fazilmustafa2Azərbaycanda səhmlərində dövlətin payı olan iki mindən artıq kommersiya müəssisəsi mövcuddur. Amma onların heç biri dividentlərindən dövlət büdcəsinə bir manat da ödəmirlər. Həmin müəssisələr illərdir dividentlərini gizlətsələr də, onlara qarşı tədbir görülmür. Büdcəni doldurmaq istəyiriksə, öncə belə müəssisələrdən başlamalıyıq.

Reyting.az xəbər verir ki, bunu Milli Məclis komitələrinin iclasında birgə büdcə müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, sadə insanlar gəlirlərinin bir manatını belə vergidən gizlədə bilmədiyi halda iki mindən artıq müəssisə rahatlıqla bəyan edir ki, heç bir gəliri olmayıb: “Həmin müəssisələri araşdırın, əksəriyyətinin komfortu da, maaşı da yerindədir. Sadəcə, “imtiyazları” olduğu üçün arxayındırlar ki, dəyib-toxunan olmayacaq. Bu fakt barədə Hesablama Palatasının rəyində də qeyd olunub”.

F. Mustafanın toxunduğu digər məsələ qida təhlükəsizliyi ilə bağlı olub. Deputat bildirib ki, son vaxtlar Qida Təhlükəsizliyi Agentliyinin səmərəli fəaliyyəti nəticəsində reydlərin sayı çoxalsa və nəzarət gücləndirilsə də, ölkəyə gətirilən ərzaq məhsullarının bir qisminin tərkibi hələ də xəstəlik mənbəyidir: “Burada söhbət əsasən süd məhsullarından, kərə yağından, şəkər tozundan gedir. Ölkədə onkoloji xəstəliklərin sürətlə artmasının səbəbini burada axtarmaq lazımdır. Tərkibinə palma yağı qatılmış kərə yağlarının təhlükəsi barədə tibbdən anlayışı olanlar məlumatlıdırlar.

Südün tərkibi də çox vaxt təmiz olmur.

İllər keçib, inhisarçılığın yaratdığı maneələrə görə daxili bazarda bu məhsulların istehsalını gerçəkləşdirə bilməmişik. Daxildə istehsal olunanların da bir qismi bərbad vəziyyətdədir. Əvəzində valyuta ilə bunları xaricdən almağa məhkum olmuşuq”.

Deputat ölkədə istehsalın təşviqi məsələsinə də diqqət yönəldib:

“Bu gün toxuculuq müəssisələri üçün ölkədə emal olunan pambıq satışından kvota ayıra bilmiriksə, bu sənaye sahəsini inkişaf etdirə bilmərik. Onlar xammalı xarici ölkələrdən valyuta ilə almağa məcbur olurlar və bu da istehsal prosesinə mənfi təsir göstərir”.

araz.az xəbər portalı.