“Əlini bizdən çək, “Xalq Bank”!” — iş adamları mülkiyyət hüquqları tanına qədər etiraz tədbirlərini davam etdirəcəklərini bildirdilər
Paytaxt Bakının Nərimanov rayonunun ən elitar ərazisində — Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən “Yasmin” ticarət mərkəzindən, külli miqdarda pul ödəyərək, özlərinə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamı dünən açıq etiraz aksiyasına qalxdılar. Qeyd edək ki, həmin sahibkarlar “Mars-M” MMC-nin və “XalqBank”ın iştirakçısı olduğu tikinti fırıldağının qurbanlarıdır. Ən dəhşətlisi odur ki, bu fırıldaqda aidiyyatı dövlət qurumlarının da əlləri var. Hazırda hüquq-mühafizə orqanları və məhkəmələr törədilmiş bu qatı cinayəti ört-basdır etmək üçün, 5 milyon manatdan çox ziyana düşmüş həmin zərərçəkən obyekt sahiblərini öz investisiyalarından məhrum etməyə yollar axtarırlar. Bu qalmaqallı işin mahiyyəti barədə, son vaxtlar, ölkə mətbuatı ilə bərabər, araz.az saytı da çoxsaylı yazılar dərc edib.
Yazılarda qeyd olunur ki, “Mars-M” şirkətinin inşa etdiyi və bu MMC-nin tərkibindəki “Yasmin” ticarət mərkəzi xeyli vaxtdır məhkəmələrdə mübahisə obyektinə çevrilib. İctimai qınağa çevrilən bu qalmaqallar getdikcə daha da böyüyür. Bu səbəbdən ki, ictimaiyyətin də pis əməllər sahibi kimi tanıdığı və hazırda həbsdə olan MMC sahibi Mərhəmət Bəşirov, “Xalq Bank” ASC-nin rəhbər şəxsləri ilə saxta biznes əlaqələrinə girərək, bu mərkəzdən özlərinə obyekt və ofislər alan həmin iş adamlarının başlarına istədikləri oyunları açmaqdan çəkinmirlər. Mərhəmət Bəşirovun “Xalq Bank”a külli miqdarda kredit borcu olduğu üçün, bank, artıq, bunun qarşılığında həmin sahibkarların dəyərləri milyonlarla ölçülən həmin halal mülklərinə əl qoymaqdan belə çəkinmir. Elə, aksiya iştirakçıları da, deyilənlər barədə jurnalistlərə açıqlama verdilər. Bildirdilər ki, artıq, əzab-əziyyətlə topladıqları külli miqdarda pulları müqabilində aldıqları obyektləri əllərindən çıxmaq təhlükəsi ilə üz-üzədir: “İndi biznesimizi davam etdirməyə də imkan verilmir. “Xalq Bank”, biznes mərkəzinin girişinə qanunsuz olaraq, “Cəsur” mühafizə qurumundan mühafizəçilər də yerləşdirib və onlar tərəfindən öz halal obyektlərimizə daxil olmağımıza belə qanunsuz qadağalar qoyub. Bir sözlə, obyektlərimiz ticarət mərkəzinin içində yerləşdiyindən, fəaliyyətimiz zorla dayandırılıb.
Ölkənin uğuru onun biznesinin inkişafından daha çox asılı olduğu üçün, bu məqsədlə ortaya qoyulan dövlət siyasətinə, prezidentin siyasi iradəsinə hörmət və ehtiram göstərilməli, dövlət qurumları inkişafa maneçilik törətməməli, əksinə, buna daha yaxından kömək edib, şərait və imkan yaratmalıdırlar. Lakin Azərbaycan dövlətinin rəhbərinə məxsus ciddi ittiham xarakterli bu göstərişlərdən hələ də çəkinməyərək, “Xalq Bank” birbaşa ölkə biznesinin inkişafına əngəl olur. Bu bankla Mərhəmət Bəşirovun aralarında nə olubsa, özləri bilməli, problemlərini özləri həll etməlidirlər. Çünki sahibkarın əmlakını ağına-bozuna baxmadan zəbt etməyə heç bir Azərbaycan qanunu yol vermir. Bir sözlə, vətəndaşın əmlakı kiminsə etdiyi cinayətə görə, mənimsənilə bilməz”, — ticarət mərkəzi önündə baş tutan aksiyada onun təşkilatçısı olan zərərçəkənlər öz çıxışlarında əsasən bu önəmli məqamları jurnalistlərin diqqətinə daha çox çatdırmaq istədilər.
