Azərbaycan Demokrat Firqəsi 74 ildən sonra ikinci konqresini (qurultayını) keçirib. Ali məclis Azərbaycan Respublikasının və 1945-1946-cı illərdə Təbrizdə fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinin himnlərinin səsləndirilməsi ilə açılıb. Sonra ADF-nin yaradıcısı və ilk rəhbəri olmuş Seyid Cəfər Pişəvərinin, onun sələfləri sayılan digər 5 sədrin – Badiqanın, Qulam Yəhya Danişani, Əmirəli Lahuridi, Valeh Quluzadə və firqənin dünyasını dəyişən bütün sədaqətli üzvlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konqresi giriş sözü ilə açan ali məclisin ən yaşlı və partiya stajlı nümayəndəsi, tanınmış tarixçi-alim, ADF və “21 Azər” hərəkatı ilə bağlı çoxsaylı kitabların, elmi məqalələrin müəllifi Əkrəm Bije (Rəhimli) tədbirin Azərbaycan Respublikasının dövlət Bayrağı gününə təsadüf etməsini unudulmaz hadisə kimi dəyərləndirib: “Biz azərbaycanlılar harada doğulmağımızdan, yaşamağımızdan asılı olmayaraq bu bayraq və himnləri fəxrimiz, qürurumuz sayırıq”, – deyib.
İclasın sədri, katibi, mandat və say komissiyalarının tərkibi, reqlamenti müəyyənləşdirildikdən, gündəliyi təsdiqləndikdən sonra firqənin Təbrizdə 3 oktyabr 1945-ci il tarixli birinci konqresinin canlı iştirakçısı, ən stajlı və yaşlı (94 yaş) üzvü, hüquq elmləri namizədi Soltanəli Mirzəzadənin ali məclisə ünvalanan təbrik məktubu oxunub.
ADF sədrinin səlahiyyətlərini icra edən Rəhim Hüseynzadənin “Azərbaycan Demokratik Firqəsinin 74 ildə keçdiyi yola qısa bir nəzər və ADF-nin müasir dövrdə qarşısında duran vəzifələr” mövzusunda məruzəsi ətrafında müzakirələr aparılıb, tanınmış alim və tədqiqatçıların, müxtəlif ölkələrdə yaşayan firqə üzvlərinin rəy və təklifləri dinlənilib.
Konqresdə təşkilati məsələlərə də baxılıb. ADF MK-nın yeni tərkibi, müşavir və fəxri üzvləri seçilib. Yekunda konqresin qərar layihəsi oxunub, səs qoyalaraq yekdilliklə qəbul edilib. (qərar layihəsi məlumata daxil edilir)
Həmin gün ADF MK-nın plenumu da keçirilib.
Ali Məclis təklif və müzakirələrdən sonra Rəhim Hüseynzadəni Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin yekdilliklə sədri seçib. Firqə sədrinin təşkilati, təbliğati və beynəlxalq əlaqələr üzrə müavinləri də səsvermə yolu ilə seçilib.
Plenumda ADF MK-nın İcraiyyə Heyətinin və Mərkəzi Təftiş Komissiyasının yeni tərkibləri səsvermə ilə müəyyənləşdirilib. Ali Məclisin işini Azərbaycan Respublikasının və Azərbaycn Milli Hökumətinin himnlərinin sədaları altında başa çatdırıb.
Araz.az
araz.az xəbər portalı.