər sisteminin təhlil olunub nəzərə alınmasını da tələb edir. Mental təfəkkür bu mübarizənin bazasını təşkil etməlidir. Yad dəyərlər sistemi ölkəmizdə nə dərəcədə otura bilmirsə, yad mübarizə üsulları da bir o qədər effekt verməcəyək.

Kompleks mübarizə effektiv tədbirlərinin həyata keçirilməsi üçün bu amillər təmin edilməlidir: İdeoloji iş, cəzalar, külli miqdarda xərc və s.

Əgər bu amillərdən biri işləməzsə, o zaman narkomaniya və narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə tədbirləri də kosmetik və ənənəvi statistik xarakter daşıyacaq.

Samir FEYRUZOV,                                  jurnalist-politoloq.

araz.az xəbər portalı.