Qulu Meher01Araz.az professor Qulu Məhərrəmlinin “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqındakı müsahibəsini təqdim edir

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” hansı zərurətdən yarandı?

İstənilən dil şifahi sferadan yazıya keçəndə onun yazı qaydaları, sözlərin düzgün yazılışı ilə bağlı müəyyən çərçivələr olmalıdır. Bu baxımdan Azərbaycan dili də istisna deyil. Bu dil klassik ədəbiyyatda yazılı şəkildə uzun müddət işlənib, amma başqa sferalara, məsələn, tədrisə, publisistikaya keçəndə, yəni üslublar haçalananda dil və yazı qaydaları ilə bağlı daha çox zərurət yaranır. Təsadüfi deyil ki, XIX əsrdə bu proses çox ciddi şəkildə başlandı. Məktəblərdə dil tədrisi, “Əkinçi” qəzetinin ortaya çıxması, məktublaşmalar və s. – bunların hamısı yazıda müəyyən qaydaların olmasını tələb edirdi. İlk dəfə Mirzə Şəfi Vazeh təşəbbüs göstərərək Azərbaycan türkcəsinin qaydalar sistemi ilə bağlı kitabça hazırladı. Qori Müəllimlər Seminariyasında Azərbaycan türkcəsi tədris olunanda Çernyayevski “Ana dili” dərsliyinin ikinci hissəsini Vəlibəyovla birlikdə yazdı. XX əsrin əvvəllərində – mətbuatın yüksəlişi dövründə dilə çoxlu sözlər gəldi və yazı qaydalarına xüsusi ehtiyac yarandı, bu zaman Üzeyir bəy “Rusca-türkcə iqtisadi, hərbi, siyasi sözlük” hazırladı. Yəni bütün bunlar dildə yazı sisteminin və qaydalarının formalaşmasının, müəyyən bir nizamın olmasının vacib şərtlərindən idi. Sovet dövründə də Azərbaycan dilinin qaydalar sistemi haqqında davamlı və sistemli işlər görüldü. Vəli Xuluflunun tərtibatı və müəllifliyi ilə “İmla lüğəti” meydana çıxdı. Bu, dildə yazı qaydalarının gündəmə gətirilməsi məsələsi idi. Bununla yanaşı, həmin dövrdə başqa lüğətlər də işıq üzü gördü. Müstəqillik dövründə Azərbaycanda uzun illərdən sonra “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, 2013-cü ildə isə AMEA-nın Dilçilik İnstitutunun “Orfoqrafiya lüğəti” çap olundu. Sonuncu, ümumiyyətlə, bizim lüğətçilik tarixində qüsurlu lüğətlərdən biri oldu. Bununla bağlı mətbuatda, ictimaiyyətdə, alimlər arasında ciddi tənqidi fikirlər söylənildi. Süni şəkildə sözlərin daxil edildiyi, bütövlükdə qaydalar sisteminə uyğun olmayan, Azərbaycan dilinin təbiətinə