Axşam düşür, şər qarışır. Belə vaxtlar hər yerdə qərib bir kövrəklik duyar insanoğlu; gur şəhərlərdən, nə bilim, işıqlı iş yerlərindən fərqli olaraq, köydə bir başqa cür — daha təsirli, daha içdən olur axşam düşümü — sanki səni qaçhaqaçdan sıyırıb, hoydu-hoydudan çəkib saxlayır, özünəgəlməyə çağırır, toxtamağa vadar edir…

Bir anlıq, adama elə gəlir bir sənsən, bir doğma köyün, bir də göyün üzü… Dərin bir nəfəs, ani sükut doğma torpağın qoxusunu hiss etməyə cəlb edir, belə demək olarsa, zamanın toxunulmazlığını xatırladır sənə…
Doğulduğun, böyüdüyün, yerlə-göylə ilk tanışdığın eldə olmaq – yalnız bir coğrafi geridönüş deyil, həm də ruhun (ruh halının) öz başlanğıcına qayıdışı kimidir.

Həyatımın ən uzun, incə yolu buradan başlayır; sanki Tovuzdan ayağa qalxıb yola çıxmağım dünyanı kəşf etməyə, öz dünyamı qurmağa yönəlibmiş. Bəlkə, əslində heç getməmişəm, yolun özü mənim içimdədir, nə bilim. Tovuzlu şair Niyaz Nəsir bir vaxtlar necə deyirdi?

—  Bu dünyada ən uzun yol
    Kəndimizdən başlayır,
    Hara gedir heç bilmirəm,
    Kürəyimdə daşlanır…

O illər… Göyçəli Alqayıtın evdə, qonşuda, məhlədə maqnitafonlarda səslənən ilginc ifaları, daha öncəki vaxtlar Borsunlu Məzahir Daşqının şeirləri yazılmış dəftər vərəqlərinin əl-əl dolaşması, radio dalğalarında güclə tutduğumuz Təbriz radiosu, Şəhriyarın öz səsi ilə ürəkdən oxuduğu şeirlər – bunlar o uşaqlıq, qismən yeniyetməlik çağlarımdakı ruh çiçəklənmələri kimi gəlirdi mənə… Hər tərəfdən plan-proqramlı yad səslər, yad adlar bizi əhatə etmişkən, bu doğma səslər bizə o qədər, o qədər yaxın idi ki! Ən əsası, Tovuzun aşıqları, onların möhtəşəm ifalarının ahəngi bizi zamanın sərt küləklərindən, sovet ideologiyasının təhtəlşüurla hiss etdiyimiz boğucu ağırlığından qoruyurdu sanki… Hələ-hələ Mikayıl Azaflının şeirlərində, Alakollu İdrisin, Səlim Sinədəftərin və b.-nın gizli yayılan şeirlərində, Aşıq İmran ilə Aşıq Əkbərin möhtəşəm duetlərində, Aşıq Əlixanın zilə qalxmalarında ecaz vardı, adiliyə, yadlığa, qırmızı qaramata poetik üsyan vardı…

Toylarda, yas yerlərində “Siyahı” dəftərlərində insanlar ad və ata adı ilə qeyd edilirdi, “ov/yev” sonluğu ilə yazılmırdı, xatırlayıram; yenə elədir. “Qəbirüstü” mərasimlərində də hakim (yad) ideologiya işləmirdi. Yaxşı xatırlayıram; qadınlar ağılarıyla, kişilər toxtaqlı duruşlarıyla bir başqaydılar o illərdə… Ər-arvad bir-birinin adını çəkməzdi yaxud bu, o qədər nadir, istisna olardı, uşaqlar, yeniyetmələr duymazdı… Yaxşıydımı, yamanıydımı, demirəm; biz belə görmüşdük…