Günorta saatlarında baş tutan bu tədbirdə biznes mərkəzinin qapısını bağlayıb, obyekt sahiblərini içəri buraxmamaları, bank rəhbərliyinin “Cəsur” Mühafizə Xidməti əməkdaşlarının əliylə həyata keçirdiyi qanunsuz hərəkətnin daha bir sübutuna çevrildi. Aksiya iştirakçıları bu zaman onu xüsusi vurğuladılar ki, indiyədək, biznes mərkəzinin daxilindəki obyektlərin sahibləri ilə, mühafizə xidməti əməkdaşları arasında dəfələrlə qarşıdurma baş verib: “Mühafizə, 2008-2009-cu illərdə böyük həcmdə vəsait ödəməklə, buradan əmlak aldığımıza baxmayaraq, bizim obyektlərimizə görməyimizə maneçilik törədir. Hətta üstümüzə hücum edərək, bizi zor-gücünə çölə çıxarıblar. Bu davada, xidmətin əməkdaşları, hətta qadın obyekt sahiblərinə qarşı zor tətbiq etməkdən belə çəkinməyiblər. Nəticədə, ciddi bədən xəsarətləri alanlarımız olub. Özümüzə qarşı bu sayğısızlığı görub, ölkə rəhbərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışıq. Lakin bu zaman daha çox əziyyət çəkənlərin şikayətlərinin belə əhəmiyyəti olmayıb və indiyədək etirazlarımıza məhəl qoyan tapılmayıb.
Fırlldaq nəticəsində haqqımızın pozulmasına, əmlaklarımızın qanunsuz ələ keçirilməsinə bank rəhbərliyinin imkan verməməsinin qarşısını alması, bu ciddi məsələnin vicdan çərçivəsində həllini tapmasını təcili nəzarətə götürməsi üçün, bir daha dövlət rəhbərinə səslənirik. Əminik ki, prezident bu işdə bizim tərəfimizdə olacaq. Çünki “Mars-M” firmasının sahibi 2009-cu ildən başlayaraq, yəni, hələ “Yasmin”i inşa edib, binasını hazır etmədən öncə bizə qeyri-yaşayış sahələri satıb. Orta hesabla aldığımız hər bir obyektin qiyməti 100 — 600 mın manat arasında olub. 2010-cu ilin sonunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti binanı qeydiyyata alıb və bizə bu barədə məlumat verilməyib. Adətən həmin xidmət qurumu belə binaları könüllü olaraq qabaqcadan qeydiyyata almır, yalnız məhkəmə qərarı əsasında bunu edir. Görünən odur ki, lap əvvəldən bu fırıldağın arxasında çox güclü məmurlar dayanıb.
2013-cü ilin oktyabrından 2014-cü ilin mayınadək bizə xəbər verilmədən “Mars-M” binanı, — bizə satılmış obyektlərlə bərabər, — girov qoyaraq, “Xalq Bank”dan 14 milyon manat kredit götürüb. Kreditin təyinatı binanın tikintisi və təmiri üzrə olsa da, kredit üzrə ödənişdə dərhal problem yaranıb. Buna baxmayaraq, 2015-ci ilin iyulunda (ilk devalvasiyadan sonra) “Xalq Bank”, guya, “Mars-M”-ə 17 milyon dollar məbləğində yeni kredit verib. Kreditin məqsədi əvvəlki kreditin bağlanması, habelə yenə də binanın tikintisi və təmiri üçün olub. Guya, “Xalq Bank” bunu özünü növbəti devalvasiyadan qorumaq üçün edib. Bankın müvafiq filialı kreditin verilməsinə etiraz etsə də, Müşahidə Şurası kreditin verilməsində israrlı olub. “Mars-M” isə, yenə də krediti ödəməsini davam etdirib. Bank isə, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Birinci instansiya məhkəməsi 2016-cı ildə “Mars-M”-dən borcun (19,5 mln. dollar) tutulmasını, o cümlədən girov qoyulmuş “Yasmin”i tutuma yönəldilməsini qət edib. Yalnız bundan sonra bizlərdən iki nəfər bu fırıldaqdan xəbər tutub. 2017-ci ildə onların şikayəti həm Bakı Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən təmin olunub. Binanın girov müqaviləsi onlara satılmış obyektlər hissəsində etibarsız hesab edilib. Lakin Bank Konstitusiya Məhkəməsinə müraciət edib. Sonuncu 2018-ci ildə qərar verib ki, sahibkarların xeyrinə qərar verən məhkəmələr Daşınmaz Əmlakın Dövlət Reyestrinin mötəbərlik prezumpsiyasını, əmlak əldə edənin vicdanlılıq məsələsini nəzərə almayıb, buna görə də işə yenidən baxılmalıdır. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə isə, yalnız reyestrin mötəbərlik prezumpsiyasını rəhbər tutaraq, bankın xeyrinə qərar veriblər. Yəni, guya, bank reyestrə etimad edərək, binanı girov götürüb. Amma bu əsnada “Xalq Bank”ın vicdanlılıq məsələsinə qiymət verilməyib.
