Bir vaxtlar Rusiyanın 54 bölgəsində məskunlaşan soydaşlarımızın ümid qapısına çevrilən, sonralar isə, ətrafında gedən müzakirələr zamanı barəsində ziddiyyətlər dolu ən müxtəlif məlumatlar yayılan həmvətənlərimizin rəsmi diaspor qurumu “AzərRos”un — Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatının artıq 20 yaşı tamam oldu. Bu münasibətlə, Moskva Kremlinin yaxınlığındakı elitar mehmanxanalar kompleksinin birinin — İzmaylovdakı “Delta Hotel”in yığıncaq zalında qabaqcadan planlaşdırılan tədbir də keçirildi. Hətta bu yubiley mərasimində Azərbaycanın Müstəqillik Günü də qeyd olundu. Lakin tədbirin gedişindəki bir çox məqamlar onun iştirakçılarına ürəkaçan təsir bağışlamadı. Çünki… …Öncədən belə ehtimal olunurdu ki, bu iki önəmli tarixi hadisənin birgə qeyd olunması, baş tutacaq bu tədbiri daha yaddaqalan edəcək. Dövlət himnimizin səslənməsi ilə start götürəcək iki hissəli bu tarixi tədbirə dəvətlilərdən biri olaraq, mənə də elə gəlirdi ki, “AzərRos”un bu yubiley mərasimi də, o vaxtlar keçirilən buna bənzər tədbirləri kimi səs-küylü və təntənəli keçəcək, bu böyük ölkənin bütün regionlarını təmsil edən müxtəlif diaspor təşkilatlarımızın rəhbərləri, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin və digər yuxarı dövlət qurumlarının rəsmiləri, Avropa, Yaxın Şərq, Orta Asiya ölkələrinin və Rusiyanın ictimai-siyasi həyatlarında fəallıqları ilə seçilən, bu dövlətlərin elmi-mədəni elitalarına daxil olmağı bacaran, müxtəlif subyektlərdə ziyalı, iş adamı, aydın fikir, sənət və peşə sahibi, ictimai-siyasi xadim kimi yaxşı tanınan soydaşlarımız bu təşkilatın 20 illik fəaliyyəti barədə, ürəkdən gələn öz xoş fikirlərini söyləyəcəklər. Həmçinin baş tutacaq bu önəmli tədbirin təşkilatçıları, ayrı-ayrı regionlardan və ölkələrdən olacaq dəvətlilərin bütün xərclərini belə öz üzərlərinə götürəcək…
…Çox təəssüf ki, hər şey təsəvvür etdiyimiz kimi olmadı və təşkilatçılarının bacarıqsız olduğunu ortaya çıxardı. Və bu, həm də ümummilli birliyi dəstəkləyib, qorumaq naminə 20 il əvvəl yaradılan, məramnaməsində milli dəyərlər ətrafında Rusiyanın bütün regionlarındakı diaspor təşkilatlarımızın səylərini birləşdirmək, onların inkişaf strategiyasının hazırlanmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək əsas məqsəd kimi qarşısına qoyulan “AzərRos”u açıq-aşkar biabır etdi. Bununla, bir daha sübut olundu ki, Rusiya — Azərbaycan əməkdaşlığını və strateji tərəfdaşlığını, müasir Rusiya və dünyadakı siyası proseslərdə Azərbaycan diasporunun lobbiçiliyi məsələlərini, dünya azərbaycanlılarının ən ağrılı Qarabağ probleminin həlli yollarını, Azərbaycan diasporunun mövcud durumunu, bu yöndən qarşıda duran vəzifə hədəflərini müzakirə edib, səmərəli təkliflər vermək bu təşkilatın rəhbər həyətindəkilərin qabiliyyətləri çərçivəsində deyil.
Azərbaycanın Rusiyadakı diaspor təşkilatlarının işlərinə yaxından bələd olan bir diaspor fəalı olaraq, qəti şəkildə deyirəm ki, öz xoşagəlməz əməlləri ilə dövlətimizin diaspor siyasətinin normal inkişafına əngəl olanların, bu sahədə nüfuz sahibi olan soydaşlarımıza qarşı iyrənc planlar əsasında qəbuledilməz qarayaxma kampaniyaları aparanların, düşünülmüş şəkildə saysız-hesabsız qarşıdurmalar, intriqa və ədavətlər yaradanların bu tədbirdə iştirakçı olmaları, elə, onun təntənəli keçməsinə əngəl olan başlıca səbəb idi. Tədbirin gedişindən bir daha aydın oldu ki, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatının prezidenti, Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü Mehriban Sadıqovanın özü belə, onlara qarşı acizlik mövqeyi nümayiş etdirənlərdən biridir. Məhz bu səbəbdəndir ki, rəhbərlik etdiyi bu qurumla, eləcə də onun özü ilə bağlı son illər yayılan ziddiyyətli məlumatların sayı-hesabı olmur.