Çox az bir bölümünü xatırlatdığımız bu ilkinliklər, etnoetüdlər, gözəlliklər keçmiş dönəmlərin mədəni, ictimai davranışlarında milli ruhun, yerli gələnəklərin incəliklə qorunmasının ilginc örnəkləriydi. Adicə, “Siyahı” dəftərlərində ad və ata adı ilə qeyd edilmək — formal və rəsmi ideologiyanın sərhədlərindən qıraqda olan, insanlara daha doğma gələn bir yanaşma idi. Bu, insanlar arasında həm sadəliyi, həm də yaxınlığı ifadə edirdi. “Ov/yev” sonluqlarının olmaması sanki məhrəm bir təmasın, milli kimliyin qorunmasının gizli (inersik) bir üsulu idi…

Eyni zamanda, “qəbirüstü” mərasimlərində hakim ideologiyanın iştirak etməməsi, insanların bu məqamlarda öz gələnəklərinə bağlı qaldığının göstəricisiydi. Bu, mədəniyyətin, özəlliklə mənəvi mərasimlərin ideologiyadan asılı olmadığını və onun milli kimliyin əsas dayaqlarından biri olduğunu təsdiqləmirmi?

Nə bilim, belə anılar, sadəcə şəxsi təcrübənin deyil, həm də kollektiv yaddaşın bir bölümüdür hər halda. Onlar keçmişdən gələcəyə uzanan bir körpü rolunu oynayaraq, bizim kimliyimizi anlamaq və qorumaq üçün qiymətbiçilməz bir qaynaq olsa gərək…

Tovuz torpağının, Tovuzun göyüzünün, şenolmuşun haylı-haraylı yaşamının öyrətdiyi bir həqiqət vardır: doğma olan heç vaxt adiləşmir. İlkinliyin, oralardakı hər daşın, hər cığırın, hər bulağın… öz yaddaşı, yaddaşa ötürdükləri vardır. Hər bir insan bu yaddaşın bir hissəsi, davamıdır. Qırx il öncəsindəkiymiş kimi gəzdiyim yollarda, sanki adiləşməyə, hamılaşmağa qarşı yeridiyimi anlayıram. İnsanoğlu öz keçmişini, ilkinliyini nə qədər çox xatırlayırsa, bir o qədər yeniliklərə dayaq ola bilir — deyir arif.

Zaman sürətlə dəyişir, amma dəyişmək adiləşmək deyil. Dəyişimin özü belə qədim bir yaddaşın daşıyıcısıdır, yəqin. Hər nə qədər texnologiya bizi irəliyə aparırsa, çağırırsa da, keçmişin səsi, nəfəsi olmadan gələcəyin anlamı yarım-yapalaq qalır. Hərdən mənə elə gəlir, köyümüz, köyümüzün göyüzü zamandankənar bir öyrətim ocağıdır, Günəşin gündüz, Ayın gecə, Yeddibulağınsa günün hər vaxtındakı dərsləridir…

Kültür dediyimiz o görünməz qut bağ, əslində, zaman və məkan arasındakı körpüdür. Bunu hiss edə bilən hər kəs üçün ilk ayaq açdığımız, göyüzünə ilk baxdığımız yer, yalnız coğrafi bir məkan deyil, bir mənəvi ana bətnidir…

İlahi, nə qədər və necə sürətlə dəyişir bu dünya, elə biz də… Amma yaşın-başın bəsbəlli bir çağında da adiləşməmiş “adilər”, ilkinlər nə gözəl, nə gözəldir!..

Yəqin doğma, saf, ilkin olan elə bir cövhərə sahibdir, o, yalnız bizim deyil, həm də gələcəyin vicdanına aid bir sərvət kimi çıxış edir…

Doğma torpağın hər addımda üzə çıxan həyat həqiqəti, neçə yaşda olsaq da, bizi öz köklərimizə bağlayan, varlığımızın mayası olan ilkin yaddaşdır. Bu yaddaş, keçmişin nəfəsini gələcəyə çatdıraraq, zamanın sərt küləklərinə qarşı dayanmağa və yeni yollar açmağa güc verir.

Əkbər QOŞALI

 

araz.az xəbər portalı.