“Azərbaycan orfoepiyası sahəsində görüləcək işlərə çox böyük ehtiyac var”
Buludxan Xəlilov: “Azərbaycan dilinin praktik işləkliyindəki problemlər orfoepiya lüğətinin olmamasından qaynaqlanır”
Azərbaycan dilinin orfoqrafiya qaydaları layihəsinin mətbuatda, eləcə də ölkə ictimaiyyətində geniş müzakirə edildiyi, hətta ətrafında böyük qalmaqallar yaşandığı vaxtda dilimizin orfoqrafiya qədər vacib, lakin unudulan əsas qaydalarından birini yadınıza salmaq istəyirik. Söhbət nəinki sadə vətəndaşların, ziyalıların, hətta dilçilərin belə o qədər də əhəmiyyət vermədiyi, tədqiqatdan kənarda saxladığı orfoepiya qaydalarından gedir.
Araşdırmamız nəticəsində məlum oldu ki, müstəqillik dövründə hələ ki, Azərbaycan dilinin vahid orfoepiya qaydaları yoxdur. Yəni bu sahədə kitab, vəsait nəşr edilməyib. Ötən əsrin 80-ci illərinin sonunda çap olunan orfoepiya qaydaları kitabı da dilimizin, şifahi nitqimizin, danışıq tərzimizin bugünkü vəziyyətini ifadə etmir.
Qeyd edək ki, orfoepiya dilçilik elminin ədəbi dilinin tələffüz normalarından və qayda-qanunlarından bəhs edən bir bölməsidir. Yeri gəlmişkən, vurğulayaq ki, orfoepiya sözü yunanca “düzgün”, “dürüst” mənasında olan orthos sözü ilə “danışıq”, “nitq” mənasında olan eros sözünün birləşməsindən əmələ gələn bir termindir.
Məlumdur ki, dilimizin lüğət tərkibinə daxil olan sözlərin müəyyən qrupu yazıldığı kimi tələffüz edilmədiyi kimi, əksinə, deyildiyi kimi də yazılmır. Məsələn, kitab (kitap), bağlayır (bağlıyır), iqtidar (iktidar), hikkə (hikgə), səcdə (səjdə), şəhərli (şəhərri), məxfi (məxvi) və s.
“Fonetika” bölməsində bəzi saitlərin uzun tələffüzü, (k) səsinin yazıda ifadəsi, qoşa saitli və qoşa samitli sözlərin yazılışı və tələffüzü, sözlərin sonunda cingiltili samitlərin yazılışı və tələffüzü, sonu “q” və “k” ilə bitən çoxhecalı sözlərin yazılışı və tələffüzü barədə müfəssəl məlumat verildiyindən, biz düzgün tələffüz üçün vacib olan bir sıra xüsusiyyətləri göstərməklə kifayətlənəcəyik.
Mütəxəssislər qeyd edirlər ki, indiyə qədər orfoepiya lüğətinin qaydalarının hazırlanaraq çap edilməməsi efirdə, ekranda, ictimaiyyətdə, məktəbdə müşahidə etdiyimiz danışıq dilinin pozulmasına səbəb olur.
Azərbaycan dilinin orfoepiya lüğətinin olmaması faktına münasibət bildirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor, dilçi-alim Buludxan Xəlilov indiyə qədər orfoepiya lüğətinin yaradılmamasını təəssüf hissilə qarşılayır. Bu sahənin diqqətdən kənarda qaldığını deyən B.Xəlilov hesab edir ki, bütün səyləri birləşdirib Azərbaycan dilinin orfoepiya lüğətini hazırlayıb nəşr etmək lazımdır: “Ümumiyyətlə, Azərbaycan dilinin qrammatikası indiyə qədər geniş şəkildə tədqiq olunub, öyrənilib, müxtəlif sahələrlə bağlı dissertasiyalar, dərs vəsaitləri yazılıb. Yəni bu sahədə uğurlarımız kifayət qədərdir. Ancaq Azərbaycan orfoepiyası sahəsində görüləcək işlərə çox böyük ehtiyac var. Vaxtilə orfoepiya sahəsində Əbdüləzəl Dəmirçizadənin, Əziz Əfəndiyevin xeyli xidmətləri olub. Amma bu sahədə geniş bir məktəb yaranmayıb. Dilçilik elminin elə sahələri var ki, orada böyük məktəb yaranıb, o məktəb xeyli işlər görüb. Ancaq Azərbaycan dilinin orfoepiyası ilə bağlı köklü işlər görülməlidir. Xüsusilə sözlərin düzgün tələffüz məsələsi bu gün öz aktuallığını itirməyən bir məsələdir. Həm orta məktəblərdə, həm ali məktəblərdə, həm də radio və televiziyalarda orfoepiya qaydalarına əməl edilməlidir. Bu, ümumiyyətlə, hər kəsin əməl etməli olduğu bir qaydadır. Orfoqrafiya qaydaları yazını tənzimləyir, sistemə salır. Ancaq düzgün tələffüz məsələsi sistemində qüsurlar daha çoxdur. Açıq deyək, bu problem ailədən, bağçadan, orta məktəbdən, ali məktəbdən, mövcud KİV-lərdən başlayır. Bu səbəbdən də bu sahədə xeyli ciddi, köklü işlər görülməlidir. Həvəskar səviyyədə, bir az da mütəxəssis səviyyəsində müəyyən orfoepiya sözlükləri çap olunub. Məktəblinin orfoepiya sözlüyü nəşr edilib və s. Ancaq bunlar, bütövlükdə, dilin lüğət tərkibində olan sözlərin orfoepik lüğəti deyil. Açıq deyim, bu sahənin bir az praktik olduğundan ehtiyat edərək, ondan bir az uzaq düşmüşük. Ona görə də Azərbaycan dilinin orfoepiya sözlüyü yoxdur, lakin bu sözlüyün yaranmasına çox böyük ehtiyac var. Nəzərə almaq lazımdır ki, bir sıra sözlərin yazılışında qüsurlar var və bu da onların tələffüzündən qaynaqlanır. Bu problem özünü daha çox alınma sözlərdə göstərir. Etiraf etməliyik ki, Azərbaycan dilinin orfoepiya sözlüyü yaranmalıdır. Azərbaycan dilinin izahlı lüğəti var, bu da xüsusi tarixi ənənəsi olan bir lüğətdir. Azərbaycan dilinin tarixi ənənəsi olan orfoqrafiya lüğəti var. Bu lüğət bu il 7-ci dəfə nəşr ediləcək. Ancaq təəssüflər olsun ki, Azərbaycan dilinin orfoepiya sözlüyü Azərbaycan dilində olan bütün sözləri əks etdirmir”.