Bir daha bildirirəm ki, iki önəmli tarixi hadisənin birgə qeyd olunmasına həsr edilən bu mərasimdə yaddaqalan heç nə olmadı. Yaddaqalan yalnız o oldu ki, Rusiya Ədliyyə Nazirliyi tərəfindən fəaliyyətində hüquqi çatışmazlıqlar aşkarlandığı üçün, xeyli əvvəl rəsmən ləğv edilən Ümumrusiya Azərbaycanlıları Konqresinin sabiq prezidenti Fazil Qurbanov həmin tədbirdə, indi də, “AzərRos”u ələ keçirməkdən ötrü, ona doğru bir addım ata bildi. ÜAK-ın sabiq rəhbəri olaraq, Mehriban Sadıqovanın dəvətini qəbul edib, tədbirə qatılan Fazil Qurbanov öz “alovlu” çıxışında, Azərbaycan diasporunun birləşməsi baxımından, guya, çox faydalı bir təklif irəli sürdü. Bu birliyə təcili nail olmaq üçün, öncə üst qurumun yaradılması və koordinasiya şurasının qurulması barədə olan həmin təklifinə “AzərRos”dan müsbət cavab almadığından, o, bu tədbiri yarımçıq və narazı olaraq tərk etdi. Zalda bu təklifə qarşı mənfi fikirlərin daha çox səslənməsinin əsas səbəbi kimi, onun, “AzərRos”u da ələ keçirmək istəyində olması ilə izah olundu. Və bildirildi ki, ÜAK-ın ləğvində “AzərRos”un rolunun böyük olduğunu hər yerdə bəyan edən Fazil Qurbanov və onun ətrafındakılar, məhz buna görə, bu yolla da “AzərRos”a sahib çıxmaq istəyirlər. Elə, Fazil Qurbanovun yaratdığı və qeydiyyatdan keçirə bilmədiyi Rusiya Azərbaycanlıları Liqasının Udmurtiyadan olan təmsilçisi Yaşa Paşayev də, bu tədbirdən buna görə qovulası oldu. Təəssüf ki, Fazil Qurbanovun və onun tərəfdarlarının bu arzuolunmaz təkliflərinə qarşı “AzərRos” rəhbərinin özünün mövqeyi eşidilmədi. Etiraz bildirənlər isə, səlahiyyət sahibi olmayan “AzərRos”çular idi və onu da deyirdilər ki, Mehriban Sadıqova Fazil Qurbanova yaxınlığı olan birisidir və “AzərRos”u ona verməyə hər an razı ola bilər. Çünki 1996-cı ildən milli-mədəni muxtariyyatlar barədə federal qanun var və həmin qanuna görə, “AzərRos” kimi təşkilatlar heç bir təşkilata üzv ola bilməzlər.
Yeri gəlmişkən, onu da bildirmək istəyirəm ki, Fazil Qurbanovun və onun ətrafındakıların Rusiyadakı diasporumuzun işinə vurduqları ziyanlar barədə, indiyədək, mətbuatda xeyli yazım dərc olunub. Həmin yazılarda xüsusi olaraq onu vurğulamışam ki, bütün dövrlərdə ən iri milli diasporumuz qonşu Rusiyada olsa da, millətimizin milli kimliyini qoruması və inkişafı naminə vacib milli vəzifəyə çevrilən diaspor işiylə məşğul olmağın bu ölkədə ən problemli sahəyə çevrilməsi daim göz önündə olub. Danılmaz bu problemlərin mənasının nədən ibarət olması isə, daim təəssüf doğurub. Heç kəsə sirr deyil ki, özlərinin xarizmatik xarakterlərindən irəli gələn iddialarını gözə soxanlar, milli diaspor təşkilatlarımızın adından sui-istifadə etməklə, belə problemləri yaradıblar və yaratmaqda davam edirlər. Belələri diaspor işi ilə professional səviyyədə məşğul olmağı bacaran, bu sahəni dərindən bilən çox təcrübəli mütəxəssislərimizin normal işləməsinə, zaman-zaman milli diasporumuzla bağlı dövri mətbuatda, dəyirmi masalarda, konfranslarda gündəmə gətirilən bu problemlərin aradan qaldırılmasına, dövlət-diaspor əlaqələrinin faydalı əməkdaşlığa çevrilməsi yolunda real addımlar atılmasına imkan da vermirlər. Çox əfsuslar ki, belələri problemlərin araşdırılmasına, nəticə çıxarılmasına və həllinə kömək etmək əvəzinə, özümüzünkülərə qarşı münasibətlərin kəskin şəkildə pisləşməsi üçün çalışırlar. Vaxtilə Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor qurumu olan
Ümumrusiya Azərbaycanlıları Konqresinə rəhbərlik edən Fazil Qurbanov da belələrindəndir. Ən acınacaqlısı odur ki, siyəzənli bu həmyerlimiz, bu qurumun rəhbəri olan kimi, başına yalnız özünə sədaqətli adamları toplamağa başlayıb və Federasiyada məskunlaşan hər bir soydaşımızın böyük ümidlər bəslədiyi bu təşkilatı öz şəxsi şirkətinə çevirmək naminə “dəridən-qabıqdan çıxıb”. İstəyinə nail olsa da, bunun sonu yaxşı olmayıb. Ümumiyyətlə, 19 il öncə böyük ümidlərlə yaradılan və fəaliyyəti millətimizin xoş gələcəkli taleyinə köklənən, üstəlik, Rusiyanın 78 bölgəsində məskunlaşan həmyerlilərimizin ümid qapısına çevrilən Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti kimi məsul bir posta ictimai xadim, tibb elmləri doktoru, professor kimi tanıdığımız Fazil Qurbanov gətiriləndə Rusiyadakı soydaşlarımız çox seviniblər. Bir dövlət olaraq, Azərbaycanı Rusiyada lazımi səviyyədə təmsil etmək üçün, belə titullu bir şəxsə böyük ümidlər bəslənir və hamı inanırdı ki, Federasiyanın bütün regionlarındakı təşkilatlarımızın birləşməsində, diasporumuzun irəli getməsində, imicimizin artırılmasında onun xüsusi rolu olacaq. Üstəlik, Fazil Qurbanovun azərbaycanlı zəngin iş adamları ilə əlaqəsi, gələcəkdə müəyyən layihələri onlarla birgə həyata keçirməsi Azərbaycan diasporundakı mövcud problemlərin həllinə yaxından dəstək olacaq.
