Venesuelada müxalifət liderinin başına 100 min dollar mükafat qoyulub.
araz.az “daily mail”ə istinadla xəbər verir ki, Maduronun 51,20% səslə prezident seçilməsindən sonra seçkinin nəticələrini rədd edən müxalifət koalisiyasının namizədi Edmundo Qonzales barəsində həbs qərarı verilib.
Hazırda İspaniyanın paytaxtı Madriddə yaşayan Qonzalesin tutulmasına görə mükafat elan edilib.
Venesuela Elmi, Cəza və Kriminalistik Araşdırmalar Korpusu (CICPC) İspaniyadan sığınacaq istəyən Qonzalesi saxlamağa kömək edə biləcək şəxslərə 100 min dollar verəcəyini vəd edib.
“Qonzales respublikaya qarşı zorakılıq aktlarını dəstəkləmək, vəzifə səlahiyyətlərini mənimsəmək, sənədləri saxtalaşdırmaq, çirkli pulların yuyulması, dövlət qurumlarına məhəl qoymamaq, qanuna tabe olmamaq və cinayət təşkilatı yaratmaq ittihamları ilə axtarışa verilib” – CICPC-nin yadığı məlumatda deyilir.
Qeyd edək ki, Edmundo Qonzales daha əvvəl mediaya verdiyi açıqlamasında 10 yanvar 2025-ci ildə Venesuelaya prezident kimi and içmək üçün gəlmək istədiyini açıqlamışdı. Venesuela Daxili İşlər və Ədliyyə Naziri Diosdado Kabello 29 noyabr 2024-cü il tarixli açıqlamasında Qonzalesin Venesuelaya ayaq basdığı andan etibarən saxlanılacağını elan edib.
“Edmundo Qonzalesin and içmək üçün Venesuelaya gəlməsi ehtimalı yoxdur”– açıqlamada bildirilib.
3-cü dəfə seçkilərdə qalib gələn Nikolas Maduro yanvarın 10-da and içəcək.
araz.az xəbər portalı.