Əslində, “XalqBank” ticarət mərkəzini girov götürərkən vicdanlı olmayıb — ən azı ona görə ki, binanın obyektlərinin satıldığını bilməyib. Çünki bank onu yaxşı bilir ki, Azərbaycanda heç bir bina tikintisinin əsas hissəsi şirkətinin öz vəsaiti hesabına həyata keçirilmir. Tikinti başlayan kimi binanın hissələri (yaşayış və qeyri-yaşayış sahələri) satılır, tikinti əldə edilən vəsait hesabına davam etdirilir və yekunlaşdırılır. Bunu, hətta hamı bilir. Banka gəldikdə isə, o, “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən, “Mars-M”-in maliyyə hesabatları əsasında asanlıqla müəyyən edə bilərdi ki, “Yasmin” borc alanın öz hesabına inşa edilmir. Bank bunu etməyibsə, vicdanlı deyil, edibsə, deməli, ümumiyyətlə, cinayət əməlində iştirakçıdır.
Digər tərəfdən, “XalqBank” “Yasmin”i girov götürərkən, orada alınmış obyektlərin xeyli hissəsi artıq təmir olunmuş, bəzilərində isə, vergi kodu alınaraq, sahibkarlıq fəaliyyəti həyata keçirilməyə başlamışdı. “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən, bank girov götürdüyü obyektə baxış keçirməli idi. Keçirsəydi, obyektlərin satıldığını müəyyən edə bilərdi. Bank bunu da etməyibsə, bir daha vicdanlı olmadığını ortaya qoymuş olub və bunu bilə-bilə edərək, deməli, ümumiyyətlə, cinayət əməlində iştirakçı olduğuna imza atıb.
Ümumiyyətlə, kreditin verilməsi çox şübhəli şəraitdə həyata keçirilib və “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələbləri dəfələrlə pozulub. Belə ki, Bank krediti filialının mənfi qərarına zidd olaraq verib. Filial “Mars-M”-in problemli və zərərlə işləyən borc alan hesab etdiyi üçün, kreditin əleyhinə olub. Əlimizdə bu barədə rəsmi protokol var. “Mars-M” əvvəlki krediti ödəməsə də, ona yeni kredit verilib — özü də, açıq-aşkar bankın devalvasiya risklərini ötürmək məqsədilə. Bu zaman kreditin təyinatı da dəyişməz qalıb: Binanın tikintisi və təmiri. Yəni açıq-aşkar saxta və formal təyinat. Əksinə, həmin dövrdə bu işlər artıq bitmək üzrə idi. Bankın qəsdən ödəniş qabiliyyəti olmayan borc alana kredit verməsi o deməkdir ki, o, tamamilə girov predmetinə tutmaya arxalanıb. Halbuki, “Banklarda kreditlərin verilməsi Qaydaları”na görə, təminat kreditin qaytarılmasının yeganı mənbəyi ola bilməzdi.
Nəhayət, “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən belə iri kredit üzrə girov azı iki kənar qiymətləndirici tərəfindən dəyərləndirilməli və yoxlanılmalı idi. Amma yalnız bir qiymətləndirici rəy verilib. Belə olduğu halda, bankın vicdanlı olmasını necə iddia etmək olardı?! Üstəlik, bank həmin Qaydalarla tələb olunan bir sıra sənədi “Mars-M”-dən götürməyib: biznes-plan, tikinti sənədləri, borc alanın qiymətləndirilməsi hesabatı və s. və i.a. Bu yerdə, qanunvericiliyə riayət etmədən kredit vermiş bank vicdanlı hesab oluna bilməz.
