“Aparıcıların danışığında dil, üslub qüsurlarını göstəririk, amma telekanal rəhbərləri onları yenə efirə çıxarır”
“Azərbaycan dilinin məlum leksik, qramatik qanunları var. Hamımızın borcu və bir nömrəli vəzifəsi dil qanunlarına riayət etməkdir”
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu televiziya verilişlərində ədəbi dil normalarına hansı səviyyədə riayət olunduğunu müəyyənləşdirmək üçün növbəti monitorinqlərə başlayacaq. Bu barədə Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva məlumat verib. Şöbə müdiri budəfəki monitorinqlərin region televiziyalarını əhatə edəcəyini deyib. Yaxşı haldır ki, televiziyalarda monitorinqlərin aparılması mütəmadi xarakter alır. Yaxşı olmayansa budur ki, monitorinqlərin əhəmiyyəti televiziyalarda o qədər də hiss edilmir.
Sanki Dilçilik İnstitutu özü üçün monitorinq aparır. Telekanallar və orada çalışanlar monitorinqlərin nəticələrinə laqeyd yanaşır, aparıcılarsa ümumiyyətlə, qulaqardına vurur. Bizim telekanallarda çalışan aparıcılar eyforiya xəstəliyinə mübtəla olub. Belə zənn edirlər ki, onlara heç kəs irad bildirə bilməz, nitqlərində, danışıq üslublarında səhv tuta bilməz. Yəni, onlara irad bildirilməməli, səhv, qüsur tutulmamalıdır. Aparıcılar az qala özlərini nazir, məmur səviyyəsində görür. Halbuki, ədəbi dilimizin sınıq-salxaq vəziyyətə düşməsində məhz teleaparıcıların suç yükü hamıdan artıqdır. Təbii ki, söhbət “müasir” aparıcılardan gedir. Saçını televiziyada ağartmış, illərini aparıcılığa, diktorluğa həsr etmiş yüksək intellekt, savad sahibi təcrübəli, qocaman diktorlarımız, aparıcılarımız var. Müasirlər heç onların da öyüd-nəsihətini dinləmir. Azca tanınan kimi, özlərini “Bağdad xəlifəsi” hesab edirlər.
“İldə bir neçə dəfə monitorinqlər keçirilir”
Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva ilə söhbətimiz monitorinqlərlə bağlı oldu.
– Sevinc xanım, ötən illərdə nə qədər monitorinqlər keçirilib və hansı nəticələr əldə edilib?
– Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə Montiorinq şöbəsi fəaliyyətə başlayıb. O vaxtdan da dövlət proqramına uyğun olaraq kütləvi informasiya vasitələrinin dili ilə bağlı monitorinqlər keçirilir. İldə ən azı 1-2 dəfə monitorinqlər keçiririk. Monitorinqlər məhz informasiya saytları və televiziyaları əhatə edir. Televiziyalarda əsasən xəbər aparıcılarının dili yoxlanıb.
– Niyə məhz xəbər aparıcıları? Məsələn, televiziyada çalışanlar bildirir ki, xəbər aparıcılarının dilində qüsur tapmaq çətindir, çünki onlar hazır materialları oxuyur. Ədəbi dilin normaları daha çox proqram, layihə aparıcılarının, müxbirlərin dilində pozulur.