Çox əfsuslar ki, Fazil Qurbanov soydaşlarımızın bütün ümidlərini puça çıxardı. Qurum daxilində kök salıb, getdikcə şaxələnən neqativliklər onların bu inamları üstünə qara xətlər çəkdi. Halbuki soydaşlarımızın daha çox məskunlaşdığı bu nəhəng ölkədə təkcə
Ümumrusiya Azərbaycanlıları Konqresi adlı bu böyük dəyərə sahib çıxmaq az, onu şaxələndirmək, inkişaf etdirmək, müasir standartlara uyğunlaşdırmaq isə, çox vacib idi. Təşkilat məhz bu məqsədlər üçün yaradılmışdı. Qarşısına qoyulan digər vacib məsələlərdən biri isə ondan ibarət idi ki, burada yaşayan soydaşlarımızın hansısa siyasi güclərin əlində alətə çevrilməsinə imkan verməsin, hər bir diasporun bu ölkə ilə Vətənimiz arasında körpü rolunu oynamasına lazımi şərait yaratsın.
Konkret desək, gözlədiklərimiz olmadı. Bu böyük qurumun məsul vəzifə postlarını tutanlar xoş olmayan, hər kəsdə məyusluq doğuran ağlagəlməz çox əməllər törətdilər. Getdikcə şiddətlənən bu cür neqativliklər belə diaspor təşkilatı rəhbərinin vecinə olmadı. Bütün bu xoşagəlməzliklər isə, sonda, acı bir sonluqla nəticələndi.
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin vəsatəti əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi barədə 2017-ci ilin may ayında qərar qəbul edildi. Rusiya Prezidentinin etnik icmalar arasında münasibətlərin inkişafına və Rusiyanın ictimai-siyasi həyatında daha yaxından iştirakına yönəlmiş siyasəti fonunda, qeyri-hökumət təşkilatı kimi bu ölkənin qanunları əsasında və bu qanunlara uyğun olaraq yaradılan Ümumrusiya Azərbaycanlıları Konqresinin bu tərzdə ləğvi ciddi təəssüf və təəccüb doğurdu. Onu da qeyd etmək istərdim ki,
Rusiyada məskunlaşan bütün həmyerlilərimizin təşkilatlandırılmasında, Federasiyanın ucsuz-bucaqsız regionlarına səpələnmiş soydaşlarımız arasında əlaqələr qurub, onu daha da genişləndirmək, bu yöndə birgə tədbirlər həyata keçirmək, onların təşkilatlanması yolunda yeni yaradılan bütün qurumların birlikdə fəaliyəti göstərmələri üçün, konkret fəaliyyət konsepsiyasının tələbələrindən irəli gələn xeyirli mühüm işlər həyata keçirmək mümkün olur. Təəssüf ki, qərəzi, xainliyi, gözgötürməzliyi… fəaliyyətlərinin əsas mahiyyətinə çevirən Fazil Qurbanov kimiləri, diasporumuzun işini üstün yüksək səviyyəyə gətirmək üçün əzmlə çalışan belə diaspor fəallarının da normal işləmələrinə imkan vermir, onları çətinliklərlə üz-üzə qoyur, ortada heç nədən konfliktlər yaradırlar. Onları neytrallaşdırmaq üçün, regional təşkilatlarda universal, ağıllı və cəsarətli insanlar çalışsalar da, bu tip insanların törətdiklərindən, soydaşlarımız arasında yaratdıqları konfliktlərdən uzaq düşmək olmur. Diaspor fəallarımızın qarşılıqlı münasibət və anlayışları səmimi olmadığına görədir ki, bu sahəyə sərf etdiyimiz bütün enerjimiz illərdir boşa gedir. Nəticədə, getdikcə daha da zəifləyən diasporumuzun hər il köhnə və nüfuzlu təşkilatlarını itiririk. Bütün bunlara görədir ki, Azərbaycanın tanıdılmasında rolu hələ də aydın görünməyən diasporumuzun fəaliyyəti yaxşı cəhətdən dəyərləndirilmir.