yad lüğət ortaya çıxmışdı, ona görə də bizim Tərcümə Mərkəzinin buraxdığı “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nə ehtiyac yarandı. Bəziləri bunun doğru olmadığını iddia edə bilər. Onda sual yaranır: bəs doğrusu necə olmalıdır? Bax həmin sualın cavabı “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü meydana gətirdi. Yəni Buddanın dediyi kimi, Tərcümə Mərkəzi təkcə qaranlığı lənətləmədi, həm də o qaranlığı aydınlatmaq üçün bir şam yandırdı. Mən hesab edirəm ki, bu “işlək orfoqrafiya sözülüyü” həmin ehtiyacdan yarandı. Çünki AMEA-nın buraxdığı lüğətdə o qədər Azərbaycan dilinin təbiətinə yad, söz yaradıcılığından uzaq süni sözlər daxil edilmişdi ki! Bütövlükdə lüğətin təxminən 30-40 faizi qurama sözlərdən ibarət idi. Ona görə də, məncə, Afaq Məsudun tərtib etdiyi bu lüğətin ortaya çıxması ciddi elmi-mədəni hadisədir. Görkəmli alimlər, söz adamları, yazıçılar, şairlər bu lüğəti alqışladılar. Bu haqda, təbii ki, mənim də məqaləm var. Mən orada bu lüğətin üstünlüklərini göstərmişəm, lüğətin tərtibatındakı yenilikləri izah etmişəm. Bu, sırf klassik, eyni zamanda bu gün Azərbaycanda dil daşıyıcılarının rahat istifadə edə biləcəyi lüğətdir. Halbuki AMEA-nın buraxdığı lüğəti vərəqləyəndə dil daşıyıcısında belə bir sual yaranır: doğrudanmı Azərbaycan dilində bu qədər işlənməyən söz varmış? Bir sözlə, həmin lüğət dilin ümumi mənzərəsini tündləşdirirdi. Buna görə də həmin təsəvvürləri aydınlatmaq, dil daşıyıcılarında lüğətlə bağlı müəyyən qənaətin formalaşmasına yardım etmək üçün “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” ortaya çıxdı. Hesab edirəm ki, bu bir vətəndaş işidir, daha doğrusu, vətənpərvərlikdir. Dilə xüsusi məhəbbətdir. Layihə və büdcə olmadan, Tərcümə Mərkəzinin daxili imkanlar, rəhbəri Afaq Məsudun və oradakı komandanın fədakarlığı hesabına bu lüğət meydana gəldi. Hesab edirəm ki, Tərcümə Mərkəzi bu fəaliyyətini gələcəkdə də davam etdirməlidir. Çünki bu lüğətdən sonra məlum oldu ki, bura daxil edilə biləcək başqa işlək sözlər də var. Eləcə də orfoqrafiya qaydaları ilə bağlı bəzi problemlərin həlli də lüğətin növbəti yeni nəşrlərində öz həllini tapa bilər ki, bu da dilçiliyimizə çox yaxşı töhfə olar.