Bütün bunlara baxmayaraq, bank iddia edir ki, nəinki vicdanlıdır, hətta, guya, “Mars-M”-in sahibi və rəhbəri Mərhəmət Bəşirov tərəfindən alçaldılib. Bu ittihamın da irəli sürülməsi məqamı bankın rəhbərliyinə dair şübhələri artırır. Bank yalnız Konstitusiya Məhkəməsinin 2018-ci il tarixli qərarından sonra, Baş prokurorluğa Mərhəmət Bəşirov barədə şikayət edib. Həmin vaxtadək bank, artıq, 2 il idi və bilirdi ki, sahibkarlar obyektlərin onlara daha əvvəl satıldığını iddia edirlər. Amma, nədənsə, bank, sanki Bəşirovu himayə edərək, şikayət etmirdi. Yalnız başa düşəndən sonra ki, biz haqqımızı tələb edəcəyik, bank Mərhəmət Bəşirovu qurban verdi. Amma tam da qurban vermədi və bu işdə prokurorluq da banka kömək əli uzatdı. Belə ki, Mərhəmət Bəşirova qarşı, əvvəlcə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq, maksimal cəza – 10 il müddətinə azadlıqdan məhrumetmə) ilə cinayət işi açıldı. Halbuki, bizlərə, birgə olaraq, milyonlarla ölçülən zərər dəyişmişdi. Deməli, Mərhəmət Bəşirova qarşı 178.4-cü maddə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq, maksimal cəza – 14 il müddətinə azadlıqdan məhrumetmə) ilə iş açılmalı idi. Bunu başa düşəndən sonra, prokurorluq, ümumiyyətlə, dələduzluq ittihamından imtina etdi və onu qanunsuz kredit almaqda (Cinayət Məcəlləsinin 195.2-ci maddəsi, maksimal cəza – 5 il müddətinə azadlıqdan məhrumetmə) ittiham etdi. Guya, Mərhəmət Bəşirov girovun hissələrini satdığı haqda banka məlumat verməyib və nəticədə, bank yox, biz sahibkarlar zərərə məruz qalmışıq. Maraqlı məntiqdir: Aldadılan, guya, bankdır, zərər çəkən isə, biz!
Hazırda Yasamal Rayon Məhkəməsində də Bəşirova qarşı bu ittiham üzrə cinayət prosesi gedir. Nədir bu “humanistliyin” səbəbi?! Açıq-aşkardır ki, cinayətkar qrup öz üzvünü himayə edir, ona yardım edir. Məhz buna görə də, cinayət prosesində heç bir vəsatətimiz təmin edilmir. Kredit dosyesi, bankın daxili kredit qaydaları təqdim edilmir, kredit haqda qərar vermiş “Xalq Bank”ın vəzifəli şəxsləri dindirilmir və s. Açıq-aşkar qurama bir məhkəmə işi gedir.
Bu yanaşmanın məqsədi də aydındır. Əgər Mərhəmət Bəşirov 195.2-ci maddə ilə cəza alsa, deməli, bankı aldadıb (guya Bank özü qanunsuz kredit verməyib, Bəşirov ondan qanunsuz kredit alıb). Aldadılan bu bank isə, vicdanlı hesab olunacaq. Deməli, biz də pulumuzu bankdan deyil, adına heç bir rəsmi əmlak olmayan Bəşirovdan tələb etməliyik. Eyni zamanda, Bəşirova da çox yüngül cəza veriləcək. Beləliklə, yekunda itirən biz sahibkarlar olacağıq. “Xalq Bank”, artıq, “Yasmin”i zəbt edib, bizi ora buraxmır və 2 dekabrda hərrac vasitəsilə “Yasmin”i tam ələ keçirməyə hazırlaşır”.
Bütün bunlar aksiya iştirakçılarının mətbuat nümayəndələrinə açıqlamalarının qısa xülasəsi idi. Sonda onu da qeyd etmək istərdik ki, iş adamları bu aksiyada bir daha ölkə başçısına müraciət edib, törədilən bu cinayət əməlinin yalnız onlara qarşı deyil, həm də dövlətimizə, xalqımıza, üstəlik, prezidentimizə qarşı olduğunu xüsusi vurğuladılar. Bildirdilər ki, bütün bunlar daha bir cinayətkar qrupun ölkədə haqq-ədalətin, sağlam biznes mühitinin, sahibkarlığa dəstəyin… əleyhinə hesablanan qatı cinayət əməlidir. Və həlli olduqca çətin bu problemin aradan qaldırılması, ölkə başçısının yaxından köməyi sayəsində, vicdan və ədalət çərçivəsində təcili həll olunmasa, daha bir cinayətkar şəbəkənin istəyi tam reallaşacaq: “Möhtərəm Prezident! Məhz buna görə, Sizdən xahiş edirik ki, bu məsələni nəzarətinizə götürüb, haqq-ədalətin bərpa olunmasında bizə kömək əlinizi uzadasınız! Çünki bank bu ticarət mərkəzini, məhkəmələr gedə-gedə hərraca çıxarmaqla, biz sahibkarlara hərtərəfli ciddi zərbələr vurur. Bu qanunsuzluqların qarşısını almaq üçün, Böyük Allahdan sonra, ümid yerimiz yalnız Sizsiniz!”.
Məhi ELSEVƏR,
araz.az saytının xüsusi müxbiri.
araz.az xəbər portalı.