Düzdür, Diaspor Komitəsinin işinə yeni nəfəs verməyə çalışan yeni rəhbərliyi və onun yeni ruhla çalışan əməkdaşları, yuxarıda göstərdiyim bəzi neqativ halların qarşısının alınması üçün, vacib addımlar atıblar. Lakin təxribatçı qüvvələr hələ də meydandadırlar və öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Əgər hər hansı təşkilat rəhbərinin reputasiyası təmizdirsə, ona qarşı hücumlar başladır, onları siyasi intriqalara cəlb edib, qaralamaq niyyətlərini reallaşdırmaq üçün hər an fürsət güdürlər.
Rusiyadakı Azərbaycan diasporuna bir ara rəhbər gətirilən, lakin bu tarixi missiyanı, ona göstərilən etimadı layiqincə yerinə yetirməyən Fazil Qurbanov və onun ətrafına toplaşan özü kimi köhnə fikirli, fiziki cəhətdən olduqca zəif qoca soydaşlarımız, özləri ilə birlikdə, diasporumuzu da dəfnə aparmaq istəyirlər. Belə olmasaydı, Fazil Qurbanov nəhəng bir Federasiyadakı Azərbaycan diasporunun taleyi ilə oynamaz, Rusiya Azərbaycanlıları Liqası adı altında, bacarıqsız rəhbəri olduğu Ümumrusiya Azərbaycanlıları Konqresinin bərpasına bu qədər israrlı cəhdlər göstərməzdi. Fazil Qurbanovun köhnə komandasıyla bərabər, Rusiyadakı diaspor qüvvələrmizi geri çəkmək, cəhalətə sürükləmək istəkləri təəssüf doğurur.
Fazil Qurbanov həqiqətən də Rusiya Azərbaycanlıları Liqasının normal təsis qurultayını keçirmək və bu təşkilatı Rusiyanın Ədliyyə Nazirliyində qeydiyyata almaq istəyirsə, o, əvvəlcə 80 yaşlı çirkin qocalardan, 15 il Samarada Azərbaycan diasporuna rəhbərlik edən və ona heç bir uğur qazandırmayan erməni sevgili Şirvan Kərimov kimi yarı mədəni insanlardan yaxa qurtarmalıdır. Əks təqdirdə, heç bir hörmətli azərbaycanlı LAR-a gəlməyəcək.
Azərbaycan diasporunun işinin inkişafında və bir araya gəlməsində onun çox rəhbərləri maraqlı deyil. Belələri diaspordan ancaq öz şəxsi maraqları üçün istifadə edirlər. Hətta bəzi diaspor rəhbərləri, öz şəxsi maraqları üçün, loru dildə desək, “erməniyə dayı” deməkdən belə çəkinmirlər — elə, adını yuxarıda çəkdiyim erməni sevgili Şirvan Kərimov kimi! Bunun bir nümunəsini isə, Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqovanın timsalında görmüşük. O da, ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu bildirir, bu millətə hüsn-rəğbətini xüsusi qeyd edir. Üstəlik, onun rəhbərlik etdiyi təşkilatda təmsil olunan,
“AzərRos” Milli-Mədəni Muxtariyyatının Moskva bölməsinə rəhbərlik edən və ermənilərlə hərtərəfli qohumluq əlaqələri yaradan Ağadadaş Kərimovun bu millətə qarşı mövqeyi də, ona ruh verir. Məhz buna görədir ki, Ağadadaş Kərimov ermənilərlə qohumluq əlaqələrini hər yerdə və hər bir tədbirdə açıq şəkildə reklam etməkdən belə çəkinmir və bunlar, cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Azərbaycan diasporunun taleyi ilə oynayan belə liderlərin belə anlaşılmaz hərəkətləri, onun imicinə ağır zərbədən başqa bir şey deyil.
“AzərRos” kimi diaspor qurumuna rəhbərlik edən Mehriban Sadıqovanın millət sevgisi düşmən sevgisindən üstün olsaydı, o, bu təşkilata rəhbərlik etdiyi son 5 ildə nələr etməzdi?! Elə, “AzərRos”un yubiley tədbirində də məlum oldu ki, o, bu təşkilatın xətti ilə, dövlətimizin diaspor siyasətinin xeyrinə xoşagələn heç bir iş görməyib. Bu azmış kimi, o, anlaşılmaz hərəkətləri ilə, bu təşkilatın olan-qalan nüfuzunu belə heçə endirib. Üstəlik, bu quruma arxa-dayaq olan çox hörmətli və tanınmış soydaşlarımızı — Abbas Abbasov, Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov, İsgəndər Xəlilov kimi nüfuz sahiblərini ondan uzaq salıb. Halbuki onların bu quruma gəldikləri ilk gündən fikirləri ancaq Azərbaycan xalqına nəsə fayda gətirmək olub. Cox əfsus ki, Mehriban Sadıqovanın rəhbər bacarığının və qabiliyyətinin olmaması, buna imkan verməyib.