B.Xəlilov hesab edir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsi respublikanın ali məktəblərinin filologiya fakültəsinin müvafiq şöbələri ilə bərabər Azərbaycan dilinin orfoepiya lüğətini hazırlamalıdır. B.Xəlilov qeyd etdi ki, biz mükəmməl orfoepiya sözlüyü hazırlamaq istəyiriksə, bu işə ciddi yanaşmalıyıq: “Onu da vurğulayım ki, bu sahədə işlər görülməlidir. Azərbaycan dilinin orfoepiya lüğətinin hazırlanması yalnız Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin imkanlarına uyğun məsələ deyil. Bura müvafiq ali təhsil müəssisələrinin filologiya fakültəsinin dilçiləri, kolleclərdə dərs deyən dilçi mütəxəssislər də qoşulmalıdır. Nəyə görə? Orfoepiya sözlüyü orfoqrafiya sözlüyü qədər çətin bir sözlükdür, lüğətdir. Əgər orfoqrafiya sözlərin düzgün yazılşını tənzimləyirsə, orfoepiya da sözlərin düzgün tələffüzünü tənzimləyir. Ona görə də orfoepiya lüğətinin hazırlanması ölkə dilçilərini bir araya gətirən işə çevrilməlidir. Təəssüflər olsun ki, bu işin çətinliyi bəzən mütəxəssislərin özünü də qorxudur. Açıq deyim ki, biz dövlət müstəqilliyi əldə etdikdən sonra dəfələrlə orfoepiya sözlüyünün çap edilməsi müzakirə mövzusu olub. Ancaq dilçilər bu ağırlıqdan çəkinərək hər zaman geri durublar və bu sahəni diqqət mərkəzindən kənarda saxlayıblar. Hesab edirəm ki, orfoepiya sözlüyü xüsusi bir layihə şəklində olmalıdır. Eyni zamanda da o layihənin işlənib hazırlanması, həyata keçməsi üçün orada xeyli mütəxəssislər çalışmalıdır. Onu da deyim ki, rus və digər dillərdə orfoepiya sözlüyü var. Bu çox vacib məsələdir, söz necə yazılır, necə tələffüz olunur və s. Bizdə bu istiqamətdə görüləcək işlər Azərbaycan dilinin praktik işləkliyinə xeyli zəmanət verə, danışıq dilimizi xeyli inkişaf etdirə bilər. Çünki Azərbaycan dilinin praktik işləkliyindəki problemlər orfoepiya lüğətinin olmamasından qaynaqlanır”.
Azərbaycan dilinin orfoepiya lüğətinin Sovet dövrü nəşrinə də toxunan B.Xəlilov bildirdi ki, o lüğət də özündə dilimizi tam olaraq ifadə etməyib. Onun sözlərinə görə, bu lüğət elə də mükəmməl olmayıb: “Hazırda orfoqrafiya lüğətinin 7-ci nəşri çapa hazırlanır. Belə olan təqdirdə orfoqrafiya ilə orfoepiya qoşa qanaddır. Ancaq orfoqrafiya lüğəti dəfələrlə çap olunur, orfoepiya lüğətinin isə belə nəşrlərini tapmaq mümkün deyil. Bu qoşa qanadın biri həmişə diqqət mərkəzində olub, o biri qanad isə diqqətdən yayınıb. Ona görə də bu istiqamət kənarda qalıb. Yazıda etdiyimiz qüsurlar mükəmməl orfoepiya lüğətinin olmamasından qaynaqlanır. Çünki orfoepiya lüğəti yarandıqdan, çap olunduqdan sonra düzgün yazı və düzgün deyiliş bir-birini tamamlayacaq. Bu da dilin düzgün tətbiqinə geniş imkan, şərait yaradacaq”.Baki-xeber
araz.az xəbər portalı.