Suriyanın tədris proqramlarında “Osmanlı işğalı dövrü” ifadəsinin “Osmanlı hakimiyyəti dövrü” ifadəsi ilə əvəz olunması daxili siyasətdə yeni müzakirələrə səbəb olub. Bu dəyişikliklər Türkiyənin Suriyada artan təsirinin bir göstəricisi kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, tədris proqramındakı bu cür dəyişikliklər yalnız tarixi baxışı deyil, həm də Suriyanın siyasi idarəetmə modelini və regional əlaqələrini formalaşdıra bilər.
Bəs, tədris proqramlarında Osmanlı tarixinə yanaşmanın dəyişdirilməsi Suriyanın daxili siyasətinə necə təsir edə bilər?
araz.az-a daxil olan məlumata görə, mövzu ilə bağlı crossmedia.az-a açıqlama verən Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin bildirib ki, XVI əsrin əvvəllərində Osmanlı imperiyası indiki Suriya ərazilərini fəth etdikdən və imperiyanın bu inzibati ərazilərə nəzarət etdikdən sonra tarixdə Osmanlı Suriyası kimi də təqdim olunub:
“Osmanlı imperiyasının hakimiyyəti dönəmi Suriyanın tarixində xüsusi bir mərhələdir. Bu bölgə də imperiyanın içərisində olduğu müddətdə yalnız ədalətlə idarə olunub, tərəqqi və inkişafdan, sabitlikdən öz nəsibini alıb. Suriya xalqı da heç bir zaman Osmanlı imperiyasına nifrətlə yanaşmayıb. Lakin son illərdə Suriyada tarix dərsliklərində Osmanlı imperiyasını işğalçı kimi təqdim edilməsinin siyasi səbəbləri var idi. Bu Bəşər Əsəd hakimiyyətinin Türkiyə ilə olan münasibətindən və İranın bu bölgədə öz təsir dairəsini artırmağa çalışdığı bir dövrə təsadüf edir. Bunun da əsas məqsədi Osmanlı imperiyası adı altında əslində bu günkü Türkiyənin regiondakı nüfuzuna xələl gətirmək, Suriya xalqının şüuraltına türkləri işğalçı kimi təqdim etmək siyasəti güdülürdü”.
İlqar İlkin qeyd edib ki, Suriyanın tarix dərslik kitablarından “Osmanlı işğalı dövrü” ifadəsinin çıxarılması və daha loyal olan “Osmanlı hakimiyyəti dövrü” ifadəsinin əvəzlənməsi Suriyanın Türkiyə ilə gələcəyə baxışını əks etdirir, regionda qardaş xalqların nifrətlə deyil, barış və xoşgörü ilə yaşamaq istəyini göstərir:
“Bu gün Suriya bir dövlət olaraq, yenidən inşa edilir. Regionda böyük dövlətlərin hər birinin müxtəlif maraqları var. Artıq Suriya xalqı və yeni formalaşan hökuməti də anlayır ki, yalnız Türkiyənin yardımı və qərarlılığı ilə azad Suriya dövlətini yenidən bərpa etmək olar. Türkiyənin olmadığı Suriyada normal dövlət yaratmaq mümkün olmayacaq. Buna görə də, ilk növbədə Suriyada Türkiyə ilə bağlı bütün neqativ yanaşmalar aradan qaldırılmalıdır. Odur ki, tədris proqramlarında türklərə qarşı işlədilən yanlış ifadələrin düzəldilməsi təqdirəlayiq haldır”.
araz.az xəbər portalı.