3F4A5B21 4D73 492E B4B5 7DF60C84FA2B

Qafqazın tarixinə dair unikal mənbələrdən biri olan 13-cü əsr alban tarixçisi Stepan Orbeliamn “Sünik tarixi” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının nümayəndələri, QHT rəhbərləri, alimlər, media nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “S.Orbelianın XIII əsr alban abidəsi olan “Sünik tarixi” kitabının Azərbaycan dilində nəşri” layihəsi çərçivəsində keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli kitabın tarixi əhəmiyyətindən bəhs edərək onu ermənilərin Azərbaycana qarşı dünyada apardığı ideoloji mübarizənin bünövrəsində dayanan saxta erməni tarixi konsepsiyasını alt-üst edən bir mənbə kimi dəyərləndirmişdir. Bu günə qədər Azərbaycan tarixşünaslığında tam şəkildə elmi dövriyyəyə daxil edilməmiş bu mənbəni tariximizin alban dövrünə aid möhtəşəm abidə adlandırmış, əsərin məzmunu və strukturu haqqında geniş məlumat vermişdir.

Tədbir iştirakçılarına məlumat verilmişdir ki, təxminən 1250-1304-cü illərdə yaşamış Stepan Orbelian tarixi Sünik ərazisində – indiki Zəngəzur mahalının Sisian bölgəsində anadan olmuşdur. Onun mənsub olduğu Orbeli (Orbelian) sülaləsi, əslində, Turan nəslindən idi və miladdan çox-çox əvvəllər İberiya ərazisində məskunlaşmış, bu sülalənin bir çox nümayəndələri öz qəhrəmanlıqları ilə ölkənin hüdudlarını genişləndirmişlər. Lakin ölkədaxili siyasi proseslərin istəmədən iştirakçısına çevrilən Orbelianlar 1177-ci ildə gürcü çarı Georgiyə qarşı üsyan qaldırmış, məğlub olaraq Loru qalasına sığınmış, çar Georgi tərəfindən nəslin bir çox nümayəndələri qətlə yetirilmiş, yalnız Libarit Orbelian və onun İvane və Elikum adlı iki oğlu sağ qalmışlar ki, onlar da qaçıb Eldəgizlər//Eldəquzlar sarayına sığınmışlar. Elikum Atabəy Eldəquzun dərin hörmətini qazandığından Naxçıvan diyarının hakimi təyin olunmuş və tezliklə Sünik yepiskopu Stepanosun bacısı qızı Xatunla evlənmişdir. Elikum Xatundan olan oğluna atası Libaritin adını qoymuş, həmin Libarit də böyüyüb Sünik hakimi olmuşdur. Bu nəvə Libaritin Aspa Xatun adlı qadınından beş oğlu dünyaya gəlmişdir. O oğulların ən kiçiyi tarixi mənbələrdə Dərsəikan//Dərsəican//Dərsəic və çox vaxt da adın əvvəlindəki D samiti T kimi yazılan Dərsə içxan//Tərsa içxan 1273-cü ildə Siyuni (Sünik) hakimi seçilmiş, «xanlar xanı», «böyük xan» kimi titullar daşımış, “Kitabi-Dədə Qorqud” dastanlarına Dərsə xan//Dirsə xan kimi daxil olmuşdur. Bütün bunlar və digər məlumatlar Sünik yepiskopu, məşhur tarixçi Stepan Orbelianın XIII yuzilin sonlarında qələmə aldığı «Sünik tarixi» əsərində bəhs edilmişdir.
Tədbirdə professor İbrahim Bayramov, dosent Cəlal Allahverdiyev, QHT rəhbərləri Səməndər Mehdiyev, Cəmilə İsbəndiyarova, Qərbi Azərbaycan İcmasının sədr müavini Fəqan Bəhrəmov, Əbdüləli Həsənov, Bilal İsmayılov və başqaları çıxış etmişlər.

CC273F43 7E78 4FC9 80F6 C0C625BBD5A9

Dərsə xan və onun ailəsi ilə bağlı tutarlı dəlillərə Orbelianların Dərələyəz mahalının Keşişkənd rayonunun Amağu kəndindən 2 km aralıda, Arpa çayı ilə Amağu çayının arasında, hündür dağların əhatəsində yerləşən nəsil sərdabəsindəki epiqrafik yazılarda, daş kitabələrdə də rast gəlirik.
Erməni müəlliflərinin özünün etirafına görə, məbədin ilkin adı Anabat (Ana-beyt, ana məzarlıq, baş məzarlıq) olmuş, sonralar ermənilər onu Noravank, yerli camaat – azərbaycanlılar isə kəndin adı ilə elə Amağu məbədi də adlandırmışlar.
Ümumiyyətlə, sərdabədəki kitabələrdən, qəbirüstü yazılardan burada Dərsə xanın babası I Elikumun, atası Libaritin, özünün, 2-ci arvadı Mina Xatunun, Dərsə xanın qardaşları II Elikum və Sembatın, Dərsə xanın oğlanları III Elikum və Fəhradullanın və b. dəfn olunduğu anlaşılır. 1304-cü ildə vəfat edən Stepan Orbelian da Orbelianların həmin nəsil sərdabəsində dəfn olunmuşdur.
Yeri gəlmişkən, onu da xatırladaq ki, məbədin yerləşdiyi Qərbi Azərbaycanın Dərələyəz mahalının Amağu kəndində tarix boyu Azər türkləri yaşamış, bu kəndə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülmüşlər. Mənbələrin təsdiqinə görə, Orbelianlar sülaləsindən sonuncu hökmdar islam dinini XVI yüzildə qəbul etmişdir.
Stepan Orbelianın 1297-1300-cü illərdə qələmə aldığı, 76 fəsildən və bir o həcmdə də qeydlərdən ibarət olan “Sünik tarixi” kitabını tariximizin Alban dövrünə aid möhtəşəm abidə hesab edirik. Bu abidə fransız M.Brosset tərəfindən fransız dilinə tərcümə olunaraq 1859-cu ildə Parisdə nəşr olunmuş, həmin tərcümə 1864-cü ildə Sankt-Peterburqda İmperiya Elmlər Akademiyası tərəfindən təkrar nəşr edilmişdir. Kitabın tərcüməsinə Brosset tərəfindən çoxlu şərhlər əlavə edilmişdir.
Hazırkı nəşrə kitabın fransız dilindən tərcümə edilmiş əsas mətninin 32 fəsli daxil edilmişdir. Tərcümə zamanı bəzi coğrafi və şəxs adları mətndə yazıldığı kimi saxlanmışdır, onların fransız dilinə tərcümə zamanı təhrifə məruz qalması da istisna təşkil etmir. Gələcəkdə kitabın mükəmməl nəşri hazırlanarkən bütün bunlara aydınlıq gətiriləcəyi nəzərdə tutulmuşdur.

araz.az xəbər portalı.