Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir. Mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları büdcəyə plandan əlavə 934 milyon manat vəsait daxil etmişlər. Bunun da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirildi, yeni rəhbərlər təyin edildi. Beləliklə, nəticə də göz qabağındadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Hacıqabul rayonuna və Naftalan şəhərinə yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən deyib.
Struktur islahatları ilə bərabər, kadr islahatlarının da aparıldığını vurğulayan dövlətimizin başçısı cəmiyyətin bu islahatları yüksək qiymətləndirdiyini qeyd edib. “Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturları təsdiq edildi, Milli Məclis yenidən formalaşacaq. Bütün bunların bir məqsədi var: ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər. Ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab verməlidir”, – deyə Prezident bildirib.
araz.az xəbər portalı.