Acınacaqlı olsa da, qəti şəkildə demək lazımdır ki, “AzərRos”un rəhbər heyətində olanlar, onu, öz şəxsi obyektlərinə çeviriblər. Və belə bir rəhbər heyətlə, dövlətimizin diaspor siyasətinə dəstək vermək, Azərbaycan diasporunun işinin güclənməsini, daha effektiv, təkmil və koordinasion formada fəaliyyət göstərməsini təmin edib, bu sahədə daha önəmli addımlar atmaq, ayrı-ayrı diaspor təşkilatlarımızı sıx birliyə, Rusiyanın ictimai-siyasi həyatında daha fəal olmağa, ölkədə tolerantlıq və yüksək mədəniyyət sahibi olan soydaşlarımızın maraqlarını daha güclü şəkildə qorumağa çağırıb, bu istiqamətdə daha vacib qərarlar qəbul etmək heç cür mümkün deyil.
Son olaraq demək istəyirəm ki, yubiley tədbirində gördüklərim, sözün həqiqi mənasında, ürək göynədici idi. Məhz buna görə də, soydaşlarımızı, xarici ölkələrdə vaxtilə ən böyük diaspor təşkilatı kimi tanıdığımız “AzərRos”u xoşagəlməz əməlləri ilə çökdürən və bununla Ulu Öndərin ruhuna xəyanət edənlərin yalan vədlərinə uymamağa çağırıram. Çünki bu dar məqamda, bir ideya ətrafında sıx birləşməyimiz olduqca önəmlidir və belə bir birlik həlledici əhəmiyyət daşıyır. Bu baxımdan, Rusiya Azərbaycanlıları İttifaqı önəmli platformadır. Rusiyada fəaliyyət göstərən hər bir diaspor təşkilatına səslənirəm ki, bu qurumun vahid ideyası ətrafında birləşək. Əgər bir olsaq, daha böyük işlər görə, dövlətimizə və Rusiya-Azərbaycan münasibətlərinə daha ciddi töhfələr verə bilərik.
Mirkazım SEYİDOV,
Rusiya Azərbaycanlıları İttifaqı Təşkilat Komitəsinin üzvü, Rusiyadakı Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının prezidenti, Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist, “Araz” Media Qrupunun və araz.az xəbər portalının Baş məsləhətçisi.
REDAKSİYADAN:
araz.az saytı, xeyli əvvəl, ictimaiyyətin fəal diasporçu kimi yaxşı tanıdığı Mirkazım Seyidovun dünya azərbaycanlılarına, eləcə də qonşu Rusiyadakı diaspor təşkilatlarımızın rəhbərlərinə ünvanladığı bir MÜRACİƏTİNİ də dərc edib. Bu yazı ilə mövzusu eyniyyət təşkil etdiyindən, maraqlı olar deyə, həmin MÜRACİƏTİ bir daha dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
“ƏZİZ DOSTLAR!
HÖRMƏTLİ HƏMKARLAR!
RUSİYA AZƏRBAYCANLILARININ DİASPOR FƏALİYYƏTİNDƏ CƏMİ BİR DƏFƏ TARİXİ HADİSƏ YAŞANDI; 2001-Cİ İLDƏ RUSİYA VƏ AZƏRBAYCAN PREZiDENTLƏRİNİN İŞTİRAK VƏ XEYİR-DUALARIYLA ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİ FƏALİYYƏTƏ BAŞLADI. BU TARİXİ HADİSƏDƏN DƏRHAL SONRA FEDERASİYANIN ÇOXSAYLI REGİONLARINDA AZƏRBAYCAN MİLLİ-MƏDƏNİ MUXTARİYYATLARI VƏ DİGƏR ADLAR ALTINDA DİASPOR QURUMLARI YARADILMASINA BAXMAYARAQ, BİZ, YENƏ DƏ, LOBBİÇİLİYƏ GEDƏN DÜZGÜN YOLU MÜƏYYƏNLƏŞDİRƏ BİLMƏDİK. TƏƏSSÜFLƏR Kİ, ELƏ, BU ƏSAS SƏBƏBƏ GÖRƏ DƏ, ÇOXDAN YAŞADIĞIMIZ BU DÖVLƏTDƏ VAHİD BİRLİYƏ NAİL OLUB, SİYASİ GÜCƏ ÇEVRİLMƏDİK. BİR SÖZLƏ, ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİNƏ RƏHBƏRLİK EDƏNLƏRİN SƏRİŞTƏSİZLİYİ UCBATINDAN, BU TƏŞKİLATIMIZ DA VAHİD BİR MƏRKƏZDƏN İDARƏ OLUNMADI.