– Bəli, bu belədir. Amma biz əvvəlcə əsasən xəbər proqramlarının aparıcılarının dil qüsurlarını araşdırırdıq. Çünki ciddi xəbəri məhz onlar ictimaiyyətə ötürür. Xəbər aparıcısının dilində heç bir qüsur olmamalıdır. Xəbər aparıcısı nitqində səhvə yol verməməlidir. Amma son 2 ildə monitorinqlərin aparılma sahəsində dəyişiklik etmişik və xəbər aparıcıları ilə yanaşı geniş tamaşaçı auditoriyası olan verilişlərin aparıcılarının dili də monitorinq edilir. Hesab edirik ki, geniş tamaşaçı auditoriyasına malik verilişlərin təsir qüvvəsi daha böyükdür. Məsələn, auditoriyası olan aparıcının nitqi onu izləyən tamaşaçının nitqinə də təsir edir. Bəzən aparıcıların nitqinin təsiri altında tamaşaçılarda nitqin formalaşması prosesi gedir. Xüsusən, bu təsir kiçik yaşlılara, məktəblilərə, hətta böyüklərə də təsir edə bilir. Ona görə də proqram aparıcıları danışıqlarında, nitqlərində Azərbaycan ədəbi dilinin normalarına ciddi riayət etməlidirlər. “Mən aparıcıyam, mənə hər şey olar, necə istəsəm danışa bilərəm” kimi yanaşmalar kökündən yanlışdır və ədəbi dilimizin getdikcə korlanmasına, dil normalarının itirilməsinə gətirib çıxara bilər. Aparıcının intellektual səviyyəsi yüksəkdirsə, verilişi də yüksək səviyyədə tərtib edəcək və yüksək səviyyədə aparacaq. Amma aparıcı 3 cümləni ard-arda normal şəkildə deyə bilmirsə, onu izləyən tamaşaçı hansı nümunəni götürə bilər? Sizə deyim ki, biz monitorinqlərdə canlı yayımı nəzərə alırıq. Çünki canlı yayım çətindir, hədsiz məsuliyyətlidir və burada aparıcının hansısa dil qüsuruna yol verməsinə biz güzəşt edirik. İnsandır, birbaşa yayım zamanı hansısa xətaya yol verə bilər.
“Biz demirik ki, nitqində qüsur olan aparıcını işdən azad etməlidirlər”
S.Əliyeva dedi ki, artıq neçə ildir monitorinqlərin keçirilməsinə baxmayaraq iradları hələ də qəbul etməyən, qüsurlarını düzəltməyən aparıcılar var və ən təəssüfləndirici də budur ki, telekanal rəhbərləri də aparıcılardan səhvlərini düzəltməyi tələb etmir:
– 5 ildir biz telekanallara monitorinqlər vasitəsilə mesajlar göndəririk. Aparıcıların danışığında müəyyən etdiyimiz dil, üslub qusurlarını göstəririk, iradlar bildiririk. Amma telekanal rəhbərləri onları yenə efirə çıxarır. Biz demirik ki, nitqində qüsur olan aparıcını işdən azad etməlidirlər. Xeyr. Heç vaxt bizim belə bir məqsədimiz olmayıb. Monitorinqlərin aparılmasında məqsəd kimisə işdən azad etmək deyil. Məqsəd Azərbaycan ədəbi dilinə xidmət etməkdir, ədəbi dilimizin normalarını yada salmaq, dilin qorunmasını təmin etməkdir. Əgər hansısa aparıcının dilində leksik-qramatik, fonetik qüsur varsa, biz buna göz yuma bilmərik. Məqsədimiz maarifləndirməkdir.
– Sevinc xanım, xatırlayıram ki, bir neçə il əvvəl ədəbi dil normalarının pozulması ilə bağlı yenə də monitorinq olmuşdu və dil qüsurları olan aparıcıların, qüsurların qeydə alındığı teleproqramların adları açıqlanmışdı. O zaman biz də adları çəkilən həmin aparıcılardan bəzilərinin rəyini öyrəndik. Heç biri iradları qəbul etmədi. Hamısı özünü təmizə çıxarmağa cəhd etdi, monitorinqin səhv aparıldığını dedilər, iradlarla heç cür razılaşmadılar.
– Bəli, biz monitorinqin nəticələrini broşüra formasında çap etdirmişdik. Orada konkret teleproqramlar və aparıcıların adları, hansı səhvlərə yol verdikləri qeyd olunurdu. İnanın, monitorinqin nəticələri çap olunduqdan sonra həmin aparıcıların hücumlarına məruz qaldıq. Heç biri tənqidləri qəbul etmirdi. Halbuki, iradlar konkret faktlara söykənirdi. Hətta sizə deyim ki, o aparıcılardan ikisi sonra başqa telekanalda çalışmağa başladılar. Təsəvvür edin ki, növbəti monitorinqlərdə biz məhz həmin kanalın göstəricilərinin aşağı düşdüyünü müəyyən etdik. Məhz o aparıcılar həmin telekanala transfer olduqları üçün. Deməli, həmin aparıcılar hansı telekanalda işləyirsə, dil qüsurlarını da özləri ilə “daşıyırlar”.
– Daha çox hansı dil qüsurlarını qeydə alırsınız?
