“Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılmışdır.

Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxış bu ölkənin siyasi dairələrində dərindən kök salmış irqçiliyi, Azərbaycan xalqına qarşı nifrəti, işğalçılıq siyasətini nümayiş etdirir”.

araz.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Bəyanatında yer alıb. İcma əlavə şərh olmadan Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxışın mətnindən həmin hissənin çıxarışını olduğu kimi verib:

“Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi – Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib”.

Bəyanatda bildirilir ki, faktiki olaraq, Ermənistan “əhali yoxdursa, problem yoxdur” yanaşmasından çıxış edərək, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparmışdır. Bütün bunlar bir daha sübut edir ki, Levon Ter-Petrosyanın “erməni milli azadlıq mübarizəsi”ndən, Robert Koçaryan, Serj Sarqsyan kimi səhra komandirlərindən tutmuş “demokratik” Nikol Paşinyan hakimiyyətinə qədər Ermənistan dövlətçiliyinin mahiyyəti dəyişmir. Ermənistanın 1987-ci ildə başlatdığı münaqişənin məqsədi məhz etnik təmizləmə həyata keçirməklə monoetnik məkan yaratmaq, Azərbaycan əraziləri hesabına mifik “böyük Ermənistan” yaratmaq olub və indiki Ermənistan hakimiyyəti deportasiya edilmiş azərbaycanlıların qayıdışına imkan verməməklə bu cinayəti davam etdirir.

“Hadisələrdən 30 ildən çox keçməsindən sonra belə Ermənistan cəmiyyətinin və erməni diasporunun Levon Ter-Petrosyanın yuxarıda qeyd edilən çıxışını dəstəkləməsi və ya ört-basdır etməyə çalışması biz Qərbi azərbaycanlıları olduqca məyus edir. Lakin Ermənistan bu sistematik qanlı cinayətlərin izini itirməyə, onları danmağa müvəffəq olmayacaq. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın bu irqçi siyasətini pisləməyə, onu Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırmağa dəvət edirik. Qərbi Azərbaycan İcması beynəlxalq hüquq çərçivəsində Ermənistanın məsuliyyətə cəlb edilməsi və Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz dədə-baba yurdlarına qayıdışını təmin etmək üçün öz səylərini davam etdirəcək”, — deyə Bəyanatda qeyd olunur.

Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... – Video
Petrosyanın etdiyi çıxışın onu şoka saldığını bildirən İsakov videonun ermənicə mənbəsini də təqdim edib.

Məlumatı yayan axar.az qeyd edib ki, Albert İsakovun atası dağ yəhudisi (azərbaycanlı), anası ermənidir. 1974-cü il təvəllüdlü İsakov Bakıda doğulub və 16 yaşına qədər Azərbaycanda yaşayıb, 1990-cı ildə Ermənistana köçüb və 12 il də orada qalıb: sonra 5 illik İsrail həyatı başlayıb, hazırda Kanadada yaşayır.

İsakovun fikrincə, bu mətn ermənilərin “milli strategiyası və hədəflərini” anlamaq, bu cinayətkar dəstənin hansı “amallar” uğrunda yaşamasını başa düşmək baxımından önəmlidir:

“Petrosyan bu cinayətkar dəstəyə “qardaşlarım” deyə müraciət edir və qətiyyən öz hərəkatının məqsədini gizlətmir. Bu çıxışında o öz faşist mahiyyətini və faşist məqsədlərini ortaya qoyur”.

Petrosyan 1988-ci ildən azərbaycanlılara qarşı silahlı hərəkata başladıqlarını və qətliamlar həyata keçirdiklərini etiraf edir, bildirir ki, 5 il əvvəl (çıxış 1993-cü ildə edilib) biz bu hərəkata başlamasaydıq, ümumiyyətlə Qarabağ məsələsi olmayacaqdı.

Petrosyan deyir ki, biz 3 məsələni həll etdik: 1. 600 ildir erməni xalqının bacarmadığını həyata keçirdik – bütün Ermənistanı və Qarabağı digər millətlərdən tamamilə təmizlədik. Bunun nəticələrini erməni xalqı bundan sonra 600 il hiss edəcəklər.

Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladaraq bildirir ki, təsəvvür edin, indi onlar Ermənistandadır:

“Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik – milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax, o cümlədən daha bir çox torpaqlar ermənilərin əlindədir”.

İsakov bildirir ki, Petrosyan faktiki olaraq azərbaycanlıların silah gücünə qovulmasını təsdiqləyib:

“Petrosyan bildirir ki, 3 rayonda, o cümlədən Zəngəzurda azərbaycanlıların çoxluq təşkil etməsi Ermənistan üçün təhdid idi və etnik təmizləmədə silahlı birliklərin rol oynadığını etiraf edir. Petrosyan “Ermənistan təmizləndi” deyir. Zibildən, çirkdən təmizlənmək ola bilər. Petrosyan isə burada canlı insanları, öz yurdunda kompakt yaşayan azərbaycanlıları nəzərdə tutur. Bu, nasizm və gizlədilməyən faşizmdir.

Bu gün həmin bu xalq hansısa “etnik təmizləmədən” danışır”.

Petrosyan davam edir və ikinci uğur kimi Azərbaycandan 500 min erməninin köçürülməsini göstərir. O bildirir ki, əgər onlar Azərbaycanda qalsaydı, Ermənistana təzyiq vasitəsinə çevriləcəkdilər. Onun fikrincə, 300 min erməni Ermənistana gəldi ki, bu da demoqrafik problemi həll etdi.

Petrosyan 3-cü uğur kimi siyasi və hərbi fəaliyyəti birləşdirdiklərini, hərbi baxımdan ideal iş gördüklərini vurğulayır.

araz.az xəbər portalı.