NƏCİB BİR MƏQSƏDLƏ YARADILAN KONQRESİN ADINDAN HƏMİN ŞƏXSLƏRİN ÖZ MARAQLARI NAMİNƏ İSTİFADƏ ETMƏLƏRİ, ŞƏXSİ MƏNAFELƏRİNİ MİLLİ VƏ DÖVLƏT MARAQLARIMIZDAN ÜSTÜN TUTMALARI, SONDA, ÜRƏK AĞRILARIMIZA SƏBƏB NƏTİCƏ İLƏ YEKUNLAŞDI; RUSİYA ƏDLİYYƏ NAZİRLİYİNİN TƏLƏBİ VƏ MƏHKƏMƏ QƏRARI İLƏ, ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİNİN FƏALİYYƏTİNƏ XİTAM VERİLDİ. HƏMYERLİLƏRİMİZİN BU İYRƏNC ƏMƏLLƏRİ VƏTƏNİMİZİN İMİCİNƏ DƏ BOYÜK BİR ZİYAN VURDU. BUNDAN SONRA, VAXTİLƏ, BELƏ BİR DİASPOR TƏŞKİLATINI GƏLİR MƏNBƏYİNƏ ÇEVİRƏNLƏRİN UZUN ZAMAN FƏAL DİASPORÇULARIMIZI VƏ ONLARIN TƏŞKİLATLARINI TAMAMİLƏ YADDAN ÇIXARMALARI, ƏMƏLİ İŞLƏRİNƏ DƏSTƏK OLMAMALARI DA, ONLARIN DAHA BİR BAĞIŞLANMAZ GÜNAHLARINA ÇEVRİLDİ.
BÜTÜN DEYİLƏNLƏRƏ BAXMAYARAQ, UNUTQAN HƏMİN ŞƏXSLƏR, YENƏ DƏ, ÖZ ÇİRKİN PLANLI İŞLƏRİNİ DAVAM ETDİRMƏK EŞQİNƏ DÜŞÜBLƏR. “DƏRİDƏN-QABIQDAN ÇIXIB”, SƏY GÖSTƏRİRLƏR Kİ, YENİ BİR VACİB TƏŞKİLAT YARATDIQLARI BARƏDƏ MƏLUMATLARI BU NƏHƏNG ÖLKƏNİN DÖRD BİR YANINA SƏPƏLƏNMİŞ SOYDAŞLARIMIZA ÇATDIRA BİLSİNLƏR. ÇOX UCUZ VƏ POPULİST ÇIXIŞLAR EDƏRƏK, YENİDƏN FƏAL DİASPOR TƏŞKİLATLARINI ONLARA DƏSTƏK OLMAĞA ÇAĞIRMAQDAN, ÖZ ƏTRAFLARINA DƏVƏT ETMƏKDƏN ÇƏKİNMİRLƏR. BU ZAMAN, HƏTTA AZƏRBAYCAN DÖVLƏT STRUKTURLARININ, ELƏCƏ DƏ CƏNAB PREZİDENT İLHAM ƏLİYEİN ADLARINDAN SUİ-İSTİFADƏDƏN BELƏ QORXMURLAR.
BU YAXINLARDA SOSİAL ŞƏBƏKƏLƏRDƏ UDMURTİYA VİLAYƏTİNDƏN OLAN YAŞA PAŞAYEV ADLI BİR ŞƏXSİN RUSİYADAKI DİASPOR TƏŞKİLATLARIMIZA GÜLÜNC BİR MÜRACİƏTİ YAYILDI. O, ÖZÜNÜ GÜLÜNC VƏZİYYƏTDƏ QOYMAQLA BƏRABƏR, HƏM DƏ YENİ TƏŞKİLAT AÇMAQ EŞQİNƏ DÜŞƏN FAZİL QURBANOVUN GÜCSÜZLÜYÜNÜ BİR DAHA AÇIQ-AŞKAR NÜMAYİŞ ETDİRDİ. SOYDAŞLARIMIZ NİGARAN QALMASINLAR DEYƏ, YAŞA PAŞAYEVİN SÖYLƏDİKLƏRİNİ OLDUĞU KİMİ QEYD EDİRƏM: “DİASPOR TƏŞKİLATLARI, EŞİDİN VƏ BİLİN, KİM BU GÜN FAZİL QURBANOVUN ƏTRAFINDA YOXDURSA, DEMƏLİ, O, AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ƏLEYHİNƏDİR. BİLİN VƏ AGAH OLUN Kİ, FAZİL QURBANOV PREZİDENTİN YAXIN QOHUMUDUR!”.