– Məsələn, Azərbaycan əlifbasındakı “t” kar samitinin cingiltili, rus dilindəki səsləniş formasında deyilməsi, tutalım, proses sözündəki “s” hərfinin yenə də rus dilindəki qarşılığı ilə deyilməsi. Rus sözlərindən istifadə. Jarqon sözlərdən istifadə. Bakı dialekti (dağlı məhəlləsi), Qarabağ ləhcəsi ilə danışıq, sözlərin düzgün tələffüz edilməməsi… Cümlə quruluşundakı səhvlər, xəbərin əvvəldə, mübtədanın sonda işlənməsi. Bəziləri bunu bir növ özünün “yeni stili” kimi təqdim edir. Lakin Azərbaycan dilinin məlum leksik, qramatik qanunları var. Hamımızın borcu və bir nömrəli vəzifəsi dil qanunlarına riayət etməkdir. O aparıcılar evlərində, dostlarının, tanışlarının əhatəsində istədikləri kimi danışa bilər, amma efirə – minlərlə tamaşaçının önünə çıxırlarsa, buyurub, dilimizin qaydalarına hörmətlə yanaşmalı və riayət etməlidirlər.
Monitorinqlərdən sonra böyük fərqlər görürük
– Monitorinqlərin nəticələrini hara təqdim edirsiz? Milli Teleradio Şurasına?
– Biz əvvəlcə monitorinqləri Milli Teleradio Şurasının sifarişi ilə aparırdıq. Bayaq dediyim kimi, ayrıca broşüra halında da çap edirik.
– Niyə bunu soruşdum, bilmək istəyirəm ki, MTRŞ monitorinqin nəticələrindən kanallar nəticə çıxarırmı?
– Biz öz işimizi görürük, vəzifəmizi yerinə yetiririk. Hər bir qurum da şübhəsiz ki, öz vəzifəsinin nədən ibarət olduğunu bilir. Amma bunu deməliyəm ki, müsbət nəticələr çoxdur, müsbət təsir də çox olur. Buna çox sevinirik. İradları qəbul etməyənlərlə yanaşı, tənqidlərə obyektiv yanaşanlar da var. Məsələn, biz bir telekanal rəhbərinə treninqlərdə iştirak etmək üçün aparıcı təyin etməsini istəmişdik, amma o, bir yox, 3 aparıcı göndərdi. Hesab etdi ki, aparıcıların bizim treninqlərdə iştirakı faydalıdır.
– Ötən dəfə də məlumat vermişdiz ki, şöbənin əməkdaşları bir neçə televiziyada treninqlər keçirib.
– “Xəzər TV” və “Lider” televiziyasında treninqlər keçirilib. “Xəzər TV”dəki treninqləri professor Sayalı Sadıqova ilə Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi Sevinc Məmmədova aparıb. Mənimlə birlikdə Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qaziyeva isə Tovuz və Gəncənin region televiziyalarında treninq keçirmişik. Məlumdur ki, region televiziyalarında dialekt, şivə problemləri gözləniləndi. Amma sizə deyim ki, region televiziyalarında dialekt və şivələrə o qədər rast gəlinmir, nə qədər ki, mərkəzi telekanallarda. Regionlarda keçirdiyimiz treninqlərə aparıcılar, müxbirlər çox həvəslə, şövqlə qatılırdılar. Bu iki rayon televiziyalarında olduqca savadlı, zəngin dilə malik, səviyyəli müxbirlər çalışır. Bununla belə onlar böyük həvəslə treninqlərdə iştirak edirdilər. Bu cür öyrənmək həvəsini biz Bakıdakı telekanallarda görməmişik. Özünü məşhur sayan aparıcılar treninqlərə qatılmırlar. Yəqin, belə hesab edirlər ki, onların nitqində kimsə qüsur tapa bilməz, amma tam əksinədir, dilləri, nitqləri qüsurlarla doludur. Televiziya aparıcısı, reportyor, müxbir daim öz üzərində çalışmalıdır. Hər sözü dəqiqliklə öyrənməlidir. Bilmədiyini soruşmalıdır. Nahaq demirlər ki, əvvəllər düzgün danışığı cəmiyyət televiziya diktorlarından, aparıcılardan öyrənirdi. İndi əksinədir; cəmiyyət televiziyalardakı bəzi aparıcılar ucbatından düzgün danışığını itirir.
zərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb. Report
araz.az xəbər portalı.