“Mehriban xanıma həm öz adımdan, həm də Qarabağ mührabəsi əlilləri adından təşəkkürümü bildirirəm. Mənim evimi özümə qaytardığı üçün Mehriban xanıma dünyanın ən gözəl neməti olan cansağlığı arzu edirəm”.
ARAZ.AZ xəbər verir ki, bunu Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü Qurban Qurbanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı müraciətində deyib.
Məlumata görə, 2014-cü ildə həyat yoldaşı və oğlunun səhhəti ilə bağlı bankdan götürdüyü krediti ödəyə bilmədiyi üçün girovda olan mənzilinə həbs qoyulan Qazax rayon sakini, Qarabağ müharibəsi əlili Qurban Qurbanov Birinci vitse-prezident Mehriban Əliyevaya bu günlərdə məktubla müraciət edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili Qurban Qurbanovun Vətən uğrunda xidmətləri, hazırda üzərinə həbs qoyulan mənzilin ölkə Prezidenti tərəfindən verildiyi nəzərə alınaraq onun banka olan borcunun dövlət hesabına ödənilməsinə dair müvafiq tapşırıq verib.
Eyni zamanda Mehriban Əliyevanın tapşırığına əsasən, Qurban Qurbanovun oğlunun müalicəsi ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
************
2014-cü ildə “Xalq Bank”dan aldığı krediti ödəyə bilməməsi səbəbindən dövlət tərəfindən verilən evinə həbs qoyulan Qarabağ qazisi Qurban Qurbanovun evini Birinci vitse-prezident Mehriban Əliyeva geri qaytarıb.
ARAZ.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı şairə-yazar Səbinə Yusif qeyd edib. O bildirib ki, Mehriban Əliyeva Qarabağ qazisinin problemini tez bir zamanda aradan qaldırıb.
“Səsimizə Birinci vitse-prezident Mehriban Əliyeva səs verdi. Heydər Əliyev Fondu Qarabağ qazisi Qurban Qurbanovun evini geri qaytardı. Hörmətli Prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezidentimiz Mehriban Əliyeva, sizə Qarabağ qaziləri adından, qazaxlılar adından dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, ikinci qrup əlil olan Qarabağ qazisi Qurban Qurbanov həyat yoldaşının və oğlunun xəstəliyi səbəbindən 2014-cü ilin oktyabrında dövlət tərəfindən ona verilən evi girov qoyaraq, “Xalq Bank” 13 min manat kredit götürüb. Lakin o, bir müddət sonra kreditin 5 min manatını ödəyə bilmədiyi üçün evinin üzərinə həbs qoyulub.
araz.az xəbər portalı.