Dilçilik İnstitutunun hazırladığı orfoqrafiya lüğətinin başlıca qüsurları hansılardır?

Bilirsiniz, bu qüsurlar haqqında mətbuatda bizim görkəmli alimlərimiz o qədər kəskin fikirlər söyləyiblər ki! Onları qısa şəkildə ümumiləşdirmək də olar. Hesab edirəm ki, həmin lüğətdə bir neçə ciddi qüsur var. Ən birinci nöqsan dilin yaddaşında olan, amma indi aktiv işlənməyən, nəsillər dəyişdikcə işləkliyini itirən sözlərin lüğətə salınmasıdır. Bu cür işləkliyini itirmiş və yazı praktikasında istifadə olunmayan sözlərin lüğətə salınması əlbəttə ki yanlışdır. Ola bilər ki, biz dilin ümumi korpusunu hazırlayanda bazada həmin sözlər olsun; məsələn, klassik ədəbiyyatda, qəzəllərdə işlənən hansısa ərəb-fars mənşəli sözün mənasını tapa bilməyəndə və axtarışa verəndə həmin söz çıxa bilər. Lakin bu gün dilimizdə işlətmədiyimiz sözlərin lüğətə salınmasının heç bir nəzəri və praktik əhəmiyyəti yoxdur. Ona görə də belə sözlərin lüğətə daxil edilməsi dili çox ağırlaşdırır. İkincisi, ümumişlək olmayan, anlaşılmaz, dar sferada işlədilən sözlərin bu lüğətə daxil olunmasıdır. Bu məsələni lüğətə giriş sözü yazan görkəmli alimimiz akademik Nizami Cəfərov da çox sistemli şəkildə ümumiləşdirib; məsələn, fizikada, coğrafiyada, tarixdə, müxtəlif elm sahələrində işlədilən sözlər var ki, onları lüğətə daxil etməyin heç bir əhəmiyyəti yoxdur. Bu çox ciddi yanlış və qüsurdur. Bu cür sözlərin hesabına say artırmaq olmaz. Lüğət tərtibçiləri nəzərə almalıdırlar ki, istənilən dilin orfoqrafiya lüğətinin önəmi, əhəmiyyəti sözlərin sayı ilə ölçülmür. Süni şəkildə sözləri lüğətə daxil edib sayı şişirtmək yanlışdır. Həmçinin süni söz yaradıcılığı məsələsi var. Düzəltmə sözləri süni yolla bura daxil etməklə nə qazanırıq? Götürək “dalğasakitləşdirən” sözünü. Bu cür yalançı sözlərin hesabına bir milyon söz yaratmaq olar. Bu söz, bəlkə də, hardasa təsadüfən işlənə bilər, amma ümumişlək deyil. Yəni məhdud terminologiyadan istifadə olunması həmin bu lüğətin əsas qüsurlarından biridir. Ciddi nöqsanlardan biri də ədəbi normativlikdən uzaq olması, ayrı-ayrı bölgələrdə, dialektlərdə işlənən sözlərin buraya daxil edilməsidir; məsələn, “acıxmaq” sözü hər hansı bir bölgədə istifadə oluna bilər, amma bu, ədəbi söz deyil. Bu cür sözləri lüğətə daxil etməklə hədər yerə səhifələrin sayı şişirdilib. Bu da mahiyyət etibarilə, lüğət təribatı baxımından ciddi qüsur sayılmalıdır. Azərbaycan dili təbiət etibarilə fərqlidir. Tutaq ki, flektiv dillərdə söz bir cür, Azərbaycan dilinin də daxil olduğu iltisaqi dillər qrupunda isə tamam başqa cür yaranır; məsələn, bizim dildə “iş” sözü də var, “getmək” sözü də. Biz onları süni şəkildə birləşdirib “işəgedən” sözünü yarada bilmərik. Bu şəkildə sözlərin siyahısını istənilən qədər artırmaq olar. Hesab edirəm ki, bunların heç bir əhəmiyyəti yoxdur, əksinə, ciddi problem yaradır. Problemlərdən biri də, ümumiyyətlə, söz anlayışı hüduduna sığmayan vahidlərin lüğətə daxil edilməsidir; məsələn, təbiətdə müxtəlif səslər mövcuddur. Avropa dilçiləri də səslərdən danışarkən onların fərqli təsnifatlarını hazırlayırlar. Bu cür səsləri lüğətə daxil etməyin heç bir mənası yoxdur. Onlar sadəcə fonetik təqliddir; məsələn, saat işləyəndə “çıq-çıq” edir. Bunun fonetik şəklini lüğətə salmaq olmaz. Prinsiplərin bu şəkildə pozulması orfoqrafiya lüğətinin ciddiliyinə, akademizminə, elmi təfəkkürdə qavranılmasına problemlər yaradır. Düşünürəm ki, Dilçilik İnstitutundakı həmkarlarımız bütün bunları lüğətin gələcək nəşrlərində nəzərə alacaqlar.

Geniş auditoriya üçün işlək orfoqrafiya lüğətinin hazırlanması nə dərəcədə məqsədəuyğundur?

