1945-46-ci illərdə Təbrizdə fəaliyyət göstərən Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvərinin yaradıcısı və İlk rəhbəri olduğu, bu yaxınlarda — 74 ildən sonra isə, Bakıda ikinci konqresini (qurultayını) keçirən Azərbaycan Demokratik Firqəsinin Mərkəzi Komitəsi öz bildirişini yayıb. İctimai-siyasi təşkilatlara və kütləvi informasiya vasitələrinə ünvanlanan həmin bildirişdə deyilir: “Xəbər verdiyimiz kimi, Azərbaycan Demokrat Firqəsi 9 noyabr 2019-cu ildə 2-ci Konqresini keçirib.Tam mütəşəkkillik və anlaşma şəraitində işini başa çatdıran ali məclisdə Avropa və Asiya ölkələrində yaşayan onlarca firqə təmsilçisi qərarların qəbuluna yekdilliklə səs verib. Belə qənaətə gəlinib ki, bu möhtəşəm məclis ADF-nin 3 oktyabr 1945-ci ildə Təbrizdə düzənlənən 1-ci Konqresinin davamı və varisi olduğundan ilkin proqram, sənədlər qarşıdakı dövrdə də fəaliyyətin əsasını təşkil etməlidir. Bununla yanaşı Məramnamə və Nizamnamənin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi üçün redaksiya heyyəti yaradılmalı, yeni mətn ADF MK-nın növbəti plenumunda müzakirə olunub təsdiqləndikdən sonra qüvvəyə minməlidir.
Konqres tarixi ənənəsinə sadiq qalaraq, ADF-nin qapılarının milliyətindən asılı olmayaraq yenə hər bir şəxsin üzünə açıq olduğunu bildirib. Bunu ona görə xüsusi vurğulayırıq ki, firqənin qətiyyətli addımlarından rahatlıq tapmayanlar, parçalama, ələ keçirmə niyyətlərinin boşa çıxdığını əyani görənlər mahiyyətlərinə uyğun belə böhtana da üstünlük verməkdədirlər. Lakin təfriqəçilər absurd ittihamları irəli sürərkən firqə yarandığı gündən ona xas tarixi ənənəyə nəzər salmağı unudublar. Bununla təşkilatımızın 74 illik tarixinə ləkə və çamur atmağa cəhd edirlər. Yaddaşsızlara ən azı “21 Azər” Hərəkatına hansı millətlərin mübariz övladlarının qoşulduqlarını, şəhid olduqlarını yada salmalarını məsləhət görərdik.
Digər məqamın da üzərində ayrıca dayanmaq istəyirik; ADF-nin 6 iyul 2019-cu il tarixli plenumu firqənin rəhbər orqanlarının buraxılmasını, yenidən seçkilər yolu ilə formalaşdırılmasını, adının qoşqusuz Azərbaycan Demokrat Firqəsi kimi yazılmasını (təəssüf ki, bu sırada təşkilatımıza aid olmayanlarla bərabər 5-6 firqə üzvü də var), Məramnamə və Nizamnaməsinin fəaliyyət üçün bərpasını, 2-ci Konqresinin çağırılmasını zəruri saydı. Konqres və plenum bu vəzifələrin öhdəsindən layiqincə gəldi. Belə olan halda görəsən, kimliklərini hallandırmağı lazım bilmədiyimiz qrup kimin və hansı partiyanın adlarından iddialı danışır, hökm verməyə çalışır?! Onlar saxta plenumlarına leqal don geyindirmək cəhdləri ilə kimləri aldatmağa səy göstərirlər?! Üstəlik, nə vaxtadək mənimsədikləri “ADFMK.com” saytından qərəzli və mərəzli təbliğatlarının orqanı kimi sui-istifadə edəcəklər?! Biz istərdik ki, siyasi partiyalar, ictimaiyyət, kütləvi informasiya vasitələrimiz bunun fərqində olsunlar.
Konqres Azərbaycan Demokrat Firqəsi adından bütün rəsmi sənədlər, qərarlar, mühüm məsələlər barədə məlumat, rəy və açıqlamalar verilməsi üçün yalnız Mərkəzi Komitənin sədri Rəhim Hüseynzadəni səlahiyyətləndirib. İstərdik ki, gələcəkdə bu məlumatı da nəzərə alasınız”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.