Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 Yanvar qırğınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak edib. Universitetdə keçirilən bu tədbir cəmiyyətdə heç də yaxşı qarşılanmayıb. Universitet rəhbərliyi ciddi tənqidlərə tuş gəlib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Bakı Slavyan Universitetində yaşanan hadisə bu ali təhsil ocağının Azərbaycan Dillər Universitetinə birləşdirilməsi məsələsini yenidən gündəmə gətirib. Qeyd olunur ki, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bu cür qalmaqallı tədbirin gerçəkləşdirilməsinə razılıq verməklə əslində həmin ali təhsil ocağının Azərbaycan Dillər Universitetinə birləşdirilməsini tezləşdirib.
Bu iki ali məktəb birləşdirilə bilərmi?
Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az saytına açıqlamasında bildirib ki, adıçəkilən universitetlərin birləşdirilməsi məsələsi zaman-zaman gündəmdə olub:
“Ancaq bu birləşmələr bizim fikirlərimizlə həll olunan məsələ deyil. Bunun üçün ciddi əsaslar olmalıdır. Mütəxəssislər bunun ətrafında fikir mübadiləsi, təhlillər aparmalı, nə dərəcədə perspektivli olduğundan əminlik ifadə etməlidirlər. Hər halda ciddi nəticələr önə çəkilərək, qərar qəbul olunmalıdır”.
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, hər iki ali təhsil ocağının birgə fəaliyyət göstərməsi ilə bağlı təcrübə olsa da, buna ehtiyac yoxdur:
“İki təhsil müəssisəsinin, Bakı Slavyan Universitetinin (BSU) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə fəaliyyət göstərməsi təcrübəsi olub. 1959-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə Rus dili və Ədəbiyyatı İnstitutu birləşdirildi və 1972-ci ilə kimi bir ali məktəb kimi fəaliyyət göstərdilər. Nəzərə alsaq ki, uzun müddət Slavyan Universitetinə rektorluq etmiş akademik Kamal Abdulla hazırda Dillər Universitetinin rektorudur və bu təhsil müəssisələrnin tədris binaları bitişikdir, nəzəri olaraq birləşdirmə mümkündür. Digər tərəfdən bir-birini təkrar edən ixtisas və fakültələr var və əgər birləşmə baş tutarsa, uyğunlaşmada heç bir problem ola bilməz və bu dövlətin maliyyə yükünü də azalda bilər.
Amma praktik olaraq bu mümkün deyil. Çünki Slavyan Universitetinin olması Azərbaycanın slavyan ölkələri ilə tədris-mədəni əlaqələrinin genişlənməsi, azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə, xüsusi ilə slavyan xalqları arasında nümayiş etdirilməsi istiqamətində böyük imkanlara malikdir. Bakı Slavyan Universiteti təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. Burada slavyan dilləri və ədəbiyyatları üzrə fundamental elmi tədqiqatlar həyata keçirilir. Bakı Slavyan Universiteti təkcə Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu rusistika mərkəzi sayılır. Burada bütövlükdə region üçün unikal sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Ən vacib məqam isə odur ki, ölkəmizdə adambaşına düşən universitet sayımız dünyada qəbul edilmiş normalardan azdır. Bizdə cəmi 164 min tələbə təhsil alır ki, bu da ölkə əhalisinin 1.6 faizi deməkdir. Ona görə də universitetlərin birləşdirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq ali təhsil müəssisələrində ciddi struktur islahatlarına ehtiyac var. Kadr potensialı yenilənməlidir, idarəetməyə yeni yanaşlamar gətirilməlidir. Bakı Slavyan Universiteti təkcə ali təhsil müəssisəsi deyil, eyni zamanda strateji bir yerdir. Ölkədə rus bölməsi üzrə kifayət qədər məktəbli və kontingent var. Onların kadr ehtiyacını ödəmək üçün bu universitetin mövcudluğu zəruridir”.
araz.az xəbər portalı.