MƏNCƏ, ARTIQ ŞƏRHƏ EHTİYAC YOXDUR. FAZİL QURBANOVA İSƏ, BELƏ SUALIM VAR: “PREZİDENTİN ADINDAN MANİPULYASİYA NƏYƏ GƏRƏK?! QOHUMU OLARAQ, PREZİDENTİN DİASPOR SİYASƏTİNƏ HANSI DƏSTƏYİNİZ OLUB VƏ BUNDAN SONRA NƏYİ BACARARSINIZ?! AXI,
PREZİDENTİN QOHUMU OLMAQ BÖYÜK MƏSULİYYƏTDİR. SİZ, ƏGƏR, DOĞURDAN DA, PREZİDENTİN QOHUMUSUNUZSA, HEÇ VAXT İMKAN VERMƏMƏLİYDİNİZ Kİ, ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİ KİMİ BİR TƏŞKİLATIN ACI BİR TALE AQİBƏTİ OLSUN. BU TƏŞKİLATIN BAĞLANMASI ULU ÖNDƏRİN RUHUNA HÖRMƏTSİZLİK, AZƏRBAYCAN DÖVLƏTİNİN VƏ ONUN RƏHBƏRİNİN BEYNƏLXALQ İMİCLƏRİNİ AŞAĞI SALMAQ, RUSİYADAKI HƏMVƏTƏNLƏRİMİZİN TALEYİNƏ AĞIR BİR ZƏRBƏ DEYİLDİMİ?!”.
BİR DİASPOR FƏALI KİMİ, MƏN ÖZÜM, ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİNİN ACI BİR SONLUQLA BAĞLANMASI PROSESİNİN MÜŞAHİDƏÇİSİ OLMUŞ VƏ BU AĞIR İTKİYƏ GÖRƏ, OLMAZIN NARAHATLIQLARLA DOLU TƏƏSSÜF HİSSLƏRİ KEÇİRMİŞƏM. ELƏ, O VAXTDAN, BU QƏNAƏTƏ GƏLMİŞƏM Kİ, FAZİL QURBANOVUN VƏ ONUN ƏTRAFINDAKILARIN BAĞIŞLANMAZ GÜNAHLARININ NƏTİCƏSİ OLAN
BU AĞIR İTKİ, HƏM RUSİYA AZƏRBAYCANLILARINA, HƏM DƏ DAHA ÇOX ULU ÖNDƏRİN YARATDİĞİ VƏ HƏYATA KEÇİRDİYİ DÖVLƏTİN DİASPOR QURUCULUĞU SİYASƏTİNƏ XƏYANƏTDİR. BUNA GÖRƏ, GƏLƏCƏK NƏSİL DƏ, ONLARIN BU GÜNAHLARINI HEÇ VAXT BAĞIŞLAMAYACAQ.
BU GÜN RUSİYADAKI DİASPOR TƏŞKİLATLARIMIZIN BİR DAHA GÜCLƏNƏRƏK, VAHİD BİRLİYƏ ÇEVRİLMƏSİ ÜÇÜN ÇOX GÖZƏL ŞƏRAİT YARANİB. BU İLİN APREL AYINDA MOSKVA ŞƏHƏRİNDƏ FEDERASİYANIN 56 REGİONUNUN TƏMSİLÇİSİ OLAN DİASPOR QURUMLARIMIZIN NÜMAYƏNDƏLƏRİNİN TƏSİS KONFRANSINI KEÇİRDİYİ RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI YARANIB. TƏSİS KONFRANSINDA FÜZULİ MƏMMƏDOV QURUMUN PREZİDENTİ SEÇİLİB. BİR LİDER KİMİ, QIŞA MÜDDƏT ƏRZİNDƏ HƏYATA KEÇİRDİYİ İŞLƏR, HƏM DƏ ONUN ÖNCƏDƏN İRƏLİ SÜRDÜYÜ BİRLİK İDEYALARININ TƏŞKİLATIN GƏLƏCƏK FƏALİYYƏTİNİ TAM ƏHATƏ EDƏCƏYİNİ, BU İTTİFAQIN TƏMƏLİNDƏ İSƏ, ULU ÖNDƏRİN ZƏNGİN TÖVSİYYƏLƏRİNİN HƏMİŞƏLİK DAYANACAĞINI İNDİDƏN TƏSDİQLƏYİR.
QURUMUN GƏLƏCƏK UĞURLU FƏALİYYƏTİ İNDİDƏN GÖRÜNDÜYÜNDƏN, BUNU, FAZİL QURBANOVUN VƏ ONUN KİMİLƏRİN GÖZLƏRİ GÖTÜRMÜR. ELƏ, BUNA GÖRƏDİR Kİ, DİASPOR TƏŞKİLATI YARATMAQ ÜÇÜN, “DƏRİDƏN-QABIQDAN ÇIXIR”, BU BARƏDƏ YALANDAN XƏBƏRLƏR YAYMAQLA, RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQININ İŞİNƏ MANE OLMAĞA ÇALIŞIRLAR. SANKİ QƏRƏZİ, XAİNLİYİ, GÖZGÖTÜRMƏZLİYİ HƏYAT MƏNALARINA ÇEVİRƏN BELƏLƏRİ ÜÇÜN, VƏTƏN VƏ MİLLƏT SEVGİSİ ÖNƏM DAŞIMIR.