İndiyə qədər danışdıqlarımızın hamısı elmi prinsiplərə əsaslanan lüğətin yaranmasına xidmət edir. “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” bu məqsədi daşıyır. Belə bir lüğətin olması ona görə vacibdir ki, insanlar orada axtardıqları sözləri tapa, yazılış qaydasının necə olduğunu öyrənə bilsinlər. Kitabı açanda orada əcaib sözlər olmasın. Lüğət dil daşıyıcısında həmin dil haqqında düzgün təsəvvür yaratsın. Bu sözlüyün üstün cəhətlərindən biri də odur ki, hər hansı sözün yanında mötərizə içində onun hansı sferaya aid olduğu, hansı sahədə işlədildiyi və yaxud yüksək işləkliyi olmayan sözün ya sinonimi, ya da hansısa fərqləndirici xüsusiyyəti qeyd olunub. Düzdür, orfoqrafiya lüğətlərində, adətən, buna rast gəlinmir. Lakin orfoqrafiya sözlüyündə bu cür qeydlərin olması çox yerinə düşür. Hesab edirəm ki, bu, istifadəçi üçün aydın mənzərə yaradır. Bu gün dilə bir biganəlik, sayğısızlıq var. Vaxtilə dilin əsas təbliğatçısı olan mətbuat, televiziya, yazılı ədəbiyyat bir nümunə rolunu oynayırdı. Amma bu gün qaydalara biganəliyin nəticəsidir ki, saytlarda istənilən qədər dil qüsurları var. Televiziya və radioda həm şifahi şəkildə, həm də altyazılarda kifayət qədər səhvlər olur. Hesab edirəm ki, Tərcümə Mərkəzinin çap edib yaydığı lüğət bütün bunların qarşısını almaq üçün elmi mənbə əhəmiyyəti daşıyır. Bu lüğət istənilən dil daşıyıcısının köməyinə çata bilər. Əslində, orfoqrafiya lüğəti sözün formalarından, variantlarından çox, onun düzgün yazılışını verməlidir. Bu baxımdan dildə işlənən hər bir söz orfoqrafiya lüğətinə düşə bilməz; məsələn, AMEA-nın lüğətinə “nökərçi” sözünü daxil etmişdilər. Halbuki Azərbaycan dilində bu söz yoxdur. Bax bu cür nöqsanlardan xali bir lüğətin ortaya çıxması, cilalanması, yenidən nəşr olunması məqsədəuyğundur.

Orfoqrafiya lüğətinə dialekt sözlər və məhdud ixtisas terminlərinin salınması nəyə xidmət edir?

Orfoqrafiya lüğətlərinə, bir qayda olaraq, hamının istifadə etdiyi ümumişlək sözlər daxil edilir; məsələn, dialekt sözlərini, sahə terminlərini orfoqrafiya lüğətinə salmaqla qarışıqlıq yaradırıq. Bu, dil istifadəçisini şübhəyə salır. Təbii ki, bəzən istisnalar ola bilər; məsələn, bu gün dilimizdə işləklik qazanan dərman adları var ki, onların mənası hər kəs tərəfindən anlaşılandır. Həmin sözlər müəyyən baxımdan lüğətə daxil edilə bilər. Amma elə sözlər də var ki, çox məhdud sahədə işlədilir və yaxud dialektdir. Çoxluq həmin sözləri başa düşə bilmirsə, onları lüğətə salmaq olmaz. Hər hansı bir söz dilə gəlirsə, müəyyən legetativ dövr yaşamalıdır. Yəni, uyğunlaşmalı, o mühitdə işləklik qazanmalıdır. Yalnız bu mərhələdən sonra həmin terminləri lüğətə daxil etmək olar. Azərbaycan dilində onlarca, yüzlərcə belə sözlər var ki, daxil olduqdan uzun müddət sonra işləklik qazanıb. Bir çox hallarda məcazilik qazanaraq dilin, yazının obrazlılığına xidmət edib. Amma bütün terminlər belə deyil. Ona görə də bu cür sözlərin lüğətə salınmasının heç bir mənası yoxdur. Bununla dil uduzur. Bəzi lüğət tərtibçilərinin psixologiyasına görə, lüğət nə qədər qalın, oradakı sözlərin sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Lakin bu çox yanlış fikirdir. Əlbəttə, dildə sözlərin sayının çox olması yaxşı haldır. Bəzi yeni sözlər doğulur, dilin lüğət fonduna daxil olur, ümumişləklik qazanır. Amma sözlərin süni şəkildə lüğətə daxil edilməsi bir neşə məqsəd daşıya bilər. Bunlardan biri lüğətin daha zəngin olmasını təmin etməkdir və yaxud bu, kommersiya məqsədi də daşıya bilər, yəni fikirləşirlər ki, kitab nə qədər qalın olarsa, bir o qədər baha qiymətə satılar. Dil millətin varlığı məsələsidir. Ona görə də bu məsələyə çox ciddi yanaşmaq lazımdır.

Cahan Seyidzadə

araz.az xəbər portalı.