DİQQƏTİNİZƏ ÇATDIRIM Kİ, BU İLİN OKTYABR AYININ 12-DƏ MOSKVA ŞƏHƏRİNDƏ RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQININ İKİNCİ FORUMU ÖZ İŞİNƏ BAŞLAYACAQ. TƏKCƏ RUSİYADAKI DİASPOR TƏŞKİLATLARIMIZIN DEYİL, BÜTUN DÜNYADAKI AZƏRBAYCAN DİASPOR QURUMLARININ HƏYATLARINDA DA, BU FORUMUN TARİXİ ÖNƏM DAŞIYACAĞINA VƏ ŞANLI HADİSƏYƏ ÇEVRİLƏCƏYİNƏ ŞÜBHƏ ETMİRƏM. ONA GÖRƏ Kİ, 2001-Cİ İLDƏN BU YANA DÜNYANIN HEÇ BİR ÖLKƏSİNDƏ LOBBİÇİLİYƏ GEDƏN YOLUN TƏMƏLİNİ MONOLİTLƏŞDİRMƏYƏ, VAHİD MİLLİ BİRLİK YARATMAĞA MƏSUL OLAN DİASPOR TƏŞKİLATLARIMIZIN FƏALİYYƏTİNİ GÜCLƏNDİRMƏK ÜÇÜN BÜDCƏ AYIRMAĞA TƏSADÜF EDİLMƏYİB. LAKİN RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI ÜÇÜN 2020-Cİ İLƏ AYIRILACAQ BÜDCƏ BU FORUMDA MÜZAKİRƏYƏ ÇIXARILACAQ. FORUMDA DÖVLƏTİMİZİN VƏ XALQIMIZIN MARAQLARI NAMİNƏ MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDƏN ƏN MÜHÜM MƏSƏLƏLƏRİN DƏRİNDƏN MÜZAKİRƏSİ DƏ PLANLAŞDIRILIB. EYNİ ZAMANDA, RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQININ FƏALİYYƏT PROQRAMINDA HƏDƏFƏ GOTÜRDÜYÜ ƏSAS İSTİQAMƏTLƏRDƏN BİRİ — AZƏRBAYCANDAN KƏNARDAKI GƏNCLƏRİMİZİN YAŞADIQLARI ÖLKƏLƏRİN İCTİMAİ-SİYASİ HƏYATINDA FƏAL İŞTİRAKÇIYA ÇEVRİLMƏSİNƏ DƏSTƏK OLMAĞIN VƏ ONLARIN MƏQSƏDYÖNLÜ ŞƏKİLDƏ MÜXTƏLİF SEÇKİLİ ORQANLARDA, SİYASİ ARENALARDA, DÖVLƏT STRUKTURLARINDA TƏMSİL OLUNMALARINA ASAN ŞƏKİLDƏ KÖMƏK ETMƏYİN YOLLARI MÜZAKİRƏ EDİLƏCƏK. BÜTÜN BUNLARDAN ƏLAVƏ, FORUMDA RAİ ÖZÜNÜN ANALOQU OLMAYACAQ AĞSAQQALLAR ŞURASINI SEÇƏCƏK. MARAQLI ORASIDIR Kİ, FÜZULİ MƏMMƏDOVUN TƏKLİFİ İLƏ, AĞSAQQALAR ŞURASINA BÖYÜK SƏLAHİYYƏTLƏR VERİLƏCƏK. MƏN, DİASPOR İŞİNDƏ BÖYÜK TƏCRÜBƏ SAHİBİ OLAN BİR FƏAL KİMİ, DİASPOR TƏŞKİLATLARIMIZIN RƏHBƏRLƏRİNƏ MÜRACİƏT EDİRƏM: VAHİD BİR QÜVVƏYƏ ÇEVRİLMƏYİMİZ ÜÇÜN, BİZƏ, TANRI TƏRƏFİNDƏN GÖZƏL BİR ŞANS VERİLİB. RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQININ PLATFORMASININ ŞƏFFAFLIĞI VƏ DEMOKRATİKLİYİ, GƏLƏCƏK PROQRAM LAYİHƏLƏRİNİN LOBBİÇİLİYİN MÖHKƏMLƏNMƏSİ, HƏR BİR HƏMVƏTƏNLİMİZİN RİFAH HALININ YAXŞILAŞMASI, MİLLİ MƏNAFE VƏ DÖVLƏT MARAQLARI NAMİNƏ HESABLANMASI MƏNİM BU QƏNAƏTƏ GƏLMƏYİMİN BAŞLICA SƏBƏBLƏRİDİR. GÖRÜLƏCƏK BU ALQIŞALAYİQ İŞLƏRİN KÖKÜNDƏ SONSUZ VƏTƏN VƏ MİLLƏT SEVGİSİ, İNSANA ZÖVQ VERƏN XALQA TƏMƏNNASIZ XİDMƏTİN BARİZ NÜMUNƏLƏRİ DURDUĞUNDAN, HƏR BİR SOYDAŞIMIZI RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQİNIN ƏTRAFINDA SIX BİRLİYƏ ÇAĞIRIRAM!”.
araz.az xəbər portalı.